Əsas Səhifə > Güney Press > “İlin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı yox səviyyəsindədir, amma...”

“İlin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı yox səviyyəsindədir, amma...”


Bu gün, 12:47

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün böyük səy və enerji ortaya qoysa da, hələ də İrəvan ölkəmizin sülh səylərini əməli şəkildə dəstəkləmiş deyil.

Maraqlıdır, cari ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi? Bu ehtimal nə dərəcədə böyükdür?

Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov, indiki şəraitdə bu ehtimalın olduqca zəif olduğunu bildirib:

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmasının qarşısında mane rolu oynayan Ermənistan konstitusiyasıdır. Sülh müqaviləsi şərtlərinin razılaşdırıldığı xəbərlərini hər iki tərəf təsdiq edib, hətta müqavilənin mətninin belə hazır olduğu da deyilir. Qalır imzaların atılması. Amma Azərbaycan haqlı olaraq sülh müqaviləsi imzalamaq xatirinə müqavilə imzalamaq istəmir. Konstitusiyada Azərbaycan əleyhinə torpaq iddiaları ola-ola sülhdən danışmaq yersizdir. Eyni zamanda, konstitusiya zidd olduğu bilinən hər hansı sənədin gələcəkdə hüquqi əsasının olmadığını iddia edilməsi və müqavilənin ləğvi yeni qarşıdurma deməkdir. Odur ki, Ermənistan mütləq öz konstitusiyasına bu maneələri aradan götürən dəyişiklik etməlidir.

Görünən odur ki, bu dəyişiklik üçün Ermənistan tərəfi hələ gələn il planlar qurulur. Yəni gələn il Ermənistanda konstitusiya dəyişikliyinə gedilməsi üçün referendum keçiriləcək. Hələ bu o demək deyildir ki, məqbul nəticə alınacaq. Erməni toplumu bu dəyişikliyə səs verəcəkmi? Hesab edirəm ki, Azərbaycan referendumun nəticəsinə görə hərəkət edəcək. Bu baxımdan hələlik ilin sonuna kimi sülh müqaviləsi imzalanması ehtimalları yox səviyyəsindədir. Geosiyasi durumun hansı dəyişikliklər gətirməsi ehtimalları da nəzərə alınmalıdır”.


Geri qayıt