Əsas Səhifə > Güney Press / Partiya > Xankəndidə Pezeşkianla görüş açıq mesajdır
Xankəndidə Pezeşkianla görüş açıq mesajdırBu gün, 09:45 |
İran Prezidenti Məsud Pezeşkianın Xankəndiyə səfəri və dövlət başçısı İlham Əliyevlə səmimi görüşündən yayılan görüntülərdən sonra İranın bəzi media orqanları tənqidi materiallar dərc ediblər. Onlar Azərbaycan Respublikasının İsraillə əməkdaşlığı barədə köhnə absurd iddiaları təkrarlayaraq, Pezeşkianın Azərbaycan lideri ilə səmimi münasibətini qınayıblar. İranın əmək nazirinin müavini Rza Kəhuli isə deyib ki, İran Prezidenti Məsud Pezeşkianın Xankəndidə səmimi münasibətinə qəzəblənmək doğru deyil. Onun sözlərinə görə, milli təhlükəsizlik qəzəblə əldə edilməz: "Onun təmin olunması üçün fəal və ağıllı diplomatiya lazımdır".
Siyasi şərhçi Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Xankəndi Zirvəsi təkcə iqlim məsələləri və iqtisadi əməkdaşlıq baxımından deyil, Azərbaycan və Türkiyənin birgə səyləri ilə Cənubi Qafqazın yeni geosiyasi konfiqurasiyanın formalaşdırılması baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Ekspertin sözlərinə görə, bu cür görüş və təmaslar Azərbaycanın suverenliyinin tam bərpa edilməsi faktının beynəlxalq müstəvidə qəbul olunması baxımından olduqca önəmlidir:
"Məsud Pezeşkianın Xankəndiyə səfəri və onun Prezident İlham Əliyev tərəfindən xüsusi hörmət və səmimiyyətlə qarşılanması Xankəndi Zirvəsinin ən önəmli məqamlarından biri idi. Bu, İran-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasına rəvac verə bilər. Prezident İlham Əliyev fars-molla rejiminin uzun illər ərzində Azərbaycana qarşı yürütdüyü toksik siyasətin ilk növbədə İranın özü üçün zərərli olduğunu mollalara başa salmaq istəyir. Bu baxımdan, Xankəndi Zirvəsində İlham Əliyevin Pezeşkianla səmimi görüşü molla rejiminə açıq mesajdır. Zirvə görüşü onu göstərdi ki, İran-Azərbaycan münasibətləri həqiqətən də normal məcrada inkişaf edə bilər. Bunun üçün sadəcə sağlam siyasət və ağıllı diplomatiya tələb olunur. Ümid edək ki, rəsmi Tehran da tezliklə məhz bu yolu tutacaq".
Geri qayıt |