Əsas Səhifə > Güney Press > Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək

Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək


Bu gün, 10:57

"Azərbaycan və Rusiya problemin öhdəsindən gələcək anlayış səviyyəsinə malik ölkələrdir". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. Türkiyə lideri bildirib ki, hər iki dost ölkə problemin öhdəsindən gələcək anlayış səviyyəsinə malikdir: "Prezident İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır. O, bu məsələnin ardınca getməyin və bunun qızışdırılmasının tərəfdarı deyil". Ərdoğan baş verənləri yaxından izlədiklərini və hər iki ölkəni mülayim olmağa çağırdıqlarını da əlavə edib:
"Diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanırıq. Ümid edirəm ki, iki ölkə arasındakı neqativ hallar ən qısa zamanda sona çatacaq". Eyni zamanda Ərdoğan vurğulayıb ki, Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır. Türkiyə Prezidenti qeyd edib ki, bu, həmişə belə olub və bundan sonra da belə olacaq.
 
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, Türkiyə lideri
Azərbaycan-Türkiyə qardaşlığının müstəsna dərinliyə sahib olduğunu xüsusi qeyd etdi. Alimin sözlərinə görə, Ərdoğanın "biz Azərbaycanın yanında olmağa davam edəcəyik" ifadəsi, Xankəndidən verilən mesajlar, vaxtı ilə separatçıların yuvası olmuş binanın önündə üç dövlət başçısının - Azərbaycan, Türkiyə və Pakistan birgə görüntüsü dünyaya çox önəmli mesaj idi:
"Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının nə qədər mühüm olduğunu göstərir. Azərbaycanın müstəqilliyi, milli maraqları, güclü dövlətçiliyi, Cənubi Qafqazın güc mərkəzi olması, lokomotiv gücü olması Türkiyənin də marağındadır. Türkiyə heç vaxt Azərbaycana hansısa xarici qüvvənin müdaxiləsinə, haqsızlığa imkan verməz. 44 günlük Vətən müharibəsi və ondan sonrakı dönəmdə Türkiyə dövlətini və millətini təmsil edən Türkiyə Böyük Millət Məclisinin sədri "Azərbaycana qarşı hansısa kənar müdaxilə olacağı təqdirdə Qarabağa ordu göndərməkdən çəkinməyəcəyini" demişdi. Türkiyə hər zaman Azərbaycanın yanında durub. Eyniylə Azərbaycan da daim çətin dövrlərdə qardaş Türkiyənin yanında yer alıb".
 
T.Nüsrətoğlu diqqətə çatdırıb ki, Rusiya ilə münasibətlər məsələsi çox həssasdır:
"Bu, çox dərin hesablamalar tələb edən, ümumiyyətlə regional və qlobal sistemin, yeni dünya nizamının quruluşunun bütün təfərrüatı ilə dərk edilməsini tələb edən bir prosesdir. Azərbaycan milli maraqlarını əsas götürərək siyasət yürüdür. Xarici siyasətində hansısa geosiyasi qütbün tərəfi olmadan hər ölkə ilə əməkdaşlıq edir. O cümlədən də Rusiya ilə münasibətlərdə də bu modeli ortaya qoymuşuq, öz maraqlarımızı ön plana çıxarmışıq. Azərbaycan öz milli duruşundan, milli müstəqilliyindən, siyasi iradəsindən güzəştə getmədən və eyni zamanda real güc zəminini də doğru dəyərləndirən bir dövlətdir. Rusiyada azərbaycanlılara qarşı haqsızlıq edilir. Azərbaycan dövləti də harada olmasından asılı olmayaraq dünyanın istənilən nöqtəsindəki soydaşımızın hüquqlarını sonadək müdafiə edəcək. Hər dövlət, ilk növbədə Rusiya qəbul etməlidir ki, Azərbaycanla heç bir güc müstəmləkə dilində danışa bilməz. Azərbaycan, Türkiyə və türk dünyası yeni dünyanın güc mərkəzlərindən biri olmağa doğru əmin addımlarla irəliləyir. Xankəndidəki Zirvə görüşü də bunun bariz isbatı idi".

Geri qayıt