Əsas Səhifə > Güney Press > Paytaxtın mənzil bazarındakı qiymətlər payızdakı artıma hazırlaşır
Paytaxtın mənzil bazarındakı qiymətlər payızdakı artıma hazırlaşırBu gün, 09:50 |
Ölkənin, xüsusilə paytaxtın mənzil bazarındakı qiymətlər əl yandırır. Zamanla ev sahibi olmaq arzusu daha əlçatmaz görünür. Təkcə son 10 ildə artım 2-2,5 dəfə olub. Qiymətlərin artması ilin əvvəlindən də müşahidə edilir. Bakının mərkəzindəki bir sıra mənzillərdə 8-10 min manat bahalaşma gözə dəyir. Bunu bazara qısa müddətdə təkrar çıxan mənzillərin dəyərinə diqqət yetirəndə bilmək mümkündür. Mərkəzdə ikiotaqlı məznillərin qiyməti nadir hallarda 200 min manatdan ucuz olur.Bizimyol.info xəbər verir ki, xüsusilə paytaxtın mənzil bazarına təsir göstərən bir neçə vacib amil var. Hər şeydən əvvəl Bakının müxtəlif yerlərində söküntü işlərinin aparılmasını nəzərə almaq lazımdır. İşlər nəinki səngiməyib, əksinə daha da sürətlənib. Söküntü işləri bazarda yeni alıcıların, bəzi hallarda isə oyunçuların peyda olmasına şərait yaradır. Əslində, böyük mənada durğunluqdur. Amma müxtəlif ərazilərdəki işlər fəallığı ciddi şəkildə artırır. Əmlak bazarı üzrə ekspertlər hətta artımın hər ay olduğunu iddia edirlər. Ramil Osmanlı yazılarında, açıqlamalarında ən azı 1 faizlik artımdan söz açır. Yəni hər il azı 12-15 faiz bahalaşma gözləniləndir. Ekspertlər payızda mənzil bazarında yenə qiymət artımı olacağını proqnozlaşdırırlar. Çünki ipoteka kreditlərinin növbəti dalğası gözlənilir. Hər dəfə bu amil də özünü göstərir. Kreditlər söküntü işlərindən daha çox oyunçu “istehsal edir”. Belə fikir formalaşıb ki, mənzili əldə edərək kirayəyə verməklə ümumi xərci çıxarmaq olar. İllərdir bu təcrübədən istifadə olunur. Dövlət qurumlarında işləyənlər məharətlə ideyanı həyata keçirirlər. Payızda söküntü işlərinin sürətlənməsi və kredit dalğası özünü göstərəcək. Çox asanlıqla qiymət artımını proqnozlaşdırmaq olar. Bu iddia kirayə mənzillərə də aiddir. Çünki qabaqdan yeni tədris mövsümü gəlir. İndidən artım hiss olunur. Payızda vəziyyətin necə istiqamət alacağını təsəvvür etmək də olmur. Bahalaşma qaçılmazdır. Geri qayıt |