
İyulun 7-də Siyəzən rayonu ərazisindəki "Beşbarmaq dağı"nda 36 yaşlı paraşütçü Nuranə Məcidovanın həyatını itirməsi ekstremal idman növləri ilə məşğul olan şəxslərin təhlükəsizliyi məsələsini gündəmə gətirib. Hadisə yüksək dağ massivində, küləkli hava şəraitində baş verib. Bu isə bir sıra ciddi suallar doğurur:
Paraşütçülərin dağ massivində küləkli havada uçuş aparmasına hansı qurum icazə verib və buna dair müqavilə varmı?
Hava şəraiti barədə xəbərdarlıq edilibmi? Riskli hava proqnozları yalnız dənizdəki neftçilərəmi tətbiq olunur, yoxsa paraşütçülərə də şamil olunur?
Araşdırmamıza Siyəzən Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin müdiri Elvin Kərimovla başladıq. O, bildirdi ki, qəza “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində baş verib. Onun sözlərinə görə, yeni yaradılan qoruğun hər hansı rəsmi işçisini tanımırlar. Çünki qoruğun tam fəaliyyətə başlaması üçün işlər hələlik başa çatdırılmayıb.
Yəni qoruq hələ tam fəaliyyətə başlamadığından, orada fəaliyyət göstərən rəsmi işçilər və ya nəzarət strukturu yoxdur.
Bu səbəbdən suallarımızı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Rufik İsmayılova ünvanladıq. Suallarımız isə aşağıdakı kimidir:
“Beşbarmaq dağı” Dövlət Qoruğu ərazisində paraşütlə tullanma fəaliyyəti göstərən hansı klubdur?
Paraşütçülərə tullanışdan əvvəl hava şəraiti barədə xəbərdarlıq olunurmu?
Bu uçuşlara kim icazə və zəmanət verir?
İstənilən şəxsin bu ərazidə paraşütlə tullanmasına icazə verilir?
Rufik İsmayılov əvvəlcə sorğumuza cavab veriləcəyini bildirsə də, sonradan “üzrlü sayın, bu dəfə açıqlama olmayacaq” mesajı ilə suallarımıza cavab verməkdən imtina etdi.
Bu isə haqlı olaraq sual doğurur: İnsan ölümü ilə nəticələnmiş paraşüt qəzasına məsul olan Qoruqları İdarəetmə Mərkəzi niyə açıqlama verməkdən imtina edir?
Qeyd edək ki, son zamanlar həm “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, həm də “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu ərazilərində paraşüt idmanı ilə məşğul olanların sayı artıb.
Görünən odur ki, bu insanların da mərhum Nuranə kimi təhlükəsizliyi sual altındadır.
Xatırladaq ki, 36 yaşlı Nuranə Məcidova Siyəzəndə “Beşbarmaq” dağında paraşütlə uçarkən qayaya çırpılaraq faciəli şəkildə ölüb.
Hüquq-mühafizə orqanlarının ilkin versiyasına görə, Nuranə Məcidova tullanış zamanı küləyin istiqamətini düzgün tənzimləyə bilmədiyindən qəza baş verib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.
Geri qayıt
|