Əsas Səhifə > Güney Press > Amerikasayağı demokratiya:
Amerikasayağı demokratiya:Dünən, 10:58 |
ABŞ prezidenti Donald Trampın administrasiyası İordan çayının qərb sahilində və Qəzzada insan haqları pozuntularını araşdıran BMT-nin müstəqil eksperti Françeska Albaneseyə qarşı sanksiyalar elan edib. Publika.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. “Bu, İsrailin Qəzzada 21-ci ayına qədəm qoyan hərbi kampaniyasını tənqid edənləri cəzalandırmaq üçün ABŞ-ın son cəhdi idi”, - məlumatda deyilir. Dövlət Departamentinin bu addımı Vaşinqtonun beynəlxalq ictimaiyyəti Albaneseni tutduğu vəzifədən uzaqlaşdırmağa inandırmaq cəhdindən sonra atılıb. Sanksiyalar İsrailin baş naziri Benyamin Netanyahunun Tramp və digər yüksək səviyyəli rəsmilərlə Qəzzadakı vəziyyət və digər məsələlərlə bağlı danışıqlar aparmaq üçün Vaşinqtona səfəri zamanı elan edilib. Sanksiyaların praktiki nəticələri hələlik bəlli deyil – Albanesenin ABŞ-a diplomatik sənədlərlə gedə bilib-bilməyəcəyi məlum deyil. İtaliyalı hüquqşünas və insan haqları müdafiəçisi Franceska Albanese İsraili Qəzzada fələstinlilərə qarşı soyqırımda ittiham edir. ABŞ bu həftə başa çatan yay sessiyası da daxil olmaqla, ilin əvvəlindən BMT-nin İnsan Haqları Şurasında iştirak etməyib, çünki Tramp administrasiyası bu ilin əvvəlində şuradan çıxıb. Albanese beynəlxalq ictimaiyyəti Qəzzaya qarşı kütləvi hücumları dayandırmaq üçün sanksiyalar da daxil olmaqla, İsrailə təzyiq göstərməyə çağırıb. O, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin müharibə cinayətləri ittihamı ilə Netanyahu da daxil olmaqla İsrail rəsmilərinin həbsinə dair orderləri dəstəkləyir. Albanesenin iyulun 1-də dərc olunmuş son hesabatında, İsrailin Qəzzaya qarşı işğalı və müharibəsinə yardım etdiyini söyləyən bir sıra böyük Qərb müdafiə şirkətləri və korporasiyalarının adı çəkilir. Sənəddə deyilir: "Qəzzada həyat xəritədən silindiyi və İordan çayının qərb sahili getdikcə artan zorakılığa məruz qaldığı bir vaxtda bu hesabat soyqırımın niyə davam etdiyini göstərir: çünki çoxları bundan pul qazanır". ABŞ dövlət katibi Marko Rubio, Albanesenin ABŞ və İsrailə qarşı "siyasi və iqtisadi müharibə kampaniyası"na daha dözülməyəcəyini söyləyib və Vaşinqtonun "özünümüdafiə hüququnda tərəfdaşlarına həmişə dəstək olacağına" vəd verib. Öz növbəsində “Human Rights Watch” təşkilatı ABŞ-ın qərarını tənqid edib. HRW Beynəlxalq Ədalət Proqramının direktoru Liz Evenson deyib: “Bu sanksiyalar BMT ekspertini öz işinə görə susdurmaq cəhdidir. O, BMT və ICC üzv dövlətlərini “ABŞ-ın dünyanın ən pis cinayətlərinə görə ədaləti əngəlləmək cəhdlərinə qətiyyətlə müqavimət göstərməyə” çağırıb. Tramp administrasiyası İsrailin Qəzzadakı hərəkətlərinə, o cümlədən Fələstin tərəfdarı olan Amerika universitet tələbələrinin və müəllim heyətinin həbsi və deportasiyasına qarşı tənqidləri yatırtmaq üçün bir neçə aydır kampaniya aparır. Qəzza rəsmilərinin məlumatına görə, İsrailin hücumları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 57 mindən çox fələstinli həlak olub. Albanese bu yaxınlarda sosial mediada yazıb: "Biz bu soyqırımı dayandırmalıyıq, onun bilavasitə məqsədi Fələstinin etnik təmizlənməsini başa çatdırmaq və bu məqsəd üçün hazırlanmış öldürmə maşınından faydalanmaqdır". Geri qayıt |