Əsas Səhifə > Güney Press > “Polisləri görüb qışqırmağa başladım”

“Polisləri görüb qışqırmağa başladım”


Dünən, 14:18

İmişlidə qız qaçıran 3 nəfər məhkəmə zalından azadlığa buraxılıb. Hadisənin təfərrüatlarından məlum olub ki, qaçırılan qız yolda polisləri görən zaman qışqırıb. Bu səbəbdən qız qaçırma planı baş tutmayıb. Polislər qızı ailəsinə təhvil verib.

Musavat.com xəbər verir ki, 50 yaşlı Vasif Məmmədov oğlunu evləndirmək istəyib.

Buna görə də oğlunun sevdiyi qızı qaçırmaq planı qurub. Bu məqsədlə tanışları İlkin və Elbrusdan kömək istəyib.

Vasif Məmmədovun qaçırmaq istədiyi qız öz qohumu olub.

Plana əsasən, Vasif qızın yaşadığı evə gələrək onu aldadaraq həyətə çağırıb. Sonra tanışı İlkinlə birlikdə zorla maşına mindirib. Qızı əvvəlcə Masallı rayonuna, İlkinin qayınanasının evinə aparıblar. İlkinin qayınanası qızın zorla qaçırıldığını bildiyi üçün buna razılıq verməyib və onları evindən qovub.

Bundan sonra onlar Bakıya üz tutublar. Salyanda yol polisi əməkdaşları sürücü qayda pozduğu üçün avtomobili saxlayıb. Bu zaman polisləri görən zərərçəkmiş qız qışqırmağa başlayıb. Məsələyə müdaxilə edən polis əməkdaşları qızı xilas ediblər.

Qız ailəsinə təhvil verilib, saxlanılan şəxslər məsuliyyətə cəlb edilib. Saxlanılan şəxslər əməllərindən peşman olduqlarını deyiblər.

Təqsirləndirilən İlkin və Elbrus dindirilən zaman bildiriblər ki, qızın zorla qaçırılacağından xəbərləri olmayıb. Onların sözlərinə görə, Vüsal onlara qızın könüllü şəkildə gələcəyini deyib.

Təqsirləndirilən Elbrusun ifadəsindən:

“Vasif dedi ki, qızı İlkinin qayınanasının kəndinə aparacağıq. Vasifə oğlumu təzə evləndirdiyimi, problem olacağını bildirdim. Vasif hər şeyi düzüb qoşduğunu və heç bir problem olmayacağını söylədi. Razı olmadım, lakin Vasif şəhid qardaşımın ruhuna and verdiyi üçün onunla razılaşdım. Qızı zorla maşına mindirəndə Vasifə dedim ki, bəs, qız razı idi? Maşını saxlamaq istədim, Vasif imkan vermədi”.

Digər təqsirləndirilən şəxs də Elbrusun ifadəsində oxşar ifadə verib.

Məhkəmədə zərərçəkmiş şəxs kimi dindirilən qız hadisənin necə baş verdiyini danışıb:

“Mənə dedi ki, bibim maşındadır. Həyətə çıxanda məni zorla maşına mindirəndə qışqırmağa başladım. Yolda polislər saxlayanda qışqırıb kömək istədim. Polislər yaxınlaşıb nə baş verdiyini soruşanda başıma gələnləri danışdım”.

Məhkəmə araşdırması zamanı məlum olub ki, zərərçəkmiş tərəf qohum olduqları üçün Vasifi və onun tanışlarını bağışlayıb.

Hökmə əsasən, həbsdə olan hər üç şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onlar bu müddət ərzində elektron qolbaqla gəzmək şərti ilə məhkəmə zalından azadlığa buraxılıblar.


Geri qayıt