Əsas Səhifə > Güney Press > Mavritaniya, Zimbabve, Toqo və Nigerə həsəd aparan "milli" komanda:

Mavritaniya, Zimbabve, Toqo və Nigerə həsəd aparan "milli" komanda:


Bu gün, 11:26

FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Xoş xəbər gözləməyə dəyməz. Çünki bizim komanda son qarşılaşmalarda lap inamsız görünür. Macarıstana uduzmuşduq, ardınca Latviya ilə heç-heçə oynamışdıq. Buna görə də cədvəldə üç pillə geriləməyə təəccüblənmək lazım deyil.

Bizimyol.info xəbər verir ki, Azərbaycan milli komandası ümumi cədvəldə 122-ci yerdə qərarlaşıb. İndi biz Mavritaniyadan, Zimbabvedən 6 pillə geridəyik. Toqo və Niger də bizdən irəlidədir.

Portuqaliyalı mütəxəssis Fernandu Santuş milli komandaya keçən ilin iyunundan rəhbərlik edir. Bu müddətdə keçirilən 10 oyundan 8-də uduzmuşuq. Latviyadan başqa yalnız Estoniya ilə heç-heçəmiz var. 4 qol vurduğumuz halda qapıdan 24 top buraxmışıq. Statistikanın hansı tərəfinə baxsaq, böyük fiasko yaşanıb.

Əlbəttə, milli komanda tarixinin ən pis dövrünü keçirmir. Ən azı FİFA-nın reytinq cədvəlində daha aşağı pillələrdə görünmüşük. Məsələn, 2015-ci ilin martında 139-cu mövqeyə düşmüşdük. Halbuki bundan 7 ay əvvəl 73-cü yerdə idik.

İş orasındadır ki, xüsusilə son 10 ildə ölkə futboluna böyük pullar ayrılıb. Dövlət proqramı həyata keçirilib. Lakin son 10 ilin ən bərbad vəziyyətinə düşmüşük. O qədər vəsait xərclənməsi fonunda 122-ci pilləyə enəcəkdiksə, onda niyə özümüzü xərcə salırdıq?!

Ümumiyyətlə, bütün milli komandalarda işlər pis gedir. Ölkə futbolu yaman günlərini yaşayır. İlk baxışdan adama elə gəlir ki, hansısa konsepsiya var. Amma lap yaxından baxanda başıpozuqluq diqqət çəkir. Pullar havaya sovrulur, məğlubiyyətlər isə bir-birini əvəz edir.

Sovet dövründə Qırğızıstan heç vaxt güclülər dəstəsində təmsil oluna bilmirdi. İndi bu ölkənin milli komandası da bizdən xeyli irəlidədir. Lüksemburqdan heç danışmağa dəyməz. Cırtdan ölkənin komandası 92-ci pillədə qərarlaşıb. Bura həsəd aparacağımız nə qədər ölkə adı yazmaq olar. Həqiqətən utancverici vəziyyətdir.


Geri qayıt