Əsas Səhifə > Güney Press > “Atam öz əcəli ilə ölməyib, intihar edib”

“Atam öz əcəli ilə ölməyib, intihar edib”


Dünən, 16:42

2023-cü ilin dekabrında vəfat edən tanınmış virtouz sənətkar Məhərrəm Nəcəfzadənin ölümü ilə bağlı bəzi qaranlıq məqamlar ortaya çıxıb.

Mərhum musiqiçinin oğlu Nəriman Nəcəfzadə Axşam.az-a müraciət edərək atasının öz əcəli ilə ölmədiyini, yaşadıqları evin həyətində intihar etdiyini açıqlayıb.

Nəriman deyib ki, atasının belə bir addım atmasına səbəb dələduzluq nəticəsində külli miqdarda borca düşərək çarəsiz vəziyyətdə qalması olub: “Əlisahib Hüseynov, Elianora Əhmədova və digər şəxslər birləşərək müxtəlif yalan vədlər verməklə atamı borca saldılar. Bu adamlardan hüquq-mühafizə orqanlarına şikayət etmişik. Obyektiv araşdırma tələb edirik”.

Mərhum musiqiçinin oğlu iddia edib ki, adıçəkilən şəxslər bacısını da aldadaraq borca salıblar: “Qadın bacımı aldadıb ki, Gəncə Dövlət Universitetinin Gürcüstanda filialı açılacaq və sənə orada vəzifə verəcəyik. Bacım da borc alıb ona pul verir. Həmçinin Yasamal rayonunda atamdan bacıma qalma ev var idi. Həmin ev plana düşmüşdü. Elianora onu aldadır ki, 235 kvadratmetrlik evə 800 kvadratmetr yazdıracaq və söküntü zamanı 1 milyon manata qədər pul alacaq. Deyib ki, evi özümünkü kimi göstərməliyəm. Atam da ona inanıb, gedib qızıl götürdü, banka qoyub 143 min manat bir, 27 min manat bir verdi. Bilmədik ki, bütün bunları pulları mənimsəmək üçün ediblər. Bu cür yalanlarla atamı külli miqdarda borca salıblar. Bunlardan bezən atam 2023-cü ilin dekabrın 21-də səhər saatlarında yaşadığımız evin həyətində özünü asdı. Atam intihar edərkən cibindən məktublar çıxdı. Hər şeyi orda yazıb”.

O, bacısı Nərmin Əmirovanın hazırda həbsxanada olduğunu əlavə edib: “Həmin borclara görə bacım həbs edildi. Çünki insanlardan alıb onlara verdiyi pulları qaytara bilmədi”.

Vəkil Bəkir Həsənov məsələ ilə əlaqədar açıqlamasında deyib ki, hazırda proseslə bağlı məhkəmə işi gedir.

Qeyd edək ki, M.Nəcəfzadə 15 musiqi alətində mükəmməl ifa bacarığı ilə tanınıb. O, 2015-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışırdı. Musiqiçinin vəfatı ilə bağlı yayılan ilkin xəbərdə 57 yaşında qəfil dünyasını dəyişdiyi bildirilmişdi.



Geri qayıt