Əsas Səhifə > Güney Press > Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib?
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib?Dünən, 17:32 |
“Rusiyanın son həftələrdə Ukraynaya kütləvi hava zərbələri endirməsi onun müharibəni davam etdirmək imkanlarının tükənmək üzrə olması ilə bağlıdır”. Musavat.com xəbər verir ki, politoloq Şahin Cəfərli bu fikirdədir. Politoloqun sözlərinə görə, Rusiya Ukraynada apardığı müharibənin uzanmasının ona istər qlobal geosiyasətdə, istərsə də resurs baxımından çox ağır zərbələr vurduğunu şübhəsiz ki, görür və anlayır: “Kiyev başda olmaqla, Ukraynanın müxtəlif şəhərlərinə raket-dron zərbələrinin intensivləşdirilməsi, eləcə də yay hücumu çərçivəsində yeni cəbhələr açılması (Sumı və Zaporojye istiqamətləri) müharibəni mümkün qədər tez yekunlaşdırmaq planının tərkib hissəsidir. Məqsəd Ukraynanın iradəsini qırmaq (o cümlədən, xalqı canından bezdirib, savaşı bitirmək yönündə Zelenski hökumətinə təzyiq göstərməsinə nail olmaq) və sonda Kiyevi təslimçi sülh imzalamağa vadar etməkdir”. Şahin Cəfərli bildirib ki, planın icrası Moskvanın istədiyi kimi getmir: “Ötən həftələrdə Rusiya ordusu Sumı istiqamətində 7-12 km dərinliyə qədər irəliləyə bilsə də, Ukrayna ordusu onların qarsısını kəsə bilib və son günlər işğalçıları Rusiya sərhədinə doğru qovur. Diktatorun Sumı vilayəti ərazisində “bufer zonası” yaratmaq barədə tapşırığını ordu icra edə bilmədi. Bu tapşırığın icrası üçün cəlb edilmiş qüvvələrin özəyini Putinin çox yüksək qiymət verdiyi 155-ci əlahiddə dəniz piyadaları briqadası təşkil edir(di). Lakin Ukrayna ordusu iyulun 2-də dəqiq raket zərbəsi ilə bu briqadanın komandan heyətini sıradan çıxartdı. Bu zərbə nəticəsində Rusiya Hərbi Dəniz Donanmasının komandan müavini, general-mayor Mixail Qudkovun və köməkçisi, 2-ci dərəcəli kapitan Nəriman Şıxəliyevin öldürüldüyü barədə daha öncə məlumat vermişdik. İndi məlum olub ki, həmin zərbə nəticəsində 155-ci briqadanın komandiri, polkovnik Sergey İlyin, briqadanın qərargah rəisi, polkovnik Leonid Başkardin, qoşunların idarəetməsi və rabitə təminatı üzrə qərargah rəisi, 2-ci dərəcəli kapitan Aleksandr Şipunov də ölüb. Təcrübəli komandirlərdən məhrum qalmış briqadanın Ukrayna ordusu tərəfindən utilizasiyası davam edir”. Politoloq vurğulayıb ki, Rusiyanın Zaporojye istiqamətindəki əməliyyatı Ukrayna komandanlığını öz ehtiyatlarını müxtəlif istiqamətlərə səpələməyə məcbur etməyə yönəlmiş yayındırıcı hücum idi: “Burada da Ukrayna ordusu düşmənin komanda məntəqəsinə dəqiq raket zərbəsi endirib. Nəticədə 346-cı xüsusi təyinatlı əlahiddə briqadanın qərargah rəisi, Putinin “Rusiya qəhrəmanı” adını verdiyi mayor Aleksandr Volkov və daha 10 zabit öldürülüb. Ukraynanın raket hücumundan müdafiəsi üçün NATO ölkələri əlavə addımlar atmağa hazırlaşır. Hazırda yeni “Patriot” sistemlərinin (3 kompleks) Ukraynaya tədarükü üçün Avropa və ABŞ arasında danışıqlar gedir. “Reuters”in məlumatına görə, Donald Tramp gələn həftə ilk dəfə olaraq prezident səlahiyyətləri çərçivəsində Ukraynaya əvəzsiz hərbi yardım ayırmağa hazırlaşır. Bundan başqa, ABŞ maliyyə naziri Bessent bildirib ki, prezident Tramp Ukraynanın bərpası üzrə İnvestisiya Fonduna rəhbərliyi öz üzərinə götürüb. Bütün gövdəsi ilə Ukraynadakı girdaba daxil olmuş Rusiyanın digər qlobal və regional məsələlərə müdaxilə imkanlarının getdikcə məhdudlaşdığı göz önündədir. ABŞ, Britaniya və İsrail (anqlo-saksonlar və yəhudilər) müxtəlif regionlarda öz planlarını daha rahat icra etməyə başlayıb. Orta Şərqdə (Türkiyə də daxil) və Cənubi Qafqazda cərəyan edən proseslərin vahid mərkəzdən idarə olunduğunu söyləmək yəqin ki, yanlış olmaz”. Geri qayıt |