Əsas Səhifə > Güney Press > Dəfn müavinəti də hamıya veriləcək:

Dəfn müavinəti də hamıya veriləcək:


Bu gün, 17:08

Son vaxtlar aktual olan mövzulardan biri də dəfn müavinətinin ödənilməsi ilə bağlıdır.

Hazırda dəfn müavinəti 920 manatdır, amma vəfat edən şəxslərin hamısı üçün dəfn müavinəti verilmir. Bu isə vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Bu gün parlamentin növbədənkənar sessiyasının son iclasında çıxış edən Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev çıxışında dəfn müavinətinin verilməsi məsələsinə də toxunub:

“Dördüncü dəfə olacaq ki, dəfn müavinətinin verilməsi ilə bağlı məsələni seçicilərimin istəyi ilə qaldırıram. Bu müavinət işləyən və pensiya yaşına çatmış şəxslərə verilir. Elə olur ki, adamın pensiya yaşına çatmasına bir neçə ay qalıb və rəhmətə gedir, yaxınları isə bu puldan məhrum olurlar.

Bir neçə il öncə bu məsələni qaldıran zaman məlumat verilmişdi ki, haqlı məsələdir, əsaslı və müsbət yöndə həlli üçün addımlar atılır. Xahiş edirəm ki, məsələnin indiki durumu ilə bağlı məlumat verilsin və müsbət həlli yönündə proseslər sürətləndirilsin”.

Bu istiqamətdə hansı tədbirlər həyata keçirilir?

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev “Cebheinfo.az”-a bildirib ki, iki il bundan öncə vətəndaşın yaşından, statusundan, əmək qabiliyyətli olub-olmamasından asılı olmayaraq dəfn müavinətinin hər kəsə verilməsi ilə bağlı təklif verilib:

“Çünki hamı Azərbaycan vətəndaşıdır və dünyadan köçən hər bir vətəndaşın dəfn mərasiminin təşkili üçün dövlətimiz yardım etməlidir. Hər bir doğulan uşağa biz fərq qoymadan 600 manat müavinət veririrksə, ölümə görə də heç bir fərq qoymadan verək.

Biz bu təklifləri hökumətə vermişik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu məsələyə baxılıb. Məncə onların da rəyi müsbətdir. Yəqin ki, yaxın vaxtlarda hökumətin dəfn müavinətinin hər kəsə verilməsi ilə bağlı qərarı olar”.


Geri qayıt