Əsas Səhifə > Güney Press > Təmir-tikinti materialları bazarı “od tutub yanır”
Təmir-tikinti materialları bazarı “od tutub yanır”Bu gün, 17:25 |
“Keçən illərlə müqayisədə tikinti və təmir sahəsində ciddi qiymət fərqləri müşahidə olunur. Son zamanlar bazarda həm tikinti materiallarının, həm də usta-fəhlə qüvvəsinin xidmət haqlarında nəzərəçarpacaq artım var. Qiymət artımının əsas səbəblərindən biri inflyasiya ilə yanaşı, idxal olunan malların sayının artması, daşınma xərclərinin yüksəlməsi və daxili bazarda tələb-təklif balansının dəyişməsidir”. Bu haqda “Yeni Sabah”a danışan əmlak eksperti Anar Nəsirov mənzil təmirinin orta hesabla hansı qiymətə başa gəldiyini açıqlayıb: “Hazırda orta səviyyəli təmir üçün mənzilin hər kvadratmetrinə düşən xərc təxminən 400 manatdan başlayır və istifadə olunan materialların növünə, dizayna və usta işinin keyfiyyətinə görə bu məbləğ artmağa davam edir. Əgər daha qənaətcil materiallardan istifadə olunarsa, bu zaman qiymət 350 manata qədər enə bilər. Lakin belə halda təmirin keyfiyyəti və uzunömürlülüyü şübhə altına düşə bilər. Ucuz materiallarla aparılan təmir işləri ilk baxışdan qənaətli görünsə də, gələcəkdə əlavə xərclərə səbəb ola bilər. Sezar pizza Eyni zamanda, istifadə olunan materialların növü də qiymətə ciddi təsir edir. Məsələn, döşəməyə taxta vurulması ilə laminat döşəmənin çəkilməsi arasında həm material, həm də işçilik baxımından fərq yaranır. Taxta həm daha bahalı materialdır, həm də onu döşəmək üçün peşəkar ustaya ehtiyac var. Bu isə əlavə xərc deməkdir. Eləcə də divar kağızı ilə boya işləri arasında, tavanda gips kartonla düz tavan arasında qiymət fərqləri mövcuddur”. Ekspert bildirib ki, tikinti-təmir prosesində qiymət yalnız materialların və ustaların deyil, həm də görüləcək işlərin həcminə, çətinlik dərəcəsinə və sifarişçinin istəklərinə uyğun olaraq formalaşır: “Sadə, minimal dizayna malik bir təmir nisbətən daha ucuz başa gəlir. Amma hər hansı xüsusi dizayn, keyfiyyətli və brend materiallar tələb olunursa, bu zaman təmirin ümumi dəyəri xeyli yüksəlir. Bir sözlə, təmir xərcləri hər il dəyişkən olur və bu sahədə maliyyə planlaşdırması apararkən həm indiki qiymətləri, həm də bazarın dinamikasını nəzərə almaq vacibdir”. Geri qayıt |