Əsas Səhifə > Güney Press > Çimərliyə maşınla girənlərə sərt sözlər:

Çimərliyə maşınla girənlərə sərt sözlər:


Bu gün, 17:42

Sosial şəbəkələrdə yayılan son görüntülərdə Bilgəh çimərliyində vətəndaşların avtomobillərini birbaşa dənizə sürdüyü müşahidə olunur. Kadrlarda sahildə yox, suyun içində dayanan maşınlar açıq şəkildə görünür. İctimaiyyət bu mənzərəni ironiya ilə qarşılayaraq “yəqin üzməyi öyrədirlər” və “maşınlar “zaqar” alır” kimi şərhlər yazıblar.

Avtomobillərin dənizə salınması həm ətraf mühitə, həm də texniki baxımdan hansı zərərlər yarada bilər? Bu cür halların qarşısını almaq üçün hansı nəzarət mexanizmləri tətbiq olunmalıdır?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bu halları “mədəniyyətsizlik, tərbiyəsizlik, ətrafdakı insanlara və cəmiyyətə qarşı hörmətsizlik” kimi qiymətləndirib.

Ekspert bildirib ki, bu, savadsızlığın nümunəsidir:

“Normal, ağlı başında olan insan bu hərəkəti etməz. Nəzərə almaq lazımdır ki, avtomobildə sürtkü yağları var. O yağlar mühərrik hissəsində, ötürücü qutularda ərp bağlayır. Sən onu aparıb salırsan suyun içinə, çirkləndirirsən. Onsuz da suyumuz kifayət qədər çirklidir, bu başıboş insanlar bir az da çirkləndirirlər. Ora çimərlikdir – orada insanlar çimir. Maşın yumaq üçün avtoyuma məntəqələri var. Hətta həyətində göl düzəlt, sal orada çimsin. Mən bunu konkret olaraq tərbiyəsizlik kimi qiymətləndirirəm. İnsanlar ya bilərəkdən, ya da bilməyərəkdən bu səhvlərə yol verirlər”.

Elməddin Muradlı qeyd edib ki, çimərlik ərazisi avtomobil idarə etmək üçün uyğun yer deyil:

“Təhlükəsizlik baxımından da biz heç vaxt tövsiyə etməmişik ki, çimərlik ərazisində maşın sürsünlər, təlim keçsinlər və ya avtomobili dənizə salsınlar. Dəniz qumludur, qumsal əraziyə ağır bir şey düşəndə batır. Adi biz də dənizə girəndə eyni yerdə ayaq üstə dayansaq, görürük ki, ayağımız quma batır. Bu başıboş, bədbəxt, zavallı insanlar hələ də başa düşmürlər ki, maşın orada batacaq. Biri deyir, arvadımın maşını idi, getdi suya, biri deyir, yumaq üçün pul vermək istəmirəm, gətirib dənizdə yuyuram. Əlinə imkan düşüb maşın alıb, bunu da sanki hamıya göstərməlidir. Orada nadir hallarda bahalı maşın görərsiniz. Bahalı maşınla bunu edən adam da yəqin ki, çətinliklə, min bir zəhmətlə özünə şərait qurmuş biridir. Əlinə bir az pul keçib, bahalı maşın alıb, gətirib dənizdə nümayiş etdirir ki, camaat görsün. Nə olub? Nə görməmişlikdir? Niyə belə edirsiniz? Niyə təhlükə yaradırsınız? Bəlkə orada uşaq çimir? Körpədir, nəzarətsiz qalıb, maşınla vurub öldürəcəksən?!”

Ekspert qeyd edib ki, çimərlik ərazisində artıq parklanma yerləri mövcuddur:

“Düzdür, dünən dənizə gedən yolda dəhşətli tıxac var idi. Avtomobillər addım-addım gedirdi. Çünki iyun ayı soyuq keçdi, iyulun dünənki günü isti oldu, hamı qaçdı dənizə və belə bir mənzərə yarandı. Amma insanlar bilməlidir ki, dənizdə bu cür hoqqa çıxarmaq olmaz. Vallah, bu, biabırçılıqdır. Əgər bir insan bunu edirsə, deməli, onun psixoloji problemi var. Bu, risklidir. Hətta ən dayaz yerə belə maşını salsan, çıxarmaq çətin olacaq. Maşın 10-15 dəqiqə orada qaldıqda görəcəklər ki, təkər tam quma oturub və çıxarmaq mümkün deyil”.


Geri qayıt