Əsas Səhifə > Güney Press > “Fransa Azərbaycan siyasətini korrektə etməlidir...”

“Fransa Azərbaycan siyasətini korrektə etməlidir...”


Bu gün, 09:47

Fransa və Yeni Kaledoniya xaricdəki ərazilərin Fransa olaraq qalacağı, lakin yeni bir dövlət elan ediləcəyi tarixi razılaşma elan edib. 10 günlük danışıqlardan sonra tərəflər Yeni Kaledoniya dövlətinin yaradılması barədə razılığa gəliblər. Məlumata görə, 13 səhifəlik razılaşmada qeyd edilib ki, Yeni Kaledoniya vətəndaşlığına çağırışlar və oradakı sakinlər üçün bu statusu Fransa vətəndaşlığı ilə birləşdirmək imkanı var. Razılaşmaya əsasən, ötən il ölümcül separatçı zorakılıqlarla sarsılan xaricdəki ərazilər Fransa olaraq qalacaq, lakin yeni dövlət elan ediləcək.

Fransa Prezidenti Emmanuel Makron da özünün X hesabında Yeni Kaledoniya dövlətinin yaradılması barədə razılığa gəlindiyini bildirib. “On gündən çox davam edən müzakirələrdən sonra Yeni Kaledoniyanın seçilmiş rəsmiləri və hökumət nümayəndələri tarixi razılığa gəliblər”.

Makronun sözlərinə görə, Yelisey sarayında danışıqların iştirakçıları ilə görüş keçirəcək: “Respublika daxilində Yeni Kaledoniya dövləti. Dövlət naziri, xarici ərazilər üzrə nazir Manuel Valls və axşam saat 6-da Yelisey sarayında qarşılayacağım danışıqların iştirakçılarına təşəkkür edirəm”.

Təxminən 270,000 insanın yaşadığı və Parisdən təxminən 17,000 kilometr (10,600 mil) məsafədə yerləşən Yeni Kaledoniya Fransanın ayrılmaz hissəsi olaraq qalan bir neçə xarici ərazilərdən biridir. 1800-cü illərdən bəri Parisdən idarə olunur, lakin bir çox yerli kanak hələ də Fransanın öz adaları üzərindəki gücündən narazıdır və tam muxtariyyət və ya müstəqillik istəyir.

Qeyd edək ki, bu ilin martında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov demişdi: “Yeni Kaledoniyada kolonializmlə bağlı faktlar son bir-iki ildə dünya ictimaiyyətinə məlum məsələ deyil. 80-ci illərdən bəri Fransa hökuməti ilə danışıqlar aparılır. Biz BTQ olaraq Fransa və Yeni Kaledoniya arasında danışıqlarda vasitəçi ola bilərik. Düşünürəm ki, bu ərazilərlə bağlı qanunsuz həbslərin, insan hüquqlarının pozulmasının qarşısı alınmalıdır. Biz beynəlxalq qeyri-hökumət təşkilat olaraq bu danışıqlarda vasitəçi ola bilərik”.

Beləliklə, BTQ-nin səyləri nəticəsində yeni kolonializmə daha bir zərbə vurulub. Azərbaycan isə özünün beynəlxalq imicinə mühüm bir xal əlavə etdi.

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Makron ermənipərəst mövqeyi illərlə yürüdəndə, Azərbaycan əleyhinə açıqlamalar verəndə, İkinci Qarabağ müharibəsindən əvvəl, müharibə günləri və sonrasında separatizmə birmənalı dəstək göstərəndə, anlamalı idi ki, Cənubi Qafqazın əsas açar dövləti Azərbaycandır: “Azərbaycanla münasibətləri gərginləşdirmək Fransanın maraqlarına xidmət etmir. Çünki Fransanın o qədər problemləri var ki, bu problemləri həll etmək əvəzinə Azərbaycanla münasibətləri gərginləşdirdi. Azərbaycan da müxtəlif koloniyalarda Fransaya qarşı haqları uğrunda mübarizə aparan qruplara dəstək verdi və Paris anladı ki, Azərbaycanın əlində kifayət qədər alətlər var - bu alətlərlə Fransaya təzyiq edə bilərik. Yeni Kaledoniyada insanlar müstəqillik uğrunda mübarizə aparırdı, onların haqları pozulurdu, həbsxanalara atılırdılar. Azərbaycan bu məsələləri gündəmə gətirdi, tədbirlər keçirdi və Fransa bundan narahat olsa da, bunun qarşısını ala bilmədi. Sonda Azərbaycanın dediyi oldu və Fransa Yeni Kaledoniyanın müxtəlif şərtlərini qəbul etməyə məcbur oldu”.

Politoloq qeyd edib ki, razılaşma heç də məsələnin həlli demək deyil: “Proses diqqətlə izlənilməlidir ki, həqiqətən də Yeni Kaledoniya istəklərinə nail olubmu, Fransa onlara vəd etdiklərini verəcəkmi? Bu prosesdə də Azərbaycan Yeni Kaledoniyanın haqları uğrunda mübarizə məsələsində diqqətli olacaq.

Amma Fransa əslində bütün bunlardan sonra Azərbaycan siyasətini korrektə etməlidir. Yəni Azərbaycanla münasibətləri gərgin saxlamaq Fransaya Cənubi Qafqazda möhkəmlənmək imkanı verməyəcək".


Geri qayıt