Əsas Səhifə > Güney Press > Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti
Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasətiDünən, 12:44 |
ABŞ Prezidenti Donald Trampın yeni vergi qərarı dünyada bir çox məhsulların qiymətinin artmasına səbəb olacaq. Avtomobillər və geyim məhsulları da daxil olmaqla, müxtəlif mallarda bahalaşma gözlənilir. İdxaldan asılı bir ölkə kimi bu qərarların Azərbaycanda da qiymət artımına səbəb ola biləcəyi ehtimal olunur. Bəs ölkəmizdə hansı məhsulların bahalaşması mümkündür?
Bu barədə Moderator.az-a danışan Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, ABŞ Prezidentinin tarif qərarları əsasən Azərbaycandan Amerikaya ixrac olunan məhsulların qiymətinə təsir edə bilər. Onun sözlərinə görə, ABŞ-da tətbiq edilən yeni gömrük rüsumları məhz idxal mallarına şamil edilir:
“Azərbaycanla Amerika arasında təxminən 1,8 milyard dollarlıq ticarət dövriyyəsi mövcuddur. Bu dövriyyənin təxminən 94 faizi ABŞ-dan Azərbaycana idxalın payına düşür. Yəni bu ticarət münasibətlərində Azərbaycanın ixracı çox kiçik bir hissəni təşkil edir. Bizim ixrac etdiyimiz məhsullar əsasən xalça, əl işləri, təbii meyvə şirələri və digər bu kimi mallardır. Bu məhsulların ABŞ-da xüsusi alıcıları var və həmin insanlar qiymət dəyişikliyinə o qədər də həssas yanaşmırlar.”
Ekspert hesab edir ki, tariflərin artması bu məhsulların ABŞ-da qiymətinin qalxmasına səbəb olacaq. Lakin bu, Azərbaycandan ixracın azalmasına gətirib çıxarmayacaq:
“Məsələn, xalça və əl işləri alan insanlar qiymətə o qədər də önəm vermirlər. Ona görə də ABŞ-da gömrük rüsumlarının artması bu məhsulların ixracına ciddi təsir etməyəcək. Əsasən ABŞ vətəndaşları daha çox xərcə düşəcəklər.”
“O ki qaldı Amerikadan Azərbaycana idxala, bunun üçün Azərbaycan hökumətinin müəyyən qərarlar qəbul etməsi lazımdır. Tutaq ki, Trampın tarif siyasətinə cavab olaraq, Amerika məhsullarına daha yüksək tariflər tətbiq edilməlidir ki, həmin məhsullar Azərbaycanda bahalaşsın. Bu isə hələlik müşahidə olunmur. Ona görə də hesab edirəm ki, Trampın bu qərarının Azərbaycanda qiymətlərin bahalaşmasına təsiri o qədər də ciddi olmayacaq.
İqtisadi məntiqlə düşünəndə, Azərbaycanın Amerika ixracatı bir qədər azala bilər. Çünki təcrübəyə əsasən, hər hansı bir ölkənin idxal tariflərinin yüksəlməsi həmin ölkəyə ixracatı azaldır. Amma yuxarıda qeyd etdiyim kimi, bizim ixracatın əksəriyyəti premium məhsullar olduğuna görə bu məhsulların ixracında azalma baş verməsi gözlənilmir”,- deyə Akif Nəsirli qeyd edib.
Geri qayıt |