Əsas Səhifə > Güney Press > Yekaterinburqda Şıxlinskilərə qarşı cinayət işi:

Yekaterinburqda Şıxlinskilərə qarşı cinayət işi:


Bu gün, 11:39

Yekaterinburqda Şıxlinskilər üzərindən Bakıya mesaj verilir: qərəzli istintaq və yüngül cəzanın belə şouya çevrilməsi

Musavat.com xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində Azərbaycan diasporunun tanınmış nümayəndələri Şahin Şıxlinski və onun oğlu Mütvalı Şıxlinski barəsində Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb. Bu barədə məlumat rəsmi iftiham aktında ətraflı şəkildə göstərilib.

Əslində hansı maddədir və cəzası nə ola bilər?

Hüquqi ekspertlər bildirirlər ki, 318-ci maddənin 1-ci hissəsi Rusiya hüququnda əsasən hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə hallarında işlədilir. Amma bu maddə təcrübədə çox vaxt nisbətən yüngül cinayətlər sırasında sayılır və cəzalandırma üçün müxtəlif variantlar nəzərdə tutur: azadlıqdan məhrumetmə ilə yanaşı, çox vaxt 200.000 rubl civarında cərimə ilə də nəticələnə bilər. Yəni belə hadisələrdə məhkəmə şəraitindən və istintaqın mövqeyindən asılı olaraq, həbsə alternativ cəza qərarları verilməsi də geniş praktikadır.

Hadisənin hüquqi tərəfi və istintaqın qərəz şübhələri

İstintaq sənədlərinə görə, iyulun 1-də Şahin Şıxlinski idarə etdiyi “Mercedes-Benz S 500” avtomobilini Yekaterinburqda saxlayan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb, maşında onun oğlu Mütvalı ilə birlikdə qalaraq ərazini tərk etməyə çalışıb. Bu zaman avtomobilin arxa hərəkətə keçirilməsi nəticəsində açıq qapının yanında dayanan polis əməkdaşı dirsək və baş nahiyəsindən yüngül xəsarət alıb.

Bunun əsasında cinayət işi açılıb və rəsmi ittiham aktı Rusiya Federasiyası İstintaq Komitəsinin sədrinin birinci müavini, ədliyyə general-polkovniki Ə. V. Kaburneev tərəfindən imzalanıb.

Niyə qərəzli görünür?

Bu hadisənin xüsusi diqqət çəkməsi və böyük səhnəyə çevrilməsi isə hüquq-müdafiəçilərin və diaspor nümayəndələrinin fikrincə, tamamilə təsadüfi deyil. Ekspertlər hesab edirlər ki, əslində bu, Şıxlinskilərin timsalında Azərbaycan diasporuna və dolayı yolla Bakıya verilən mesajdır. Çünki əksər belə hallarda bu cür cinayət işləri uzun-uzadı istintaqa, mediaya sızan “şou” xarakterli xəbərlərə çevrilmir, sadəcə cərimə ilə yekunlaşır.

Lakin indi bu prosesin istintaq orqanları tərəfindən qərəzli və qeyri-obyektiv aparılması, uzun rəsmi sorğular, ard-arda açılan təkrar istintaq epizodları, gündəlik nəzarət tədbirləri onun sırf hüquqi yox, həm də siyasi müstəvidə şişirdildiyini göstərir.

Növbəti mərhələ nə olacaq?

Hüquqi mənbələr bildirir ki, əgər istintaq daha çox “göz qorxutma” və nümayiş məqsədilə aparılarsa, məhkəmə yekunda sadəcə pul cəriməsi — təxminən 200.000 rubl həcmində qərar verə bilər. Ancaq istintaqın gedişi, faktların necə təqdim olunacağı və siyasi kontekstdə məsələnin hansı istiqamətə yönələcəyi hələ də açıq qalır.


Geri qayıt