Əsas Səhifə > Güney Press > İran Zəngəzurda ABŞ-a necə cavab verəcək?
İran Zəngəzurda ABŞ-a necə cavab verəcək?Bu gün, 10:32 |
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizinə nəzarətin üçüncü tərəfi təmsil edən özəl bir şirkətə verilməsi ilə bağlı danışıqların aparıldığını təsdiqləyib. KONKRET.azxəbər verir ki, Paşinyan konkret ölkə və ya şirkətin adını çəkməsə də, daha əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası bu marşrutun nəzarətini amerikalı bir quruma verməyi təklif edib. ABŞ-ın Ankaradakı sabiq səfiri və Trampın Suriya üzrə xüsusi elçisi Tom Barrakın sözlərinə görə, Vaşinqtonun təşəbbüsü ilə Azərbaycanı Naxçıvanla birləşdirəcək 32 kilometrlik dəhlizdə xarici idarəetmə qurulması, eyni zamanda nəqliyyat, enerji və telekommunikasiya infrastrukturunun yaradılması planlaşdırılır.
Eyni zamanda, gömrük və sərhəd nəzarətinin də həmin özəl şirkətə verilməsi nəzərdən keçirilir. Bu isə Ermənistan ərazisində qismən suveren xarakterli beynəlxalq idarəetmə zonasının yaradılması deməkdir. Sülh sazişi hələ imzalanmasa da, Ermənistan hökuməti aralıq razılaşmaya açıqdır və sənədin paraflanması üzrə danışıqları davam etdirir.
Amerikalı iranşünas, Cənubi Alabama Universitetinin fəxri professoru Nadir Entessari bildirib ki, ABŞ-ın bu regiondakı strategiyası İran ətrafında izolasiya dairəsi qurmağa yönəlib. Onun fikrincə, Vaşinqtonun əsas məqsədi İranın Qafqaz və Mərkəzi Asiya istiqamətində nəqliyyat və siyasi baxımdan bloklanması, eyni zamanda Ermənistan və Azərbaycanın Rusiyadan uzaqlaşdırılmasıdır.
Entessarinin sözlərinə görə, Avropa İttifaqı da ABŞ-ın təşəbbüsünü dəstəkləyir, çünki bu, Rusiyanın postsovet məkanından sıxışdırılıb çıxarılmasına xidmət edir. Ermənistan isə ildən-ilə daha qətiyyətlə Avroatlantik inteqrasiya yolunu tutur və hökuməti ABŞ-ın təzyiqlərinə qarşı durmaq gücündə deyil.
Ekspertin fikrincə, İranın bu gün seçə biləcəyi yeganə yol – “az zərərlə geriləmə” taktikasıdır. Yəni, sərt bəyanatlar yerinə real vəziyyətə uyğun məhdud layihələrə yönəlmək və strateji mövqelərini itirməməyə çalışmaq.
Geri qayıt |