Əsas Səhifə > Güney Press > “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir”

“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir”


Dünən, 17:03

Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həllinin zəruriliyi ilə bağlı ultimatumuna məhəl qoymayıb. “The Hill” xatırladır ki, Ağ Ev rəhbəri fikir ayrılıqlarını həll etmək üçün 50 gün vaxt verib. Məqalədə qeyd edilib ki, Amerika liderinin sülh sazişi bağlanmayacağı təqdirdə sanksiyalar tətbiq edəcəyi ilə hədələməsinə baxmayaraq, Rusiya qoşunları Ukrayna ərazisinə irimiqyaslı zərbə endirir.

Qeyd edək ki, iyulun 14-də Tramp 50 gün ərzində Ukrayna ilə bağlı sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik gömrük rüsumları tətbiq edəcəyinə söz verib.

“Mən Rusiyanın hərəkətindən çox narazıyam. 50 gün ərzində razılaşma əldə olunmasa, ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyik – bu qədər sadə. Bunlar isə ən azı 100 faiz tariflər olacaq”, Tramp bildirmişdi.

Tramp həmçinin Moskvanı Ukrayna böhranının həlli ilə bağlı “boş danışmaqda” ittiham edib.

Lakin Amerika lideri daha sonra Rusiya və onunla ticarət edən ölkələrə qarşı yeni sanksiyalar tətbiq etmək istəmədiyini bildirib. Bu baxımdan o münaqişənin yaxın vaxtlarda həll olunacağına ümid etdiyini söyləyib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Trampın bəyanatlarını şərh edərkən deyib ki, Moskva ABŞ Prezidentinin “dekorativ ultimatumunu” sezməyib: “Tramp Kremlə dekorativ ultimatum elan etdi. Dünya bunun nəticələrini gözləyərək titrədi. Müharibə aparan Avropa İttifaqı məyusdur. Rusiya bunu hiss etmədi".

Öz növbəsində “The New York Times” yazıb ki, Rusiya ultimatumdan narahat deyil. Bildirilib ki, Moskva xarici təzyiqlərə baxmayaraq, hələ də hərbi məqsədlərinə çatmaq niyyətindədir. Qəzetin Kremlə yaxın mənbələrinə görə, Rusiya Prezidenti Vladimir Putin “qalib olduğuna inanır və Ukraynadan ciddi güzəştlər olmadan dayanmaq üçün heç bir səbəb görmür”.

Eyni zamanda, Moskva Kiyevlə birbaşa danışıqları davam etdirməyə hazır olduğunu bəyan edir, lakin Vaşinqton vurğulayır ki, hələ də ciddi irəliləyiş əldə olunmayıb.

Azərbaycanlı politoloq Elxan Şahinoğlu hesab edir ki, Kreml 50 gündən sonra nələrin baş verəcəyi üzərində düşünmək məcburiyyətindədir: “Əlbəttə, Putin Trampla münasibətləri gərginləşdirmək istəmir, amma Kreml sahibinin hədəflərinə çatmayana qədər müharibəni dayandırmaq fikri də yoxdur. Putin bu yay hədəflərinə çata bilməyəcək. Rusiya ordusu Ukraynada işğal ərazisini nisbətən genişləndirsə də, 4 bölgənin (Donetsk, Luqansk, Zaporojye və Xerson) administrativ sərhədlərinə çıxa bilməyib. Demək, müharibə ən azı ilin sonuna qədər davam edəcək. Putin müharibəyə fasilə verməmək üçün atəşkəsə razılaşmır. Amma atəşkəsin uzanması Putinə işğal ərazisini genişləndirməyə imkan verməyəcək. Ona görə də Putin Trampla münasibətlərin korlanmasına hazırlaşmalıdır”.

“Putin başqa olmaqla, Rusiya rəsmilərinin Tramp barədə fikirlərini 180 dərəcə dəyişmələri asan olmayacaq. Putin Trampa Rusiyaya qarşı siyasətini sərtləşdirməkdən başqa seçim qoymadı. Bu arada, Kreml Pekinin dəstəyinə ümidlidir. Tramp Rusiya ilə enerji sahəsində əməkdaşlıq edən ölkələrə qarşı da sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Rusiyanın enerji sahəsində əsas tərəfdaşı isə Çindir. “Telegraf” nəşrində yayımlanan məqalədə Çinin Trampın hədələrindən çəkinməyərək Rusiyadan neft, qaz və digər mineral resurslar almaqda davam edəcəyi yazılıb. Məqalədə Pekinin Kremlə daha dərin dəstək verəcəyi bildirilib. Hazırda Vaşinqtonla Pekin arasında ticarət sahəsində danışıqlar davam edir. Çin ABŞ-la ticarət müharibəsində maraqlı deyil. Buna baxmayaraq, Çin Rusiya ilə enerji sahəsində əməkdaşlığını davam etdirərsə, Vaşinqton Pekinə qarşı sərt tədbirlər həyata keçirəcək. Bu iki ölkə arasında ticarət sazişinin üstündən xətt çəkəcək”, - deyə analitik qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi kənar ölkələr arasındakı münasibətlərə də mənfi təsir edir: “Putinin atəşkəsə razılaşmaması Vaşinqtonu Çinə qarşı sanksiya tətbiqinə sövq edəcək. Putin bəlkə də bununla ABŞ-Çin münasibətlərinin gərginləşməsində maraqlıdır”.


Geri qayıt