Əsas Səhifə > Güney Press > “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...”

“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...”


Dünən, 06:01

“Bəli, Amerika üçün Zəngəzur müəyyən əhəmiyyət daşıyır. Birincisi, ona görə ki, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq vacibdir. Bu Zəngəzur dəhlizinin Qərbin nəzarətinə keçməsi üçün vacib bir yol ola bilər. Bundan əlavə, ümumi “Şərq-Qərb” dəhlizinin ABŞ-ın özünün nəzarət etməsi Zəngəzur dəhlizinin nəzarətini ələ keçirməklə bütövlükdə Ermənistanı nəzarətdə saxlamasına yol açır. Bu, Birləşmiş Ştatların üçün ümumi strateji məsələlərdən biridir. O, Güney Qafqazda öz üstünlüyünü qorumaq istəyir. Odur ki, bu, Amerika üçün çox önəmli bir addım olardı...-
AMİP-in fəxri lideri Etibar Məmmədov bu fikirləri Moderator.az əməkdaşının “Ötən həftə ABŞ-ın Ermənistana Zəngəzur dəhlizini 100 illiyə icarə götürmək təklifi haradan qaynaqlanır? Doğrudanmı bu yol ABŞ üçün bu qədər əhəmiyyətlidir?” suallarını cavablandırarkən dilə gətirib.
“Bir başqa səbəb də Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürmək istəyidir. Bu onun üçün vacibdir, çünki o, beynəlxalq məsələlərdə böyük uğurlar əldə etməyə çalışır. Bu səbəbdən Amerika lideri hansısa münaqişədə tərəflər arasında sülh müqaviləsinin imzalanmasına nail olmalıdır. ABŞ prezidenti Ukraynada müharibəni dayandırmağı vəd etmişdi, amma bu, alınmadı, Qəzzada insan qırğınını durdurmaq istədi – o da baş tutmadı. İndi isə yeganə şansı Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanması və Zəngəzur dəhlizinin açılmasıdır. Əgər bunlara nail olsa, Tramp birbaşa ona Nobel Sülh Mükafatı verilməsini tələb edəcək”, - deyə davamında partiya sədri bildirib.
Belə çıxmırmı ki, Zəngəzur dəhlizinin Azərbaycan-Türkiyə-Amerika xətti ilə açılmasına əsas əngəl olan Rusiya, Çin və İrandır?” sualına isə siyasətçi belə cavab verib:
“Aydındır ki, Rusiya beş ildir ki, Zəngəzur dəhlizinin 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsinə əsasən açılmasını və “FSB”-nin nəzarətində olmasını tələb edir. Çünki o, Rusiyaya hava-su kimi lazımdır. Bu dəhliz vasitəsilə Kreml Güney Qafqazda öz mövqeyini qorumağa çalışır. Həm də o səbəbdən ki, Ermənistanda olan mövcud bazalarının və ticarət əlaqələrinin təminatını Zəngəzur dəhlizi vasitəsilə reallaşdırmaq istəyir. Digər bir variant isə Rusiyanın kənarlaşdırılması və Zəngəzur yolunun ABŞ-ın nəzarəti altında olmasıdır. Belə bir təklif verildi, ancaq Ermənistan öz dəyərini qaldırmaq üçün ondan imtina etməyi üstün tutdu. Yəni bazarlıqda öz qiymətini qaldırmaq istəyir...
Etibar Məmmədov “Necə düşünürsüz, İranla yanaşı, Çin də Birləşmiş Ştatların Zəngəzur yoluna nəzarət etməsinin əleyhinədir?” sualına da münasibət bildirib:
“Əslində, Çin üçün Zəngəzur dəhlizinin açılması vacibdir, kimin nəzarətində olması ondan ötrü prinsipial əhəmiyyət daşımır. İran isə bu məsələdən tamamilə kənara qoyulub və buna görə də ən ciddi müqavimətləri göstərən ölkə o ola bilər...”

Geri qayıt