Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq?
Zəngəzur dəhlizi kimin nəzarətində açılacaq?Bu gün, 11:36 |
ReAl Partiyasının sədri Natiq Cəfərli "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: - Natiq bəy, Azərbaycanla Ermənistan arasında sülhlə bağlı verilən müsbət mesajlar fonunda atılacaq ilk addım nədən ibarət ola bilər? - Azərbaycanla Ermənistan arasında artıq sülh prosesi yekunlaşmaq üzrədir. Çox güman ki, ilk addım kimi sülh müqaviləsinin paraflanması həyata keçirilə bilər. Bu o deməkdir ki, artıq bütün məsələlər həll olunur. Bundan sonra sülh mətninə heç bir dəyişiklik edilməyəcək. Bununla paralel çox güman ki, Azərbaycanla Ermənistan ATƏT-in Minsk Qrupundan imtina ilə bağlı birgə müraciət edəcəklər. Beləliklə də, Minsk Qrupu ləğv olunacaq. - Bir müddət öncə beynəlxalq məhkəmlərdəki iddialardan qaşılıqlı olaraq imtina məsələsini gündəmə gətirilmişdi. Bu necə təmin ediləcək və bunun sülh prosesinə təsiri olacaqmı? - Bakı və İrəvan qarşılıqlı olaraq beynəlxalq məhkəmələrdəki iddiaların geri çəkilməsi ilə bağlı bəyanat verə bilər. Həmçinin Azərbaycanla Ermənistan arasında bu sənədlərin imzalanacağı tarixdə, yəni, eyni gündə də Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı qərarın da verilməsi mümkün görünür. Əslində, bu çox yaxın həftələrin məsələsidir. Yəni, bir neçə həftənin, ayın ərzində buna nail olmaq olar. Sülh sazişinin paraflanması və Minsk Qrupunun ləğvi ilə bağlı müraciət, qarşılıqlı olaraq beynəlxalq məhkəmələrdən iddiaların geri çəkilməsi artıq prosesin yekunlaşması deməkdir. - Rəsmi Bakının sülhlə bağlı ilkin iki şərtindən biri də Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Bu məsələ həll olunmadan hansısa irəliləyişdən danışmaq nə dərəcədə məntiqlidir? - Sözszüz ki, digər məsələlər həll olunduqdan sonra yerdə ancaq Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların oradan çıxarılması qalır. Əslində, Paşinyan üçün də bu asan yoldur. Digər məsələlərə dair sənədlər əldə olduğu halda o, seçkilərə gedərkən konstitusiya dəyişikliyi ilə bağlı referenduma qərar verə bilər. Bununla hətta daha çox dəstək qazanar. Bu mənada 2026-ci ildə Ermənistanda keçiriləcək parlament seçkiləri Paşinyan üçün ciddi sınaq olacaq. - Son dövrlər Zəngəzur dəhlizi ilə bağlı artan müzakirələrin əsas mahiyyəti nədən ibarətdir? - Zəngəzur dəhlizi açılacaq. Buna dair heç bir şübhə yoxdur. Sadəcə, dəhlizin nəzarəti kimin əlində olacağı ilə bağlı suallar səslənir. Bu daha çox Ermənistanın mövqeyindən asılıdır. Rusiya isə bu məsələdə nəzarəti öz əlində saxlamağa çalışır. Ermənistan isə Amerika şirkəti vasitəsi ilə Kremlin israrına qarşı çıxır. - Rəsmi Bakınını dəhlizin bu şərtlər daxilində açılmasına dair yanaşması necədir? - Azərbaycan üçün bunun elə də ciddi bir fərqi yoxdur. Zəngəzur dəhlizinə nəzarətin Rusiyanın əlində olması əslində Azərbaycana da sərf etmir. Çünki bu amil Kreml üçün əlavə təzyiq mexanizmləri yaratmasına imkan verə bilər. Geri qayıt |