Əsas Səhifə > Güney Press / Partiya > Keçmiş sovet respubliklarının işğalı real təhlükədir

Keçmiş sovet respubliklarının işğalı real təhlükədir


Dünən, 16:00

“Azərbaycan prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Formunda çıxışı əhatəli oldu. Prezident bir sıra istiqamətlər üzrə fikir bildirib, mövqeyini açıqladı. Hazırda Rusiya və Ukrayna arasında savaş getdiyi üçün prezidentin Ukrayna ilə bağlı dedikləri daha çox müzakirə olunur. Amma biz diqqət etsək görərik ki, Azərbaycan prezidenti Ukrayna mövzusunda dediyi fikirləri bundan əvvəl bu və ya digər şəkildə səsləndirib”.

Bunu “Reytinq” qəzetinə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu III Şuşa Qlobal Media Forumunda Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna mövzusunda çıxışını şərh edərkən bildirib.

S. Cəlaloğlu deyib ki, əslində, prezident Əliyev çıxışı zamanı beynəlxalq hüquqa istinad edib, onun tələblərini xatırladıb. Çünki beynəlxalq hüquqda işğal haqqında qətnamənin VIII bəndinə görə, işğalçı tərəf işğalın nəticəsindən hər hansı formada bəhrələnə bilməz. Yəni əgər işğala məruz qalan tərəf könüllü olaraq nədəsə güzəştə getməyəcəksə, işğalçı hüquqi baxımdan işğalın nəticəsindən faydalanmamalıdır.

S. Cəlaloğlunun qənətincə, prezident mesaj verir ki, beynəlxalq hüquq Ukraynanın tərəfindədir, əgər Ukrayna xalqı torpağının bir metrini könüllü olaraq Rusiyaya verməsə, rusların ilhaq qərarlarına rəğmən, beynəlxalq hüquqa əsasən, bu ərazilər Ukrayna ərazisi kimi qalacaq və tanınacaq.

Partiya sədri xatırladıb ki, Azərbaycan dövləti bundan əvvəl qonşu Gürcüstanın işğala məruz qalan ərazilərini də tanımayıb: “Həmin torpaqlar faktiki olaraq Rusiya tərəfindən işğal edilib. Eyni zamanda, biz, Krım yarımadasının işğal edilməsi faktını da tanımamışıq. Əslinə qalsa, Rusiyanın keçmiş sovet respubliklarını işğal etməsi ümumən real təhlükədir. Azərbaycan lideri bu təhlükənin qarşısında durmağın yeganə yolunun güzəştsiz mövqedə görür. Burada söhbət işğalın nəticələri ilə barışmamaqdan gedir, işğalçı ilə barışmamaqdan deyil. Azərbaycan prezidenti deyir ki, tərəflər necə danışıq aparırsa, aparsın, tövsiyəsi odur ki, işğalın nəticələri ilə barışmaq, ərazini güşətə getmək olmaz. Hətta bu, 30-40 il davam etsə belə, dözmək lazımdır ki, əlverişli şərait yetişəndə ərazi bütövlüyü təmin edilsin”.

S. Cəlaloğlunun sözlərinə görə, çox güman ki, prezident bu fikirləri işlədərkən Azərbaycanın təcrübəsindən çıxış edib: “Mən, 30 illik müddətdə Qarabağın işğal altında qalmasını və 44 günlük Vətən müharibəsini nəzərdə tuturam. Eyni zamanda, beynəlxalq hüququn aydın maddələrinə istinad olunur. Bu da tam obyektiv bir yanaşmadır. Prezident həm deyir ki, belə münaqişələr beynəlxalq hüquq əsasında həll olunmalıdır, həm Ukrayna xalqına mənəvi dəstək verir, həm də Ukrayna rəhbərliyinə yol göstərir. Ukraynalılar ərazilərini azad etmək məsələsində Azərbaycanı özləri üçün nümunə hesab edirlər. Onlar hələ illər əvvəl deyirdilər ki, Azərbaycan öz ərazilərini necə işğaldan azad edibsə, bizdə o yolla gedəcəyik. Biz Ukraynadan fərqli olaraq, bəzi şərtləri yerinə gətirdiyimiz üçün ərazilərimizi işğaldan azad etdik, amma Ukrayna bir sıra məsələləri həll etmədi. Ən vacibi də onları bu müharibədə birmənalı və ardıcıl dəstəkləyəcək müttəfiqlər tapmadan, onlarla strateji müqavilələr bağlamadan, təhlükəsizliklə əlaqəli zəruri addımlar atmadan müharibəyə adaptasiya olundular. Bu səbəblərdən əraziləri işğal edilib və müharibə uzanıb”.

S. Cəlaloğlu qeyd edib ki, Azərbaycan prezidentinin bu mövzuda fikir və çıxışı əslində bütün ölkələri beynəlxalq hüquqa hörmət etməyə çağırmaq və Azərbaycan xalqının təcrübəsinin bütün ölkələrlə paylaşmaqdan ibarətdir.


Geri qayıt