Əsas Səhifə > Güney Press > Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...”

Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...”


Bu gün, 12:06

Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə ittiham olunan 2007-ci il təvəllüdlü Mehdi Cəbrayılovun cinayət işinə baxılıb.

Teleqraf xəbər verir ki, Bakı şəhər sakini M. Cəbrayılov 23 oktyabr 2024-cü ildə Qazaxıstanın Janaozen şəhəri, “Raxat-4” ərazisində yerləşən “Nurbek” restoranının yaxınlığında olarkən Azərbaycanın Daxili İşlər Nazirliyinin elektron poçtuna məktub ünvanlayıb.

O, məktubda tələb etdiyi pul məbləğinin müvafiq kripto hesabına köçürülməyəcəyi təqdirdə oktyabrın 25-də Bakının Nəsimi rayonu, Neftçilər prospektindəki ticarət mərkəzində terror aktı törədəcəyini bildirib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 12.1,216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə, insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə ifadə verən müttəhim ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildən Qazaxıstanın Janaozen şəhərinin 5-ci mikrorayonunda yaşayıb, usta işləyən atası Raula kömək edib: “2022-ci ildən “İnstagram”, “Telegram” “WhasApp” kimi sosial şəbəklərdən istifadə etməyə başlamışam. 2023-cü ildə “Kira Union” ləqəbi ilə “Telegram” kanalında fəaliyyət göstərən şəxslə tanış olmuşam. “Telegram” kanalında yazışarkən o, özünü Aqil kimi təqdim etdi, Türkiyənin İzmir şəhərində hansısa universitetdə “Biznes-dizayn” fakültəsində oxuduğumu bildirdi. Bildiyimə görə, o, haker kimi fəaliyyət göstərib, internet üzərindən insanları şantaj etməklə onlardan pul alıb”.

M. Cəbrayılov bildirib ki, “Kira Union” ləqəbli şəxs 2021-ci ildə və ya başqa bir vaxtda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 83 tibb müəsissəsinə bomba qoyulması barədə “Google”da xəbər yayıb, lakin onu heç kim tapa bilməyib: “Mən həmin şəxsin Aqil adından başqa digər anket məlumatlarını bilmirəm.

"Kira Union"la olan söhbətlərdən sonra bir qədər fikirləşdim, özümün də eyni üsulla, yəni təhdid yolu ilə pul əldə edə biləcəyim qənaətinə gəldim. Bu məqsədlə oktyabrın 23-də Qazaxıstanın Janaozen şəhərində “Nurbek” restoranının yanında işdə olduğum zaman mobil telefonumla internetdə Daxili İşlər Nazirliyinin saytına girdim. Elektron müraciət bölməsində olan qrafaları nəzərdən keçirəndə şəxsiyyət vəsiqəsi, mobil telefon nömrəsi, elektron poçt ünvanı kimi məlumatların tələb olunduğunu gördüm.

2023-cü ilin qış aylarında “İnstagram”da olan bir söhbət qrupundan 25-30 nəfərin şəxsiyyət vəsiqəsinin fotoşəkillərini mobil telefonumun yaddaşına köçürdüyümdən nazirliyin saytındakı elektron müraciət bölməsinə mobil telefonunun yaddaşında olan şəxsiyyət vəsiqəsindəki anket məlumatlarını yazdım. Sonra isə tələb olunan müvafiq qrafaya Sumqayıt şəhərində yaşayan dostumun mobil nömrəsini daxil etdim. Tələb edilən elektron poçt ünvanına isə Bakıda yaşayan tanışım Nərmin adlı qızın poçt ünvanını yazdım.

Bundan sonra müraciətin qeyd edilməsinə icazə verildi. Mən həmin qrafada şəxsiyyət vəsiqəsini qeyd etdiyim şəxsin adından istədiyim məbləğin hesabıma köçürülməcəyi təqdirdə oktyabrın 25-də Bakı şəhərində yerləşən ticarət mərkəzində terror aktı törədəcəyimi yazdım. Sonra təhdid mesajını ünvana göndərdim”.

Müttəhim deyib ki, onun mobil telefonunda özünə aid 3 gmail hesabı var: “Düşünürdüm ki, Daxili İşlər Nazirliyinin saytına göndərdiyim elektron müraciətlə bağlı həmin ünvanlardan hər hansı birinə cavab gələcək. Lakin mənə heç bir cavab gəlmədi. Oktyabrın 24-də səhər saatlarında polis əməkdaşları yaşadığım ünvanda məni sorğu-sual etdilər. Oktyabrın 28-də məni və atamı təyyarə ilə Azərbaycana yola saldılar”.

Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərib ki, törətdiyi əməli bilmədən edib: “Mənim ticarət mərkəzində terror aktı törətmək məqsədim olmayıb. Sadəcə ağılsızlıq etmişəm. Məni heç kəs bu işə məcbur etməyib.

Qazaxstanda ailəmlə birlikdə yaşayıram, orta məktəbi bitirmişəm. Qeyd olunan əməli törətdiyim vaxt artıq məktəbi bitirmişdim. Hərəkətimə görə məsuliyyətə cəlb olunacağımı anlamamışam. Valideynlərim törətdiyim əməldən sonradan xəbərdar olublar”.

M. Cəbrayılov bildirib ki, terror aktının nə olduğu barədə hər hansı anlayışı yoxdur: “Partlayıcı maddələrlə iş görməmişəm. Ticarət mərkəzinin dəqiq harada yerləşdiyi barədə də məlumatım yoxdur. Kripto hesabım olmayıb. Mesajı göndərdikdən sonra mənə hər hansı cavab gəlməyib. Ancaq cavab gəlsə belə, mənim terror aktı törətmək məqsədim və ya buna imkanım olmayıb. İlk başda ağlıma ticarət mərkəzi gəldiyi üçün həmin məkanı qeyd etmişəm. Ticarət mərkəzini internetdə görmüşəm”.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. M. Cəbrayılov 300 manat cərimə cəzası alıb.


Geri qayıt