Əsas Səhifə > Güney Press > Rusiyada çalışan azərbaycanlı alim fotosintez tədqiqatlarında dünya lideri kimi tanındı…

Rusiyada çalışan azərbaycanlı alim fotosintez tədqiqatlarında dünya lideri kimi tanındı…


Dünən, 12:03

Görkəmli biokimyaçı və bitki fizioloqu Süleyman İfxan oğlu Allahverdiyev fotosintez sahəsində tədqiqatçıların ən yaxşı 0,05%-i arasında yer alaraq nüfuzlu "Highly rated Scholars" (ScholarGPS) reytinqində dünyanın ən nüfuzlu alimlərindən biri seçilib.
Moderator.az xəbər verir ki, bu haqda "İslamnews" portalı məlumat yayıb.
"Bu nailiyyət onun Rusiya elmi ilə sıx bağlı çoxillik əməyinin etirafıdır", -deyə nəşr vurğulayır.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində başlayan Allahverdiyev artıq bir neçə onilliklərdir ki, Rusiyada çalışır. O, burada biologiyanın və gələcəyin enerjisinin inkişafına mühüm töhfələr verib.
Bu gün soydaşımız Rusiya Elmlər Akademiyasının Puşçinodakı Biologiyanın Fundamental Problemləri İnstitutunun, eləcə də Rusiya Elmlər Akademiyasının Timiryazev adına Bitki Fiziologiyası İnstitutunun baş elmi işçisidir. Onun təbii və süni fotosintezlə bağlı tədqiqatları ölkənin ekoloji və enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edir.
“Şəxsən mənim üçün bu, davamlı inkişaf və energetikanın gələcəyi, Rusiyanın enerji və ekoloji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edən tədqiqatları davam etdirmək üçün uzun illərin səylərinin və motivasiyasının böyük etirafıdır”, - alim qeyd edib.
Allahverdiyevin işi alternativ enerji mənbələrinin yaradılması üçün yeni perspektivlər açır ki, bu da qlobal iqlim çağırışları kontekstində xüsusilə aktualdır.
Rusiya Federasiyasının əməkdar elm xadimi Rusiya biologiyasının beynəlxalq nüfuzunu gücləndirməyə xidmət edən qabaqcıl elmi sahələrin inkişafı ilə məşğul olur. Onun “Yüksək Reytinqli Alimlər”in dünya reytinqinə daxil edilməsi təsdiq edir ki, Rusiya akademik məktəbin elmin ön sıralarında qalmaqdadır və MDB ölkələrindən, o cümlədən Azərbaycandan olan alimlərin inteqrasiyası onun inkişafına mühüm töhfə verir.
Qeyd edək ki, S.Allahverdiyevin son uğurları barədə Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytı da məlumat yayıb. Məlumatda əlavə olaraq bildirilir ki, Süleyman Allahverdiyev Azərbaycan Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiyalar beynəlxalq laboratoriyasının müdiridir.
“ “Highly Ranked Scholars” - dünyanın ən nüfuzlu reytinqlərindən biridir və tədqiqatçıların elmi fəaliyyətini müəyyən meyarlar əsasında qiymətləndirir: məhsuldarlıq (nəşrlərin sayı), təsir gücü (istiqamət üzrə istinadların səviyyəsi), elmi işlərin keyfiyyəti (h-indeksi).
Reytinq “ScholarGPS” məlumat bazası əsasında tərtib olunur. Bu baza 200 milyondan artıq elmi nəşri və 30 milyondan çox alim profilini (o cümlədən elmi fəaliyyətini artıq başa vurmuş alimləri) əhatə edir. Reytinqdə alimlərin bütün peşəkar fəaliyyəti dövründəki töhfələri nəzərə alınır, özünə istinadlar çıxarılır və birgə müəlliflərin sayına uyğunlaşdırmalar edilir.
Süleyman İfxan oğlu Allahverdiyevin bu elit siyahıya daxil edilməsi onun fotosintez və əlaqəli sahələrin öyrənilməsinə verdiyi töhfələrin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Alim daha öncə “Web of Science” versiyasına əsasən dəfələrlə dünyanın ən çox istinad olunan top 1% alimləri siyahısına daxil olmuş, “Scopus Awards Russia” mükafatına layiq görülmüşdür. 2022-ci ildən etibarən hər il Research.com reytinqində “Bitki elmi və aqronomiya” kateqoriyası üzrə Rusiya alimləri arasında birinci yeri tutur.
O, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, K.A.Timiryazev adına mükafatın laureatı (2019), “Qlobal Enerji” beynəlxalq mükafatının laureatı (2021), N.Vəziroğlu adına Beynəlxalq Hidrogen Mükafatı laureatı (2024), Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin “Elm qarşısında xidmətlərinə görə” qızıl medalın sahibidir”, - AMEA-nın yaydığı xəbərdə belə deyilir.

Geri qayıt