Əsas Səhifə > Güney Press > İran yola gəlməsə...
İran yola gəlməsə...Bu gün, 16:47 |
"Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) ilə İran arasında nüvə danışıqlarının növbəti mərhələsi İstanbulda başlayıb.
Xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən görüş hazırda İranın İstanbuldakı Baş Konsulluğunda keçirilir. Görüşdə Böyük Britaniya, Fransa, Almaniya, eləcə də İran xarici işlər nazirliklərinin yüksək səviyyəli rəsmiləri iştirak edir. Kritik görüşün nüvə sazişi və sanksiyalar da daxil olmaqla geniş mövzuları əhatə edəcəyi gözlənilir. Xatırladaq ki, bundan əvvəl İranla nüvə sazişinin Avropa tərəfləri olan Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşü İstanbulda mayın 16-da olub.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Tural İrfan Sherg.az-a açıqlamasında bildirib ki, İranın uranı zənginləşdirməsi ABŞ və Avropada ciddi narahatlıq yaradır. Buna görə İranın bu layihədən vaz keçməsi tələb olunur:
“Lakin İranın İsrail və ABŞ-ni əbədi düşmən elan etməsini əldə əsas tutan Qərb onun nüvə silahı düzəldə biləcəyini istisna etmir və bunu bəşəriyyət üçün təhlükə sayır. Bu mövzudakı danışıqların İran üçün müsbət nəticəsi olacağını güman etmirəm. Çünki İran niyyətindən əl çəkmir, Avropa üçlüyü isə onu fikrindən daşındırmaq istəyir. Əvvəl də Ommanda ABŞ ilə İran arasında vasitəli danışıqlar oldu və nəticə hasil olmadı. Mümkündür ki, İrana genişmiqyaslı müdaxilə nəzərdə tutulub, sadəcə, dünya ictimaiyyətinə son şansı da sınaqdan keçirdiklərini göstərmək üçün bu danışıqlara gedilir. Bu danışıqların bölgədə hansısa dəyişikliyə səbəb olacağını güman etmirəm. İrana qarşı sanksiyalar həmişə olub, indi də ola bilər. Bu da İranı Çin və Rusiyaya daha da yaxınlaşdıra bilər ki, Qərb qaş düzəltdiyi yerdə göz çıxarmış olar. Əgər İran İsrailin Fələstini işğalını əsas tutaraq nüvəni zənginləşdirir, yaxud İsrail və ABŞ-yə qarşı təhlükə yaradırsa, bu zaman Fələstin məsələsinin həlli üçün də hansısa real addımlar atılmalıdır. Çünki Fələstin problemi təkcə İranı İsrail və ABŞ ilə üz-üzə gətirmir, eyni zamanda Türkiyə kimi NATO-nun üzvü olan dövləti də İsraillə üz-üzə gətirir. Əgər Fələstin məsələsində, Qəzza problemində müsbət irəliləyiş olmadan İrandan nüvədən imtina etməsi tələb olunursa, təbii ki, o bundan imtina etməz”.
T.İrfanın sözlərinə görə, qeyd olunan problemlərin həlli istiqamətində addımlar atılsa, İranı yola gətirmək üçün bundan istifadə oluna bilər:
“İndiki halda isə İranla danışıqların nəticə verəcəyi ağlabatan deyil. Təbii ki, sanksiyalar İranı daha da aqressivləşdirəcək ki, bu da region üçün də narahatlıq yarada bilər. Düşünürəm ki, əgər İran nüvə proqramından vaz keçməsə, sanksiyalar ilə yanaşı hərbi müdaxilə də mümkün ola bilər. Son günlərdə İsrail və İranın yeni müharibəyə hazırlaşdıqları haqda məlumatlar dərc olunur”.
Geri qayıt |