Əsas Səhifə > Güney Press > 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar

5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar


Dünən, 12:29

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Fransanın milyardlarla dollar dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Musavat.com xəbər verir ki, prosesdə Anass Derraz ifadə verib.

Deyib ki, Azərbaycana ölkənin su ehtiyatına yatırım etmək məqsədilə gəlib:

"Mən gəldiyim günün ikinci günü sorğuya alındım".

Anass Derraz qeyd edib ki, passiv korrupsiyada və cinayət yolu ilə əldə olunan pulların leqallaşdırılmasında təqsirli bilinir.

Müttəhimin sözlərindən məlum olub ki, 2018-ci ilin noyabr ayının sonu, oktyabr ayının əvvəlində Fərhad Əhmədovun ofisindən onunla əlaqəyə giriblər:

“Həmin dövrdə onun boşanması məsələsi ilə bağlı məhkəmə çəkişməsi var idi. Mənimlə əlaqəyə keçməzdən əvvəl London məhkəməsi qərar vermişdi ki, Fərhad Əhmədovun dünyanın bütün yerlərində olan əmlakları dondurulsun. Həmin dövrdə mənimlə bir əmlakla bağlı əlaqəyə girmişdi. Bu da Dubayda olan yaxtası ilə bağlı idi. Həmin əmlak 500 milyon dollar dəyərində qiymətləndirilmişdi.

Bacarığıma görə Dubayda hamı məni tanıyırdı. Bilirdilər ki, bacarıqlı biriyəm, işimin öhdəsindən gələcəm. Fərhad Əhmədovla hüquqi müqavilə imzalamışdım ki, ona göstərəcəyim, verəcəyim məsləhətlər qanuni forma kimi görünsün. Tam pulu almaq üçün isə zəmanət verirdik ki, iş uğurla həll olunacaq. 5 ay müddətində mənim hesabıma avans olaraq pul köçürüldü, lakin əsas məbləğ hələ qalırdı. Çünki əsas məbləğ iş tam həll olunandan sonra köçürülməli idi”.

Təqsirləndirilən şəxs deyib ki, Fərhad Əhmədovdan aldığı avansın məbləği 200 min dollar olub:

“Əgər yaxtanın üzərinə qoyulan məhdudiyyət qaldırılsaydı, 2 milyon dollar da ödəməli idi. Çünki məhdudiyyət qaldıqca yaxtanın dəyəri aşağı düşürdü”.

Təqsirləndirilən şəxs daha sonra məhkəməyə Fransa prokurorluğunda aparılan istintaq hərəkətləri ilə bağlı toplanan sənədləri təqdim edib. Bildirib ki, həmin sənədlər Fransa prokurorluğunda ifadə verən Emmanuel Makronun administrasiyasında şəxsi mühafizəçisi olan Benallanın ifadəsidir:

“Bildirmək istəyirəm ki, Benalla Makron administrasiyasından çıxdıqdan sonra onun barəsində Fransada istintaq aparılıb. Benalla bu faktla bağlı ifadə verib”.

Daha sonra təqsirləndirilən qeyd edib ki, cinayət yolu ilə əldə edilmiş pulun leqallaşdırılmasında ittiham edilir:

“Pullar bankdan mənim Dubaydakı hesabıma köçürülüb”.

İttihama görə, Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzməyini təmin edəcəklərini bildiriblər.

Bundan başqa, tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağı vədini veriblər. Ümumilikdə, onlar arasında 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.

İstintaq sənədlərinə görə, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dolları, gəminin üzərindən həbs qaldırılandan sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb.

F.Əhmədov Anass Derrazın “Al Hilal Bank”dakı hesabına 200 min dollar və Aleksandr Benallanın “Bank of Africa United Kingdom PLC SC PAR”dakı hesabına 400 min dollar köçürüb.

Anass Derraz Aleksandr Benallanın Fərhad Əhmədovdan rüşvət almasına kömək etməkdə ittiham olunur.

Qeyd edək ki, Anass Derraz 1984-cü ildə Mərakeşdə anadan olub, Fransa Respublikasının və Mərakeş Krallığının vətəndaşıdır, evlidir, iki uşağı var. O, “SAUR” şirkətinin vitse-prezidentidir. Şirkət Dubayda qeydiyyatdan keçib.

DTX tərəfindən Anass Derraza Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, Anass Derraz 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, Aleksandr Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub. İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. İnterpolun Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbərini “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir.

“Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. Aleksandr Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur. Anass Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub.

Növbəti proses sentyabrın 11-də davam edəcək.


Geri qayıt