Əsas Səhifə > Güney Press > Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar
Rusiyada atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılarBu gün, 18:00 |
2024-cü ilin yanvarında Rusiyanın Tümen şəhərində baş verən silahlı insidentlə bağlı açılmış səs-küylü cinayət işi üzrə məhkəmə hökmü elan olunub. Cinayət işində adıkeçən azərbaycanlılar bəraət alıblar. "DİA-AZ" Oxu.Az-a istinadla xəbər verir ki, hadisə zamanı bir qrup şəxs sakinlərinin gözü qarşısında avtomobilə atəş açıb. Həmin avtomobildə onların rəqibi olub. Yaralı şəxs hadisə yerindən uzaqlaşmağa müvəffəq olub və çiynindən odlu silah xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı məhkəmə istintaqının nəticəsində Maarif Əliyev və Rəsul Mansurov "silah tətbiqi ilə xuliqanlıq" və "başqasının əmlakına qəsdən zərər vurmaq" maddələri üzrə təqsirli biliniblər. Maarif Əliyev ümumi rejimli koloniyada 2 il 6 ay, Rəsul Mansurov isə 2 il 4 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxs 2024-cü ilin fevralında Samara şəhərində saxlanılaraq Tümenə aparılıblar və o vaxtdan etibarən həbsdə saxlanılıblar. Onlara həbsdə keçirdikləri müddət istintaq təcridxanasında keçirdikləri vaxta görə "bir yarım günə bir gün" adlanan qaydaya əsasən hesablanacaq. Ən ağır - "adam öldürməyə cəhd" maddəsi ilə ittiham olunan Maarif Əliyev, Rəsul Mansurov və Fuad Yaqubov tam şəkildə bəraət alıblar. Məhkəmə bu maddə üzrə onların hərəkətlərində cinayət tərkibi görməyib. Bu səbəbdən hər üç şəxs bu hissə üzrə reabilitasiya hüququna - yəni qanunsuz cinayət təqibinə görə dövlət kompensasiyasına malikdir. İş üzrə üçüncü təqsirləndirilən şəxs olan Fuad Yaqubov bütün maddələr üzrə tam bəraət alıb. Hökm çıxarılanadək o, ev dustaqlığında olub və artıq o da kompensasiya tələb edə bilər. Məhkəmə, həmçinin atəşə tutulan avtomobilin sahibinin, zərərçəkmiş Vüsalə Allahverdiyevanın mülki iddiasını qismən təmin edib. Qərara əsasən, Əliyev və Mansurov ona ümumilikdə 815 800 rubl (17.3 min manat) təzminat ödəyəcəklər. Bu məbləğin 100 min rublu (2.1 min manat) daha əvvəl könüllü şəkildə ödənilmişdi. Qeyd edək ki, istintaq hadisənin əvvəlcədən planlaşdırılmış quldurluq hücumu olduğunu iddia etsə də, məhkəmə bu hüquqi qiymətləndirməni qəbul etməyib. Təqsirləndirilən şəxslər isə məhkəmə zamanı bildiriblər ki, atəş açmaqla özlərini müdafiə ediblər. Geri qayıt |