Əsas Səhifə > Güney Press > Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişir
Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişirBu gün, 12:48 |
ABŞ hərbiçilərini daşıyan təyyarənin İrəvana enməsi və paralel olaraq Rusiyanın Gümrüyə silah göndərməsi bölgədə iki fövqəl gücün eyni anda mövcudluğunu göstərir. Bu vəziyyət İrəvana hansı siyasi və hərbi mesajı verir? Bu, Ermənistanın təhlükəsizlik arxitekturasında hansı dəyişikliklərə işarədir? Ümumiyyətlə, Cənubi Qafqazı hansı təhlükə gözləyir?
Moderator.az- a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, ABŞ hərbçilərini daşıyan təyyarənin İrəvana enməsi ilə paralel olaraq Rusiyanın Gümrüyə silah göndərməsi barədə məlumatlar artıq uzun müddətdir mətbuatda dolaşır. Hərbi ekspertin sözlərinə görə, tərəflər bu barədə rəsmi açıqlama verməsələr də, son vaxtlar Ermənistanda ABŞ hərbçilərinin mövcudluğu sirr deyil. Hətta keçmiş postsovet ölkələrindən yalnız Ermənistanda ABŞ-ın hərbi attaşe xətti ilə kifayət qədər hərbçisi var. Bunun bir sıra dərin səbəbləri mövcuddur:
“Onlardan biri də Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının olmasıdır. Rusiya davamlı şəkildə Gümrüyə silah-sursat göndərir. Bu, dünən də belə olub, bu gün də belədir. Sabah necə olacağı isə hadisələrin gedişatından asılıdır. İrəvanın burada müəyyən məqsədləri var: həm Rusiya ilə münasibətləri tam pozmamaq, həm də artıq bəyan edildiyi kimi, ABŞ-ın 99 illiyə Ermənistan ərazisindən keçən hissədə öz şirkətini yerləşdirməsinə şərait yaratmaq. ABŞ bu addımı bəzi qabaqlayıcı və təhlükəsizlik tədbirləri çərçivəsində atır, çünki Rusiya müəyyən addımlar ata bilər. 10 noyabr 2020-ci il razılaşmasına əsasən, həmin ərazilərin təhlükəsizliyinin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən təmin edilməli olduğu qeyd olunur. ABŞ isə yeni hərbçilərini İrəvana məhdud sayda, amma kifayət qədər hazırlıqlı şəkildə gətirir. Texniki məsələlər həll edildikdən sonra həmin hərbçilərin böyük hissəsi Ermənistanı tərk edəcək. Orada yalnız ABŞ vətəndaşlarının təhlükəsizliyini Ermənistan hüquq-mühafizə orqanları ilə birlikdə təmin edəcək məhdud sayda hərbçi qalacaq. Bununla da ABŞ həm Rusiyaya, həm də Ermənistana ayrıca mesaj verir: “Biz buradayıq, narahat olmağa dəyməz”.
Üzeyir Cəfərov vurğulayıb ki, Cənubi Qafqazda, bütün dünyada olduğu kimi, təhlükəsizlik arxitekturası dəyişir və bu dəyişikliklər qarşıdakı illərdə də davam edəcək:
“Buraya Ermənistan–Türkiyə münasibətləri, Ermənistan–Azərbaycan münasibətləri, sərhədlərin müəyyənləşdirilməsi prosesinin tamamlanması, Türkiyə ilə sərhəd buraxılış məntəqələrinin fəaliyyətə başlaması kimi məsələlər daxildir. Cənubi Qafqaz üçün təhlükə hər zaman olub. Özünü SSRİ-nin varisi sayan Rusiya Federasiyası 2044-cü ilə qədər bölgədə qoşun saxlamağı planlaşdırırdı. Qarabağa isə 2020-ci ildə “sülhməramlı missiya” adı ilə gələn rus qüvvələri yaxın vaxtlarda çıxmaq niyyətində deyildilər. Lakin Rusiya–Ukrayna müharibəsi və dünyada gedən bəzi proseslər Moskvanı bölgəni tərk etməyə məcbur etdi. Əgər bu müharibə baş verməsəydi və Ukraynanın Rusiyanı zəiflətməsi istiqamətində addımlar atmasaydı, Kreml belə tezliklə Cənubi Qafqazdan uzaqlaşmayacaqdı.
Hazırda Cənubi Qafqazda yeni reallıqlar formalaşır, yeni təhlükəsizlik arxitekturası cızılır. Burada iqtisadi, siyasi, hərbi və hərbi-texniki məsələlər mövcuddur. Buna görə qarşıdakı aylarda ABŞ hərbçilərinin Ermənistan ərazisinə tez-tez gəlib-getməsinin şahidi olacağıq. Elə bu gündən – avqustun 12-dən başlayaraq iki həftəlik ABŞ–Ermənistan hərbi təlimi keçirilir. Keçən il də eyni mənzərə müşahidə olunmuşdu, bu il də davam edir. Qarşıdakı illərdə də bu təlimlər, birgə hərbi tədbirlər Ermənistanda keçiriləcək, hətta gələcəkdə bu prosesə Azərbaycanın da qoşulması mümkündür. Vaşinqtonda baş tutan görüşdən sonra ortaya çıxan mənzərə göstərir ki, təkcə iqtisadi, siyasi və mədəni sahələrdə deyil, hərbi və hərbi-texniki sahədə də tərəflər arasında münasibətlər genişlənir və dərinləşir. ABŞ hərbçilərinin Ermənistana gəlişi hər zaman olacaq. Rusiya bundan narahat olsa da, bu reallığı qəbul etməli və bununla barışmalıdır”.
Geri qayıt |