Əsas Səhifə > Güney Press > İran Bakıya Zəngəzurla bağlı xoşagəlməz bilgi sızdırdı

İran Bakıya Zəngəzurla bağlı xoşagəlməz bilgi sızdırdı


Bu gün, 13:01

Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində ABŞ-ın vasitəçiliyi ilə keçirilən Vaşinqton görüşü regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsini yenidən ön plana çıxarıb. İddia edilir ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan və Türkiyə üçün deyil, eyni zamanda İsrail kimi regional güclər üçün də mühüm geoiqtisadi və geosiyasi imkanlar yaradır.

İsrail Zəngəzur dəhlizindən hansı formada yararlana bilər? Bu koridor Yəhudi dövləti üçün nə dərəcədə önəmlidir?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Zəngəzur dəhlizində “İsrail izi”nin axtarılması İranın mürtəce dini dairələrinin mediaya ötürdüyü istiqamətdir və bu məsələ haqqında müzakirə aparılmamalıdır:

“İranın bəzi mürtəce dairələrinin “Zəngəzur dəhlizi İsrailə xidmət edəcək” tipli iddiaları tamamilə əsassız, faktoloji baza və məntiqdən uzaqdır. Bu, sadəcə olaraq, Azərbaycana qarşı uzun illərdir aparılan qarayaxma kampaniyasının növbəti epizodudur.

Birincisi, Zəngəzur dəhlizi Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və bütövlükdə Orta Asiya-Qafqaz- Avropa xəttində iqtisadi, nəqliyyat və logistika inteqrasiyasını təmin edəcək regional layihədir. Bu marşrut Orta Dəhlizin ayrılmaz parçasıdır. Burada İsrailin hüquqi, siyasi və ya infrastruktur baxımından heç bir iştirakı yoxdur.

İkincisi, İsrailin Zəngəzur dəhlizindən “yararlanması” iddiası texniki baxımdan da mənasızdır. İsrailin Azərbaycana ixrac və idxal etdiyi məhsullar hazırda birbaşa hava və dəniz yolu ilə gedib-gəlir. Tel-Əvivin Zəngəzur dəhlizi ilə hər hansı strateji nəqliyyat ehtiyacı yoxdur. Bu marşrut İsrailin coğrafi tranzit xəttinə düşmür, çünki İsrail nə Mərkəzi Asiya, nə də Qafqaz regionu ilə böyük həcmli quru yükdaşımaları aparır.

Üçüncüsü, İran bu “İsrail kartını” oynadıqca, əslində, regiondakı türk dünyası əməkdaşlığını ləkələmək və Azərbaycan-Türkiyə strateji ittifaqına qarşı informasiya savaşı aparmaq niyyətini gizlətmir. Bu ritorika Tehran üçün iki məqsədə xidmət edir: Öz ictimaiyyətində Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq və region ölkələri arasında şübhə toxumu səpmək.

Dördüncüsü, əgər məsələni sırf geosiyasi prizmadan qiymətləndirsək, Zəngəzur dəhlizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin iqtisadi inteqrasiyasını möhkəmləndirəcək. Bu isə İranın istəmədiyi əsas nəticədir. Çünki bu dəhliz Orta Asiya ilə Türkiyə arasındakı yükdaşımaları sürətləndirəcək, İranın öz ərazisindən keçən tranzit yüklər üçün rəqabət yaradacaq.

Kəsəsi, İsrail bəhanəsi sadəcə, İranın qorxularını və regional rəqabətdə uduzduğunu ört-basdır edən bir vasitədir. Bu iddialar fakt yox, siyasi isterikadır”.


Geri qayıt