Əsas Səhifə > Güney Press > Rusiyada yaşayan azərbaycanlıların nəzərinə!
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə!Bu gün, 17:50 |
Rusiyada miqrasiya qaydalarında ciddi dəyişikliklər edilir. 2025-ci il sentyabrın 1-dən Moskva şəhəri və Moskva vilayətində miqrantlar üçün yeni qaydalar tətbiq ediləcək. Yeni qaydalar əcnəbilərin Rusiyaya girişi, qeydiyyatı, viza və yaşayış icazəsinin alınması, vətəndaşlığa qəbulu və imtahanlarla bağlıdır. Sentyabrın 1-dən Rusiyaya vizasız daxil olmuş bütün xarici vətəndaşlar məcburi qeydiyyatdan keçəcəklər. Əcnəbilər Moskva "Miqrasiya Mərkəzində" qeydiyyatdan keçməli, proqram quraşdırmalı, biometrik məlumatlara çıxışı təmin etməli və Geolokasiya izlənməsinə icazə verməli olacaq (Qeydiyyat üçün 90 gün; ünvan dəyişdirildikdə: 3 iş günü müddətində Daxili İşlər Nazirliyinə məlumat verilir). Miqrantlar pozuntulara görə, müəyyən məsuliyyətlər daşıyacaq. Belə ki, birinci pozuntu zamanı onlar nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcəklər, təkrar pozuntu halı baş verdikdə isə deport olunacaqlar. Digər yandan Rusiyanın bir neçə bölgəsində bir patent altında işləmək imkanı təqdim olunur. Sentyabr ayından Rusiyaya hər hansı keçid məntəqəsindən vizasız daxil olmaq üçün əcnəbilər ruID mobil tətbiqi vasitəsilə özləri və səfərlərinin məqsədi haqqında məlumatı əks etdirən ərizə təqdim etməli olacaqlar. Tətbiqdən istifadə edənlər giriş məhdudiyyətlərini yoxlaya və digər xidmətləri ala biləcəklər. Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixindən etibarən Moskva və Moskva vilayətində xarici vətəndaşlar olduqları yer üzrə deyil, səlahiyyətli təşkilatın ünvanında qeydiyyata alınacaqlar. Xarici uşaqların məktəblərə qəbulu qaydalarında da müəyyən dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minəcək. Belə ki, əcnəbi uşaqlar rus dili biliyi üzrə şifahi və yazılı testlərdən keçəcəklər (birinci sinif şagirdləri yalnız şifahi hissədən keçəcək). Məktəbə qəbul olmaq üçün uşaqlar ən azı 3 bal toplamalıdır. İkinci cəhd 3 ay ərzində mümkündür. Rusiyada işləmək və yaşamaq istəyən əcnəbilərin keçməli olduqları xarici dil, tarix və Rusiya qanunvericiliyinin əsasları kimi rus dilindən imtahanlar üzrə tapşırıqların yerinə yetirilməsi üçün də tələblər dəyişib. Modern.az-a açıqlamasında Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov bildirib ki, miqrantların sayının kəskin artması və ölkəyə giriş, qeydiyyatın pozulması, bəzi miqrantlar tərəfindən pozuntuların artması və köhnəlmiş qanunvericilik nəticəsində hökumət son vaxtlar Rusiya Federasiyasında miqrasiya problemlərini sadələşdirmək və həll etmək üçün yeni qanunlar və qaydalar tətbiq edir. O qeyd edib ki, Rusiyada, xüsusən də paytaxtda yaşayan azərbaycanlılar üzərlərində təzyiq hiss etmirlər: "Rusiyada yaşayan, xüsusən də paytaxtda yaşayan azərbaycanlılar olaraq üzərimizdə heç bir təzyiq hiss etmirik. Həyat öz axarı ilə davam edir. Rusiya dövləti digər dövlətlər kimi hər il öz miqrasiya qanunlarını təkmilləşdirir. Mən buna sərtləşmə yox, təkmilləşmə deyərdim. Qanuna tabe olan vətəndaşlar sənədlərini vaxtlı-vaxtında qaydasına salırlar və öz əmək, yaxud digər fəaliyyətləri ilə sakit şəkildə məşğul olurlar. Həmçinin biz böyük satış mərkəzlərində, bazarlarda mütəmadi olaraq həm yerlilərimizlə əlaqədə oluruq və onlara konsltativ yardımlar göstəririk. Bu barədə bizə heç bir şikayət daxil olmayıb". B.Həsənov vurğulayıb ki, yalnız 1-ci sinfə qəbul məsələsində müəyyən problemlər yaşanır: "Bizim Moskva Şəhəri Təhsil Departmenti ilə sıx əlaqələrimiz var. Bu istiqamətdə biz imkan daxilində vaxtaşırı olaraq həmyerlilərimizə yardımlar göstəririk". Geri qayıt |