Əsas Səhifə > Güney Press > Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı?

Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı?


Bu gün, 11:21

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 18-də ölkə vətəndaşlarına müraciətində bir sıra maraqlı açıqlamalar verib. “Vaşinqtonda keçirilən görüşdən sonra Ermənistanla Azərbaycan arasında sülh yaranıb. Avqustun 8-dən sonra biz tamam başqa Cənubi Qafqazda, tamamilə başqa Ermənistan Respublikasında yaşayırıq. Bu faktı dərk etmək lazımdır. Bu, asan deyil, çünki bu, bizim üçün qeyri-adi vəziyyət və reallıqdır. Biz sülhün nə olduğunu bilmirik, sülh şəraitində yaşamaq və işləmək nə deməkdir. Bu, bizim üçün qeyri-adi hissdir. Sülhdə yaşamağın nə demək olduğunu sıfırdan öyrənməliyik”, - deyə Ermənistanın baş naziri xalqa müraciətində bildirib.

Paşinyan həmçinin bildirib ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp Azərbaycanla münasibətlərin normallaşması prosesində əvəzsiz rol oynayıb. Nikol Paşinyan Qarabağ barədə də danışıb: “2025-ci ilin martında Milli Məclisin kürsüsündən bəyanat vermişdim, bundan sonra xalqa müraciət etdim, söylədim ki, biz Qarabağ hərəkatını (separatçı proses - red.) davam etdirməməliyik, mən Qarabağ hərəkatını davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəm, razı olmasanız, inqilaba çağırdım. Hörmətli insanlar, siz mənim kimi Qarabağ məsələsini həll etmədən sülhün mümkün olmadığını anladığınız üçün inqilab etmədiniz. Qarabağ məsələsindən müəyyən qüvvələr Ermənistanın inkişafının qarşısını almaq üçün istifadə ediblər. Qarabağdan didərgin düşənlərə (könüllü gedən ermənilər - red.) gəlincə, mən dəfələrlə açıq şəkildə bəyan etmişəm ki, onların qayıdışla bağlı fikirlərini real hesab etmirəm. Mənim fikrim budur ki, bu strategiya ilə razılaşmayanlar münaqişənin yenidən canlandırılması məntiqinə qapılıblar”.

Baş nazir bildirib ki, avqustun 8-də imzalanmış Vaşinqton bəyannaməsi və paraflanmış sazişlə Ermənistan və Azərbaycan 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü tanıyıb. N.Paşinyan anklavlarla bağlı qeyd edib ki, bu məsələ də delimitasiya və demarkasiya prosesində qarşılıqlı şəkildə həll edilməlidir: "Hazırda Azərbaycanın nəzarətində olan Ermənistanın suveren əraziləri kimi, bizim nəzarətimizdə olan Azərbaycanın suveren əraziləri var və bu məsələ demarkasiya prosesində qarşılıqlı şəkildə həll olunmalıdır".

Paşinyan deyib ki, Azərbaycanda həbsdə olan ermənilərin Ermənistana təhvil verilməsi məsələsi sülh gündəliyində müzakirə edilmir: “Çünki bu məsələ diplomatik iş tələb edir. Biz indiyə qədər 50-dən çox erməni məhbusun danışıqlar yolu ilə Ermənistana qayıtmasına nail olmuşuq”. Zəngəzur dəhlizindən danışan baş nazir bildirib ki, bəzi qonşu ölkələr tərəfindən Zəngəzur dəhlizi ilə bağlı yanlış düşüncələr artıq aradan qalxıb. Prezident İlham Əliyev Vaşinqon görüşündən sonra bildirmişdi ki, müzakirələr zamanı Paşinyana “ev tapşırıqları” olub. Heç şübhəsiz ki, əsas “ev tapşırığı” erməni xalqına müraciətdə üstündən keçilən konstitusiyaya dəyişiklik və Azərbaycana qarşı ərazi iddialarının əsas qanundan, normativ hüquqi aktlardan çıxarılmasıdır.

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Paşinyanın xalqa müraciəti əvvəl dediklərinin təkrarıdır: “Baxın, elə özü də vurgulayır ki, Qarabağdan özləri çıxıb gedən soydaşlarının geri dönmələrini real hesab etmədiyini dəfələrlə deyib. Maraqlı olan Paşinyanın nədən bunu real hesab etməməsidir ki, Ermənistan baş naziri bilərəkdən onun üstündən keçir. Çünki burada səbəb təkcə o deyil ki, Qarabağdan gedənlərin Azərbaycan torpağında bizim qanunlara tabe olmadan yaşamalarının mümkünsüzlüyü gün kimi aydındır. Paşinyan həm də ona görə bunu real hesab etmir ki, Qarabağdan gedən haylar geri dönəcəkləri halda, Ermənistandan deportasiya olunanların yurd yerlərinə qayıtmalarının qarşısını ala bilməyəcəklərini anlayır”.

Deputat bildirdi ki, onun qonşu ölkələr adlandırdığı İranla Rusiyanın dəhlizlə bağlı yanlış düşüncələrinin guya aradan qalxdığı haqda açıqlaması isə həqiqəti əks etdirmir: “Özəlliklə də İranın əlacı olsa, heç cür bu dəhlizi açılmağa qoymazdı. Amma indi ortada ABŞ var deyə, əvvəlki ötkəmlikləri buxarlanıb. Bu, təkcə qorxu amilindən qaynaqlanmır. İrandakı rejim Zəngəzur dəhlizinin Azərbaycanla Türkiyədənsə, kimin istəyirsən, hətta İsrailin də kontrolu altında olmasını özləri üçün daha əlverişli hesab edirlər. Onların əsas düşüncələri bundan ibarətdir”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov isə bildirdi ki, Paşinyanın xalqa son müraciətində referendum barədə susması diqqətçəkəndir: “Bu susqunluğun bir neçə səbəbi var. Birincisi, Paşinyan referendum məsələsini gündəmə gətirsəydi, dərhal müxalifətin sərt müqaviməti ilə üzləşəcəkdi. Ermənistan müxalifəti referendum ideyasını "milli xəyanət" kimi təqdim edir. İkincisi, hazırkı şəraitdə referendum barədə danışmaq cəmiyyətdə kəskin bölünməni dərinləşdirə bilərdi. Paşinyan isə xalqa müraciətində daha çox “sülhü öyrənmək” ideyasını qabartmaq istədi. Üçüncüsü, Vaşinqton bəyannaməsi artıq Ermənistanı hüquqi cəhətdən öhdəlik altına salır. Yəni konstitusiyanın dəyişdirilməsi beynəlxalq sənədlə təsdiqlənmiş mövqeyin daxili hüquq sisteminə uyğunlaşdırılması deməkdir. Amma Paşinyan bu məsələni indiki mərhələdə qabartmır, çünki referendum barədə danışmaq ictimaiyyətə “biz artıq Qarabağ məsələsini birdəfəlik bağlayırıq” mesajını çox sərt şəkildə ötürərdi. Dördüncüsü, referendum üçün real siyasi hazırlıq yoxdur. Ermənistan cəmiyyətində konstitusiya dəyişikliyinə dəstək azdır. Çoxluq bu dəyişikliyi Azərbaycanın təzyiqi kimi görür. Paşinyan isə anlayır ki, əgər xalq dəstəyi olmadan bu mövzunu qaldırsa, nəticədə özü üçün siyasi fəlakət yarada bilər. Beşinci səbəb beynəlxalq müstəvidədir. ABŞ və Avropa İttifaqı sülh sazişini dəstəkləyir, amma onlar da Paşinyanı çox sıxmaq istəmirlər. Çünki referendum ideyası Ermənistanda siyasi partlayış doğura bilər. Ona görə Qərb Paşinyana zaman verir".

T.İsmayılovun sözlərinə görə, Paşinyan xalqa müraciətində referendumdan danışmasa da, bu, məsələnin gündəmdən çıxması demək deyil: “Paşinyan xalqı birdən-birə sərt həqiqətlə üz-üzə qoymaq istəmir. O, əvvəlcə "sülh psixologiyasını" formalaşdırmağa çalışır. Sonra isə konstitusiya dəyişikliyini təqdim edəcək. Bu da göstərir ki, Paşinyan prosesləri mərhələli şəkildə aparmaq istəyir. Əgər o, müraciətində referendumdan danışsaydı, bu, sülhün elan olunmasından doğan pozitiv ab-havanı bir anda dağıda bilərdi. Çünki referendum Ermənistanda emosional mövzudur. Paşinyan yaxşı başa düşür ki, referendumun keçirilməsi həm də onun siyasi taleyini müəyyən edəcək. Ona görə indiki məqamda bu barədə danışmaq əvəzinə mövzunu ertələməyi üstün tutdu. Digər tərəfdən, konstitusiya dəyişiklikləri ilə bağlı referendum beynəlxalq aləmdə Ermənistanın yeni kursunu təsdiqləyəcək. Amma bunun üçün Paşinyana həm vaxt, həm də cəmiyyətin razılığı lazımdır. Bu səbəbdən də onun son çıxışında referendum mövzusu yox idi. Yəni Paşinyan mərhələ-mərhələ insanları buna hazırlayır".


Geri qayıt