Əsas Səhifə > Güney Press > Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu

Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu


Bu gün, 11:30

ATƏT-ə sədrlik edən Finlandiya Azərbaycan və Ermənistanın Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətinə cavab olaraq lazımi tədbirlərə başlayıb. Finlandiyalı diplomat Toni Sandell deyib ki, Finlandiya iki ölkənin birgə müraciətinin cavablandırılması prosesinə başlayıb, əlavə məlumat daha sonra veriləcək. Qeyd edək ki, Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edib. Avqustun 8-də iki ölkənin xarici işlər nazirləri bu sənədi Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə imzalayıblar.
ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanması üçün iki mühüm şərtindən biri olub. Xatırladaq ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün yaradılıb. 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi həll olunub, bu da Minsk qrupuna və onun institutlarına ehtiyac qalmadığı deməkdir. Qrupa üç həmsədr ölkə - ABŞ, Rusiya və Fransa və Finlandiyanın özündən əlavə Belarus, Almaniya, İtaliya, Türkiyə, İsveç, Azərbaycan və Ermənistan daxildir.
 
Siyasi şərhçi Azər Niftiyev "Şərq"ə açıqlamasında deyib ki, ATƏT-in Minsk qrupu ötən əsrin 90-cı illərində keçmiş Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılmışdı. Ekspert xatırladıb ki, bu təsisata ABŞ, Rusiya və Fransa rəhbərlik edirdi:
"Bu ölkələrin üçü də işğal dövründə faktiki olaraq Ermənistanın mövqeyini müdafiə ediblər, təcavüzə, bir milyon vətəndaşımızın öz yurdlarından didərgin düşməsinə göz yumublar. Xocalı soyqırımına, bəşəriyyət əleyhinə cinayətlərə səs çıxarmayıblar. Ermənistan Rusiyanın forpostu idi. Əvvəlki Ermənistan rəhbərliyi Kremldən gələn təlimatları qeyd-şərtsiz icra edirdi. Fransanın da Ermənistana münasibəti, əlaqələri bəllidir. ABŞ hökumətləri də xristian təəssübkeşliyindən çıxış edərək, erməni lobbisinin təsiri ilə Ermənistana hamilik edirdi. Belə durumda ATƏT-in Minsk qrupu ədalətli, obyektiv və səmərəli fəaliyyət göstərə bilməzdi və göstərmədi. Azərbaycan və Ermənistan arasındakı münaqişə Minsk qrupunun iştirakı olmadan başa çatdı. Uzun-uzadı danışıqların əhəmiyyətsiz olduğunu görən Azərbaycan öz torpaqlarını güc yolu ilə işğaldan azad etdi. 30 il ərzində münaqişənin həlli istiqamətində heç bir addım atılmadı. Bununla yanaşı, Ermənistan da şansını düzgün dəyərləndirmədi. 44 günlük müharibədən öncə də cənab Prezident Ermənistan rəhbərliyinə sonuncu xəbərdarlığını etdi ki, torpaqlarımızı boşaldın, qan tökülməsin. Ermənistan bu xəbərdarlıq mesajını doğru təhlil edə bilmədi. Nəticədə rüsvayçı məğlubiyyətə düçar oldu, ardınca antiterror əməliyyatı ilə suverenliyimiz tam bərpa olundu. Rusiya "sülhməramlı" qüvvələri də vaxtından əvvəl torpaqlarımızı tərk etdi".
 
A.Niftiyev əlavə edib ki, sonrakı dönəmdə danışıqlar ikili formatda aparıldı və ciddi nəticələr əldə olundu:
"Son olaraq Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirildi və mühüm sənədlərə imza atıldı, sülh sazişi paraflandı. Məhz həmin razılaşmada ATƏT-in Minsk qrupunun ləğvinə dair anlaşma əldə edildi. Bu, mühüm bənd idi və onsuz da fəaliyyətsiz olan bir qurumun formal olaraq ləğvi önəmli sayılır. Çünki müəyyən dairələr zaman-zaman bu təsisatdan öz məqsədləri üçün istifadə etməyə cəhd göstərirlər. O baxımdan Minsk qrupunun ləğvi Azərbaycan dövlətinin, cənab Prezidentimizin qətiyyətinin, siyasi iradəsinin nəticəsidir. Finlandiyanın da qurum sədri kimi bu məsələni uzatmaması təqdirəlayiq idi. Vaşinqton görüşündən sonra bu, labüd idi. Ermənistan nəhayət tarixdən, keçmişdən düzgün nəticə çıxartmalı, öhdəliklərinə əməl etməli, yekun sülhü gecikdirəcək davranışlar sərgiləməməlidir".

Geri qayıt