Əsas Səhifə > Güney Press > Münasibətlərin normallaşmasına qərar verilib

Münasibətlərin normallaşmasına qərar verilib


Bu gün, 11:36

Çinlə Hindistan arasındakı münasibətlərdə normallaşma prosesi davam edir. Çinin xarici işlər naziri Van Yi Hindistana üç günlük səfəri zamanı bu ölkənin baş naziri Narendra Modi ilə görüşüb. Van Yinin Hindistana səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyinə həsr olunub. Narendra Modi Van Yi ilə görüşdə ikitərəfli əməkdaşlığın inkişafını və sərhəd məsələlərini müzakirə edib. Sonuncu məsələ hər iki tərəf üçün əhəmiyyətlidir. Çünki, 2020-ci ildə məhz sərhəddə baş verən toqquşmalarda hər iki ölkənin sərhədçiləri arasında itkilər qeydə alınmış, bu olaydan sonra münasibətlər gərginləşmişdi. Sərhəddəki olaylar iki ölkə arasındakı iqtisadi əlaqələrə də mənfi təsir etmişdi.

Buna baxmayaraq, son bir ildə Pekinlə Dehli arasında artan dialoq hər iki tərəfin münasibətləri normallaşdırmaq marağından irəli gəlir. Tərəflər sərhədin mübahisəli hissələrində demarkasiya prosesini sürətləndirməyi razılaşdırıblar. Van Yi Narendra Modi ilə görüşdə Hindistanın baş nazirinin Çinə gələcək səfərini də müzakirə edib. Hindistanın baş naziri avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək zirvə toplantısına qatılmalıdır. Modi Van Yi ilə görüşdə deyib ki, Hindistan və Çin rəqib deyil, tərəfdaş olmalıdırlar. O buna misal olaraq hər iki ölkənin iqtisadiyyatlarını sürətlə inkişaf etdirdiklərini və bunun əməkdaşlığa müsbət təsirini vurğulayıb.

Van Yi hindli həmkarı Subrahmanyam Jaishankarla görüşdə eyni mövzuları müzakirə edib. Hindli diplomat iki ölkə arasında insanlar arasında mübadilənin vacibliyini də söyləyib. Hindistan bu istiqamətdə ilk addımı atıb, iyul ayının sonundan Çin vətəndaşlarına turist vizaları verilməyə başlanılıb.

Van Yinin Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Dovalla görüşü də maraq doğurub. Çünki, bu görüşdə sərhəd və münasibətlərin normallaşdırılması mövzularının texniki tərəfləri detallı müzakirə olunub. Bu, iki tərəfin sərhəd mübahisəsinə dair danışıqların 24-cü raundu idi. Maraqlıdır ki, Van Yi Hindistana məhz Ajit Dovalın dəvətiylə səfər edib. Görüşdə Hindistan və Çinin 2020-ci ildəki sərhəd toqquşmalarından sonra beş illik fasiləyə son qoyaraq birbaşa uçuşların və sərhədyanı ticarətin bərpası barədə razılığa gəliblər. Görüşdə Himalay sərhədində yerləşdirilən qoşunların çıxarılması, sərhədlərin demarkasiyası, sərhədyanı ticarətin canlandırılması, viza prosedurlarının sadələşdirilməsi və investisiya əməkdaşlığının artırılması müzakirə olunub. Van Yi danışıqlarda Çin-Hindistan əlaqələrinin sabit və sağlam inkişafının hər iki ölkə xalqının əsas mənafeyinə uyğun olduğunu vurğulayıb.

Beləliklə, Pekin və Dehli gərginliyinə son qoymağa qərar veriblər. İki ölkə arasında münasibətlərinin normallaşdırılmasının bir başqa səbəbi də var. ABŞ Prezidenti Donald Tramp Çini və Hindistanı sanksiyalarla hədələyib. Çin və Hindistan Rusiya ilə enerji sahəsində əməkdaşlığı davam etdirirlər və bu Ağ Evin xoşuna gəlmir. ABŞ və Rusiya Prezidentlərinin Alyaskadakı görüşü sanksiyalar mövzusunu arxa plana keçirməli idi. Buna baxmayaraq, ABŞ nümayəndə heyətinin Hindistana planlaşdırılan səfəri təxirə salınıb. Bir qrup ekspert bunu ABŞ-la Hindistan arasında ticarət sazişinin təxirə salması kimi qiymətləndirib. Vaşinqton Hindistana qarşı elan etdiyi sanksiyaları tətbiq edərsə, bu Dehli ilə Pekin arasında dialoqu daha da genişləndirəcək. Halbuki, Çinlə Hindistan arasında tərəfdaşlığın gücləndirilməsi ABŞ-ın maraqlarına cavab verməməlidir. Buna görə də mümkündür ki, Ağ Ev son anda Hindistana sanksiya tətbiqindən imtina etsin.

“Atlas” Araşdırmalar Mərkəzi

"DİA-AZ"


Geri qayıt