Əsas Səhifə > Güney Press / Partiya > Mandatını və partiyasını qızına miras qoyan ATA
Mandatını və partiyasını qızına miras qoyan ATABu gün, 11:54 |
Azərbaycan siyasətində illərin “qocaman” deputatı kimi tanınan Fəzail Ağamalı ötənilki parlament seçkilərində mandatından əl çəkmişdi. 19 il parlament kürsüsündə özünə yer edən cənab Ağamalının öz mandatını qızına verməsi isə dövri mətbuatda dəfələrlə tirajlanan informasiyalardan biri olub. Amma reallıq budur ki, bu, sadəcə formal “gediş” idi. Çünki 78 yaşlı sabiq deputat millət vəkilliyini şəxsi mülkə çevirməkdə israrlı olduğunu keçən il göstərdi. Belə ki, Ana Vətən Partiyasının (AVP) sədri əvvəlcə kreslosunu xalqın etimadından qoparıb ailədaxili miras kimi qızına ötürməyi bacardısa, indi də növbə bir 30 il də qızının parlamentdə “külüng” vurmasıdır. Yada salmaq yerinə düşər ki, Fəzail Ağamalı altı çağırış Milli Məclisdə otursa da, xalq onu dərdlərinə çarə axtaran siyasətçi kimi deyil, əksinə, Ramiz Mehdiyevin yaxın adamı kimi tanıdı. Onun adı illərlə “boz kardinal”la yanaşı hallandı. Təsadüfi deyil ki, müxtəlif çıxışlarında Mehdiyevi müdafiə edib, onun “dövlətə sədaqətindən” danışıb. Bu yaxınlıq isə F. Ağamalını illərlə parlamentdə toxunulmaz saxlayıb. İndi isə deputatlıq kreslosunu qızına “hədiyyə” edən qocaman siyasətçi bu dəfə də partiya rəhbərliyini ona vermək istəyir. Ötən il 65 saylı Salyan-Biləsuvar-Neftçala dairəsindən namizədliyi irəli sürülən və sözügedən dairədən qələbə qazanan Günay Ağamalı ictimaiyyət üçün tanış sima deyil. Psixoloq ixtisaslı, atasının partiyasında Qadınlar Şurasına rəhbərlik etmiş Günay xanım siyasi arenada bir nüfuz, fəaliyyət göstərməyib. Onu yerli mediada tanıdan yalnız qalmaqallı hadisələrdir. 2021-ci ildə “Buta” bağçasında baş verən səs-küylü olay da məhz buna sübutdur. Belə ki, Türkiyə vətəndaşı Abdurrahman Kumaş daun sindromlu övladının bağçada xəsarət aldığını, vəd edilən dərslərin keçirilmədiyini açıqlamışdı. Pulunu geri tələb etdikdə isə Günay Ağamalı sözügedən məbləği ona geri qaytarmamışdı. Valideyn isə Fəzail Ağamalını qızını kor-koranə müdafiə etdiyi üçün sərt tənqid etmişdi. Daha sonralar isə xanım deputatın bağçanı satışa çıxarmasına dair ifnormasiyalar qarşımıza çıxmışdı. Daha bir maraqlı məqam isə Günay Ağamalının Bakıda 617 kvadratmetrlik obyektə sahib olduğu barədə mətbuatda yayılan məlumatlar olub. Deputatlığa iddia edən namizəd həm də “Buta” adlı QHT yaradaraq fəaliyyətini genişləndirmişdi. Ən maraqlısı isə odur ki, Azərbaycanda fəaliyyət göstərən Günay Ağamalı Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının üzvüdür. Qəribədir, Azərbaycan vətəndaşını Rusiyada fəaliyyət göstərən təşkilatlarda təmsil edən nədir? Bu əlaqələrin arxasında hansı maraqlar dayanır? Ağamalıların maliyyə qalmaqalları da az deyil. Fəzail Ağamalıya aid “Agricola” şirkəti götürdüyü kreditləri ödəmədiyi üçün “Aqrarkredit” QSC tərəfindən məhkəməyə verilib. Siyahıda yalnız Fəzail bəy deyil – oğlanları, qızı Günay, hətta nəvələrinin də adları var. Yəni, ailə kredit bataqlığında çabalayır, amma eyni zamanda mandatı şəxsi sərvət kimi nəsildən-nəsilə ötürməyə çalışır. Uzun sözün qısası, bu mənzərə bir daha sübut edir ki, Azərbaycanda deputatlıq bəzi şəxslərin gözündə xalqa xidmət kürsüsü deyil, ailədaxili pay bölgüsüdür. Xalqın etimadının isə “Ağamalıların ailə biznesi”nin tərkib hissəsinə necə çevrildiyinin səssizcə şahidi olmaqdayıq… Yenicag.az Geri qayıt |