Əsas Səhifə > Güney Press > Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA
Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞABu gün, 12:00 |
Rusiyada azyaşlı miqrantların ölkəyə təkbaşına daxil olmasına məhdudiyyət qoyulması ilə bağlı yeni qanun layihəsi Dövlət Dumasına təqdim olunub. Modern.az-ın məlumatına görə, sənədin müəllifləri deputatlar Nina Ostaninavə Yaroslav Nilovdur. Onlar təklif edib ki, bundan sonra 18 yaşınadək xarici vətəndaşların Rusiyaya yalnız valideynlərinin, qanuni nümayəndələrinin, yaxud onların yazılı notarial etibarnaməsi olan müşayiətçi şəxslərin yanında gəlməsinə icazə verilsin. Layihəyə görə, etibarnamə ilə ölkəyə giriş yalnız təhsil almaq, müalicə olunmaq və ya qısamüddətli səfərlər (məsələn, idman yarışları, olimpiadalar, turizm) üçün mümkün olacaq. Əgər valideynlərin müvəqqəti yaşayış icazəsi ləğv edilərsə, onların övladlarının da ölkədən çıxarılması nəzərdə tutulur. Hazırda azyaşlıların Rusiyaya təkbaşına daxil olmasına qadağa yoxdur. Deputatlar bildirirlər ki, bir çox hallarda uşaqlar “təhsil adı” ilə ölkəyə daxil olub əslində işləməyə gedirlər. Onların sözlərinə görə, təkbaşına qalan uşaqların miqrasiya qaydalarını pozması halları da geniş yayılıb. Rəsmi açıqlamada qeyd olunur ki, 2024-cü ildə 1,5 min azyaşlı miqrant (əsasən Mərkəzi Asiya ölkələrindən) miqrasiya qanunvericiliyini pozduğuna görə müvəqqəti saxlanma mərkəzlərinə yerləşdirilib. Rusiya hökuməti isə hesab edir ki, belə notarial etibarnamələr “azyaşlıların nəzarətsiz qalması problemini” həll etməyəcək. Rəsmi rəydə vurğulanır ki, etibarnamənin həqiqiliyinin yoxlanılması qaydası müəyyən edilməyib, həm də təklif beynəlxalq normalara zidd ola bilər. Bu səbəbdən layihənin ciddi şəkildə yenidən işlənməsinə ehtiyac olduğu bildirilir. Miqrantlara yardım mərkəzinin rəhbəri Vadim Kojenov da etibarnamə şərtinin problemi aradan qaldırmayacağını düşünür: “Qanunla uşaqların ölkəyə girişini tam qadağan etmək mümkün deyil. Beynəlxalq razılaşmalar buna imkan vermir. Praktikada isə valideynlər deportasiya olunanda uşaqları da özləri ilə aparırlar”. Təklif olunan dəyişikliklər yalnız Mərkəzi Asiya ölkələrinin vətəndaşlarına deyil, Rusiyada yaşayan azərbaycanlı ailələrə də şamil olunacaq. Yəni valideynlərsiz Rusiyaya təhsil və ya müalicə üçün getmək istəyən azərbaycanlı uşaqlar da notarial etibarnamə təqdim etməli olacaqlar. Bu isə Rusiyaya müntəzəm təhsil və müalicə məqsədilə gedən ailələrin işini çətinləşdirə bilər. Beləliklə, qanun layihəsi qəbul olunarsa, Rusiyada yaşayan və ya ora səfər edən azərbaycanlı ailələr də övladlarının səfərlərini yalnız valideyn müşayiəti və ya rəsmi etibarnamə ilə təmin etməli olacaqlar. Geri qayıt |