Əsas Səhifə > Güney Press > Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı

Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı


Bu gün, 18:02

Paytaxt küçələrində “Kirayə verilir” məzmunlu elanlarının sayı artdığı qədər qiymətlər də gündən-günə yüksəlir. Bir neçə ay əvvəl münasib qiymətə tapılması mümkün olan mənzillər indi əlçatmaz olub. Tələbələrin, gənc ailələrin və bölgələrdən Bakıya üz tutan insanların əsas narazılığı da elə bundandır – kirayə mənzillərin bahalaşması.
Kiçik bir araşdırma göstərir ki, hazırda paytaxtda aylıq kirayə mənzillərin qiymətləri minimum 400 manatdan başlayır. Aylıq kirayə mənzillərlə birlikdə günlük kirayə verilən mənzillərdə də artım müşahidə edirik. Əvvəllər bir günlük bağ evlərin dəyəri 100-150 manat, bəzi hallarda 200 manat olduğu halda, indi günü 400-500 manat olan evlər də mövcuddur.
Əmlak eksperti Anar Nəsirov “Sherg.az”a bildirdi ki, hər il olduğu kimi, avqust və sentyabr aylarında yeni dərs ilinin başlanması və yay aylarında bölgələrə istirahətə gedən insanların Bakı şəhərinə qayıtması səbəbindən ikinci əl kirayə mənzil bazarında tələbat artımı müşahidə olunur:
“ Bu proses tələbələrin şəhərə gəlişi ilə eyni vaxta düşdüyündən, təklifin tələbi ödəməməsi nəticəsində kirayə mənzil bazarında qiymət artımı yaranır. 2025-ci ildə qiymət artımına təsir göstərən mühüm amillərdən biri şəhərin müxtəlif istiqamətlərində aparılan söküntü işləridir. Xüsusilə, Nizami metrosunun arxasında yerləşən “Sovetski” kimi tanınan ərazilərdə və digər yerlərdə başlanan söküntülər nəticəsində həmin ərazilərdə yaşayan sakinlərə kirayə haqqı ödənilib və ya əmlaklarına görə kompensasiya verilib. Bu sakinlər yeni mənzil alana qədər kirayə mənzillərə üz tutduqlarından, bazarda əlavə tələbat formalaşıb və qiymətlərin artmasına səbəb olub. Eyni zamanda, 2023–2024-cü illərlə müqayisədə 2025-ci ildə kirayə bazarına çıxarılan mənzillərin sayı əhəmiyyətli dərəcədə azalıb. Məsələn, 2024-cü ildə gündəlik təxminən 20 kirayə mənzil bazara çıxarılırdısa, hazırda bu rəqəm 8–10 mənzil səviyyəsinə enib. Bu isə təklifin tələbdən dəfələrlə az olması ilə nəticələnməsinə gətirib çıxarır:
 
Ekspertin sözllərinə görə, gün ərzində yüzlərlə insan kirayə mənzil axtardığından, təklif-tələb balanssızlığı qaçılmaz olaraq qiymət artımına səbəb olub:
"Əmlak sahibləri isə bu vəziyyətdən istifadə edərək mənzillərini daha yüksək qiymətə bazara çıxarmaqda maraqlı olurlar. Onlar yaxşı bilirlər ki, bir müştəri həmin qiyməti qəbul etməsə belə, digər müştəri eyni mənzili daha yüksək qiymətə götürməyə məcbur olacaq. Keçmiş illərdə kirayə mənzil axtaran şəxs 3–5 mənzilə baxaraq seçim etmək imkanı əldə edirdisə, hazırda bu komfort mövcud deyil. Mənzil çatışmazlığı şəraitində kirayəçi qarşısına çıxan ilk uyğun mənzili götürmək məcburiyyətində qalır. Çünki o bilir ki, həmin mənzildən imtina etdiyi təqdirdə, dərhal başqa bir müştəri evi götürəcək və düşünmək, müqayisə aparmaq imkanı qalmayacaq. Başqa sözlə, əvvəlki illərdə mümkün olan “fikirləşib sonra qərar vermək” lüksü artıq mövcud deyil. Mütəxəssis kimi hesab edirəm ki, qiymət artımı hələ yeni başlayıb və sentyabr ayı ərzində də davam edəcək. 2025-ci ilin sentyabr ayına qədər kirayə mənzil bazarında təqribən 30 faizdən çox qiymət artımı qeydə alınıb. Əgər kirayə mənzillərə olan tələbat daha da artarsa, bu qiymət artımı yenidən gözlənilir və prosesin davam edəcəyi ehtimal olunur”.

Geri qayıt