Əsas Səhifə > Güney Press / Partiya > "Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..."
"Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..."Bu gün, 06:24 |
ABŞ Prezidenti Donald Trampın Ukrayna rəhbəri V.Zelenski və Avropa liderləri ilə Vaşinqtonda görüşü və görüşdən yayılan fotokadrlar müzakirə predmetinə çevrilib. Qeyd edək ki, görüşdə NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stubb iştirak ediblər. Görüşdə diqqətçəkən məqam liderlərin görüşü zamanı əyləşmə forması, daha doğrusu, ABŞ prezidentinin Avropa liderlərinə münasibəti olub. Sosial şəbəkə istifadəçiləri yayılan fotoları "Avropada lider böhranı", "Avropanın çöküşü" və s. şəklində qiymətləndiriblər.
Avropa liderlərinin D.Trampın qarşısında aciz vəiyyətdə, az qala boy sırası ilə düzülməsi, şagirdin öz müəllimini dinləyirmiş kimi ABŞ dövlət başçısının master-klasına qulaq asması köhnə qitənin düşdüyü vəziyyəti bütünlüklə ortaya qoyub. Hazırda yeni dünya nizamının formalaşdığı bir zamanda qlobal güc mərkəzləri arasında kəskin rəqabət yaşanır. Belə vəziyyətdə Avropa Birliyi qlobal güc mərkəzi statusunu itirərək Ağ Ev liderinin keçdiyi dərsi dinləmək məcburiyyətində qalıb. Çünki qoca qitə ciddi lider problemi yaşayır. Avropada dövlət başçıları bir-birini əvəzləsə də, ortaya əsl liderlik xüsusiyyətlərinə malik güclü şəxsiyyətlər çıxmır. Reallıq odur ki, Avropada müstəqil siyasət apara bilən, xalqının və dövlətinin maraqlarını ləyaqətlə qoruya bilən lider yoxdur. Avropa siyasi elitası böhran içindədir. Dünya siyasətində əzilən "liderlərə" hörmət etmirlər. Güclü liderlər özləri kimi güclü rəhbərlərə, sözü imzası qədər dəyərli olanlara, heç kimdən asılı olmayaraq müstəqil siyasət yürüdən liderlərə hörmət edirlər. Donald Tramp da Avropa rəhbərlərinə məhz bu prizmadan yanaşır. Xatırladaq ki, dünya ictimaiyyəti qısa müddət öncə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyevin səmimi görüşünə, onu qarşılamasına və rəsmi və qeyri-rəsmi söhbətə şahidlik etdi. Bu gün Avropa liderlərini qarşısına düzən Tramp Prezident İlham Əliyevlə Oval Ofisdə yanaşı əyləşərək qalib liderə hörmətini bütün dünyaya göstərdi. Əslində, Trampın Prezidentin Şuşa Qlobal Forumundakı çıxışını öz sosial şəbəkə hesabında iki dəfə paylaşması da Azərbaycan Liderinə ehtiramın göstəricisidir. Təbii ki, dövlət başçısı İlham Əliyevə göstərilən bu münasibət müzəffər Prezidentimizin sahib olduğu liderlik xüsusiyyətlərdən, siyasi uzaqgörənliyindən, qəti və prinsipial mövqeyindən qaynaqlanır.
Millət vəkili Naqif Həmzəyev "Şərq"ə açıqlamasında deyib ki, Avropa siyasətində müşahidə olunan ən böyük problemlərdən biri lider böhranıdır. Deputatın sözlərinə görə, bu məqam Ukrayna müharibəsi başlayandan sonra özünü daha aydın büruzə verdi:
"Trampın hakimiyyətə gəlişindən və ABŞ-nin müdafiə çətirinin yavaş-yavaş qapanmasından sonra avropalı "liderlər" ilk dəfə real böhranla üz-üzə qaldılar. Problemin nə dərəcədə dərin olduğu məhz o zaman aydın şəkildə göründü. Son illərdə Avropa ölkələrinin siyasi sabitlik problemləri yaşadığını, hökumətlərin tez-tez dəyişdiyini müşahidə edirik. Bu baxımdan, regional və qlobal məsələlərdə güclü mövqe nümayiş etdirən liderlər daha çox diqqət çəkirlər. Avropa liderlərinin yalnış seçimi və prosesləri düzgün qiymətləndirməməsi nəticəsində Ukrayna-Rusya müharibəsinin baş tutması bağışlanmaz səhvdir. Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı, bu müharibə baş tutmazdı. Eyni zamanda özünü "Avropa lideri" kimi qəbul elətdirməyə çalışan Makronun açıq şəkildə tərəf tutaraq Ermənistanı dəstəkləməsi sülh prosesinə ciddi zərbə vurdu və ləngiməyə gətirib çıxartdı. Bunun əksinə Tramp Cənubi Qafqazda sülh prosesini dəstəklədi və tərəflər sülhə daha da yaxınlaşdı. Təbii ki, Prezident İlham Əliyevə olan rəğbət və inam Azərbaycanın mövqeyini daha da gücləndirir. Ağ Evdə Prezident Donald Trampla Azərbaycan dövlət başçısı cənab İlham Əliyev arasındakı görüş Azərbaycanın regional və qlobal səviyyədə nüfuzunun artmasını nümayiş etdirdi".
Parlamentari bildirib ki, Prezident İlham Əliyevin beynəlxalq görüşlərdəki təmtəraqlı və əminliklə aparılan diplomatik fəaliyyəti həqiqətən öz təsirini göstərir:
"Bu, Azərbaycanın Şərq-Qərb arasında balanslaşdırılmış xarici siyasətinin və müstəqil mövqeyinin nəticəsidir. ABŞ Prezidenti Tramp tərəfindən Azərbaycan prezidenti haqda xoş sözlərin söylənməsi və bədən dili ilə səmimi münasibətin nümayişi də bir çox mətləbdən xəbər verirdi. Avropa liderləri ilə müzakirələr zamanı Trampın özü də İlham Əliyevlə görüşünü xatırlatdı və Azərbaycanı möhtəşəm ölkə adlandırdı. Avropada lider böhranı sonuncu Ağ Ev görüşündə özünü bir daha göstərdi. "Ev tapşırığını daha yaxşı yerinə yetirmiş şagirdlər" mənzərəsi hələ uzun illər xatırlanacaq".
Geri qayıt |