Əsas Səhifə > Güney Press > Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu
Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurduDünən, 17:53 |
ABŞ və Avropadakı erməni diasporunun Vaşinqton razılaşmasından sonra fəallaşması diqqət çəkir. Diaspor üzvü olan ermənilərin son zamanlarda İrəvan hökuməti ilə münasibətlərinin soyuması, yaşanan fikir ayrılıqları fonunda Bakı ilə sülh danışıqlarını hədəf aldıqları müşahidə olunur. ABŞ-ın nüfuzlu “National Interest” jurnalında erməni diasporunun radikal nümayəndəsi kimi tanınan Stefan Peşdimalci tərəfindən Azərbaycana qarşı əsassız iddialar və iftiralarla dolu məqalənin dərci də buna nümunədir. Lakin dərgi balans naminə keçmiş diplomat Anar Cahangirlinin “Ermənistan-Azərbaycan sülh prosesini tənqid deyil, dəstəkləmək lazımdır” adlı cavab məqaləsini də yayımlayıb. Globalinfo.az-a danışan ermənişünas alim Qafar Çaxmaqlı deyib ki, erməni diasporu həmişə fəal olub, onun yüz ildən çox fəaliyyət tarixi var: “Diaspor hər zaman baş verən proseslərə müdaxilə edib. Lakin baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra məqsədli şəkildə erməni diasporunun təsir imkanları azaldılıb. 44 günlük müharibə nəticəsində bu icma da Ermənistanla birlikdə ağır zərbə aldı. Diasporun Ermənistana maddi yardımları da azalıb. Çünki icmanın “ermənilik ideologiyası” ilə Ermənistan arasında anlaşılmazlıqlar mövcuddur və bu, bəzi hallarda gərginliyə səbəb olur. Yardımlar əsasən Daşnaksütyun Partiyası vasitəsilə edilirdi, lakin göndərilən pulların mənimsənilməsi halları da ortaya çıxdı. Müharibə dövründə diasporun göndərdiyi yüz milyonlarla vəsaitin taleyi bu günədək məlum deyil. Ölkədə pozuculuq fəaliyyəti göstərdiyinə görə Daşnaksütyun Partiyasının qadağan olunması məsələsi gündəmdədir. Onun addımın atılması əslində, erməni diaspor təşkilatlarının da fəaliyyət imkanlarının məhdudlaşdırılması deməkdir. Hazırda Ermənistan rəhbərliyi ilə diaspor qurumları arasında ciddi fikir ayrılıqları var. Siyasi hadisələrə yanaşmada fərqliliklər iki erməni hərəkatı arasında mübarizəni qaçılmaz edir”. Q.Çaxmaqlının sözlərinə görə, erməni diasporu ideoloji olaraq fəaliyyətini qondarma “erməni soyqırımı” və “Qarabağ məsələsi” üzərində qurub: “Ermənistan hakimiyyəti isə bu iki istiqamətin dövlət üçün zərərli olduğunu əsas gətirərək onlardan imtina etmək yolunu seçib. Paşinyan son açıqlamasında Qarabağ məsələsinin gündəmə gətirilməsini Ermənistan üçün təhlükə hesab etdiyini söylədi. O, həmçinin – “Biz qondarma “erməni soyqırımı”nın nədən baş verdiyini araşdırmalı və Qarabağ məsələsini Ermənistanın siyasi gündəmindən çıxarmalıyıq”, – deyib. Bu mövqeni erməni diaspor təşkilatları qəbul etmir. Çünki qeyd olunan iki ideoloji xətt onların varlıq səbəbidir. Beləliklə, onlar istər-istəməz Ermənistan daxilindəki anti-Paşinyan qüvvələrlə birləşmək məcburiyyətində qalırlar. Vaşinqton anlaşmasından sonra xüsusilə ABŞ təşkilatlanmış erməni diaspor qruplarının gələn il keçiriləcək seçkilərdə Paşinyanın hakimiyyətdən getməsinə dəstək verəcəkləri gözlənilir. Dünyada təxminən 10 milyon erməni yaşayır, onların yalnız dörddə biri Ermənistanda məskunlaşıb. Ən çox erməni Rusiya, ABŞ və Fransadadır. Deməli, onların təsir imkanları əsasən bu ölkələrdədir. Vaşinqton sülh prosesini başladıb və oradakı ermənilər yaşadıqları ölkənin siyasətinə qarşı çıxa bilməzlər. Buna görə də sülh prosesini pozmaq iqtidarında deyillər”. Alimin sözlərinə görə, erməni diasporunun yaşadıqları ölkələrin siyasətinə yön verdiyinə dair iddialar kökündən yanlışdır: Diaspor fəallarının fəaliyyətini izləyirəm, bəsit və ənənəvi iddialardan başqa ortaya ciddi bir şey qoya bilmirlər. Ən əsası isə Ermənistanda yaşayan əhalini öz ideologiyalarına inandırmaq qabiliyyətləri yoxdur. Erməni diasporu daha çox Erməni İnqilabi Federasiyası – Daşnaksütyun Partiyasına yaxındır. Lakin bu partiyanın reytinqi Ermənistanın özündə belə 1 faizdən yuxarı deyil. Azərbaycan isə Vaşinqton bəyannaməsində öhdəsinə götürüb ki, Ermənistanın daxili işlərinə qarışmayacaq və bu, əslində, dövlətimizin siyasi prioriteti deyil”. Geri qayıt |