Əsas Səhifə > Güney Press > Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər

Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər


Bu gün, 17:52

Ötən ilin yanvar ayının 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib. Qətnamənin müzakirəsi zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib. Səsvermə zamanı Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri sənədin əleyninə səs veriblər.

Buna cavab olaraq, Azərbaycan nümayəndə heyəti öz fəaliyyətini dayandırıb.

Azərbaycanın yenindən bu Avropa təşkilatında təmsil olunub-olunmayacağı hələlik məlum deyil.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, AŞPA özü özünü çox çətin bir vəziyyətə salıb:

“Söhbət yalnız AŞPA-dan getmir. Fransa prezidenti Makron və digər ölkələrdən olan Avropa qurumları və siyasətçiləri, parlamentləri özlərini dərin quyuya saldılar. Bu quyunun içərisindən çıxmaq müşkül məsələdir. Onların içərisində Avropa Şurası öndə gedir. Elə oldu ki, hətta öz fəaliyyətimizi dayandırdıq. İndi cərəyan edən hadisələr onların apardığı siyasətin iflasa uğramasıdır. Onlar Azərbaycanın yeni yaratdığı siyasəti qəbul etmək istəmirdilər, ancaq dünya, xüsusilə ABŞ bu reallığı ən yüksək səviyyədə qəbul etdi. Onlar ABŞ-ni, xüsusilə Trampı sanki dar ağacına çəkmək istəyirdilər. İndi gedib Trampın kabinetində kütləvi şəkildə təhlükəsizlik qarantiyası istəyirlər. Bu təhlükəsizlik qarantiyalarını ona görə istəyirlər ki, təhlükəsizlik sistemini özləri dağıdıb, paramparça etdilər. Biz bu haqda dəfələrlə demişik. İndi top onlardadır".

Komitə sədri qeyd edib ki, AŞPA üzvləri bu dünyada çaxnaşmlar, sərhədlərin tanınmaması, dəyərlərin iflasa uğraması, ikili standartları və sair məsələləri gündəmə gətirib, dəstəkləyirdilər:

"İndi də belə bir vəziyyətdədirlər. Ona görə də oturub papaqlarını qabaqlarına qoyub düşünüb fikirləşsinlər ki, bu siyasət onları belə hala salıbsa və onlar bunu dəyişdirmək istəmirlərsə, deməli, özlərini məhv edəcəklər. Yox, dəyişiklik edəcəklərsə, onlarla təbii ki, hansısa ünsiyyətin qurulması gündəmə gələ bilər. Axı biz bu konfiliktləri yaratmamışıq. Onlar bu konfiliktləri yaradıblar, özləri də həll etməlidirlər. Əvvəllər çox çaxnaşırdılar, hətta üstümüzə gəlirdilər, faktiki olaraq, bizi ittiham edirlər. İndi isə hamının gözünün qabağında ABŞ prezidentinə yalvarırlar ki, vəziyyət çox gərgindir, bizim taleyimiz nə olacaq, nə edəcəyik, bizə kömək et. Bəs Trampın üstünə gələndə, onun seçkilərini saxtalaşdıranda, onu hakimiyyətdən zorla uzaqlaşıdranda, Baydenlə əlbir olub erməniləri dəstəkləyəndə, Azərbaycan Prezidentinə qarşı ağlasığımaz qaralama kampaniyaları ilə məşğul olanda bütün bu məsələləri Azərbaycan xalqının üzərinə yıxanda bu günün sabahının olduğunu fikirləşmirdilər. İstəyirlərsə ki, Avropa yenə də nüfuza malik olub, öz siyasətini yeritsin, onlar öz siyasətlərini dəyişməlidirlər. 90-cı illərdə Balkanlarda müharibə başlayanda Belçikanın xarici işlər naziri Avropanı səciyyələndirən, onun rolunu müəyyən edən bir ifadə işlətdi. Bax o ifadənin məğzi bundan ibarətdir: “Avropa iqtisadiyyat cəhətdən nəhəngdir, amma siyasi cəhətdən cırtdandır". Bu da özünü əyani şəkildə göstərməyə başlayır. İqtisadi cəhətdən Avropanın potensialı, bəli böyükdür, amma siyasi cəhətdən təsir imkanları cırtdanlaşıb. Belçika xarici işlər nazirinin ifadəsi öz əksini bu gün tamamilə tapır. Mən vəziyyəti belə xarakterizə edərdim".

Komitə sədri vurğulayıb ki, Avropa Şurası üzr istəməklə kifayətlənməməlidir:

"Söhbət üzr istəməkdən getmir. Təbii olaraq, Azərbaycan əleyhinə qətnamə qəbul etməklə böyük səhv etmişdilər. Qətnamənin özünün mətni dəyişdirilməlidir. Orada Azərbaycana qarşı ağlasığmaz ittihamlar var. Amma üzr istəyib, sabah öz siyasətlərini yürüdən insanları, təşkilatları biz çox görmüşük. Söhbət üzr istəməkdən getmir. Onların üzləri elədir ki, bu gün üzr istəyib, sabah öz siyasətlərini yürüdəcək. Söhbət təşkilatın içərisində köklü, əsaslı dəyişiklikdən, bu günün siyasətini, Azərbaycanın yaratdığı yeni reallığı, ABŞ-nin təklif etdiyi gündəmi qəbul etməkdən gedir. Bu baş verəcəksə, onda hansısa prespektivlər gündəmə gələ bilər. Yox, bunlar sadəcə yenə də baş aldatmaqla məşğul olub, hansısa fomrada ikili standartlarla sözdə bir şey deyib, əməldə ayrı addımlar atacaqsa, bunun heç bir mənası yoxdur".


Geri qayıt