Əsas Səhifə > Güney Press > “Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir”

“Dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir”


Bu gün, 13:23

Xəbər verdiyimiz kimi, böyük şair və mütəfəkkir İmaddədin Nəsiminin Suriyadakı məzarı Azərbaycana gətirilə bilər. Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib. Ümumiyyətlə, bir şəxsin məzarının bir yerdən başqa yerə köçürülməsi dini baxımdan icazəlidirmi? Bu məsələyə İslam dininin yanaşması necədir?
Moderator.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, qəbiri köçürmək və ya qəbri açmaq İslam dinində zərurət olmadıqca icazəli deyil.
Onun sözlərinə görə, qəbrə təhlükə olsa köçürmək, yerini dəyişmək olar:
“Əgər Nəsiminin qəbrinə qarşı hansısa təhlükə, zərər vurulması ehtimalı varsa köçürülə, gətirilə bilər. Ancaq ciddi bir səbəb yoxdursa, mərhumun ruhunu narahat etmək, ələlxsus dahi şəxsin məzarını açmaq dini qaydalara ziddir. Lakin elə əsaslı səbəblər ola bilər ki, o səbəblər bizə aydın deyil. Dövlətin müvafiq qurumları bu səbəbləri araşdırıb rəy verə bilər ki, nəticədə gətirilməsi yaxud gedibsə qalması haqqında qərar qəbul edilsin. Ümumiyyətlə həm dində həm də adətdə belədir ki, ölünün qəbrini açmaq xoş qarşılanmır. Yaxşı olar ki, Nəsimi dəfn olunduğu yerdə qalsın, sadəcə onun mühafizə olunması üçün müraciət edilsin. Müsəlman ölkəsində dəfn olunub. Orada da türkmənlər var. Hətta Nəsimini öz şairləri sayırlar. Nəsimi, Füzuli kimi ölkədən kənarda dəfn olunmuş dahilər müsəlman - türk dünyasının ortaq dəyərləridir. Onları təkcə biz yox, bütün müsəlmanlar qorumalıdır. Nəsimi Suruyada Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, mənəvi dəyərlərinin təmsilçisi timsalındadır. Onu dünyanın bir çox ölkələrindən gəlib ziyarət edirlər, araşdırırlar”.

Geri qayıt