Əsas Səhifə > Güney Press > Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..."

Taksi sürücüsü işləyən falçı Mətləbin işi: "Anasını ölümdən xilas etdim, qardaşı arvadını isə..."


Bu gün, 14:31

Bakıda özünü falçı kimi təqdim edərək vətəndaşın külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Quba rayon sakini 1993-cü il təvəllüdlü M.Nemətullayev “İnstagram” sosial şəbəkəsində “Baxıcı ekstrasens Hikmət” adı ilə səhifə açıb.

O, ailəsində yaranmış problemin həlli üçün həmin səhifə vasitəsi ilə müraciət etmiş Qaradağ rayonunun Qızıldaş qəsəbə sakini Fatiməyə (zərərçəkmiş şəxslərin və onların ailə üzvlərinin adları şərti göstərilib – red.) həmin məsələnin həll edəcəyini vəd edib.

Fatimənin ailə üzvlərinə edilmiş caduların "təmizlənməsi", qardaşı arvadı Günayın evə qayıtması, eləcə də uşağı abort etdirməməsi üçün 2023-cü ilin müxtəlif günlərində ondan 1710 manat alıb.

Bundan başqa, M.Nemətullayev Fatimənin anası Gülnarın ölümünün qarşısının alınması üçün 2640 manat, qardaşı Əfsərin əsəblərinin düzəlməsi və evlərinə qayıtması üçün 1300 manat, qardaşı oğlu Ramalın yanında yaşamasını təmin etmək üçün 80 manat alıb.

Daha sonra M.Nemətullayevlə Fatimənin münasaibətləri pozulub. Cadugər kişi bundan sonra ondan hədə-qorxu yolu ilə pul tələb etməyə başlayıb. Həmin il iyunun 17-də zərərçəkmişin vatsap profilinə ismarıc yazaraq göstərdiyi xidmətə görə ona borclu olduğu 2400 manat məbləğində pulu tələb edib.

Fatimə isə ona cadugər kimi xidmət göstərməsi üçün 8000 manat pul ödədiyini, ona borclu olmadığını və qalan pulu ödəməyəcəyini bildirib.

Bundan sonra cadugar kişi qadını onun özü və yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. O, qadının qardaşı və qardaşının qayınanasının fotolarını “İnstaqram” sosial şəbəkəsinə yerləşdirib. Sonra zərərçəkmişə ismarıc göndərib və pul verməyəcəyi halda onunla birlikdə qeyd olunan şəxslərə cadu etdiklərini sosial şəbəkədə yayacağı ilə hədələyib.

İstintaq orqanı tərəfindən M. Nemətullayevin barəsində Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

“Taksi sürücüsü olmuşam”

İş üzrə ifadə verən M.Nemətullayev özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, taksi sürücüsü işləyib: “İttiham aktında iddia edilən 8000 manat pul əslində Fatimədən faiz ödəmək şərti ilə borc qismində aldığım 5600 manat və onun faiz borcudur.

Sonradan zərərçəkmiş şəxs mənə ailəsində problemlər olduğunu, anasının xəstəlikdən əziyyət çəkdiyini, qardaşı arvadının evdən getdiyini, onu geri qaytarmaq istədiyini söylədi.

Eyni zamanda qardaşının qaynanasını zəhərləyərək öldürmək istədiyini bildirdi. Bu işlərin görülməsi üçün falçı tapmağım barədə təklifilə razılaşdım. Falçıya verilməsi üçün nəzərdə tutulan 2400 manat pulla isə öz borclarımı bağlamaq niyyətində olmuşam. Zərərçəkmiş şəxs anasının, qardaşının və qardaşının qaynanasının şəklini bu işləri görülməsi üçün atdı.

Lakin falçı xidmətinin göstərilməsi üçün veriməli olduğu 2400 manatı ödəmədi. Mənə məxsus bank kartına köçürülən 5600 manat pul vəsaiti faiz ödəmək şərti ilə aldığım borc məbləğidir.

Fatimədən aldığım əsas borc məbləğini, habelə faiz borcunu tam qaytarmamışam. Yalnız zərərçəkmiş şəxsdən 500 manat pul vəsaitini üzərinə 200 manat əlavə etməklə geri qaytarmışam. Ondan hədə-qorxu ilə 2400 manat pul tələb etməmişəm”.

“Falçı olduğumu bildirdim, kart nömrəmi göndərdim”

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olur ki, o, Cinayət Məcəlləsinin 128.2.4 və 182.2.2-ci maddələri ilə özünü təqsirli bilib. İfadəsində göstərib ki, həm taksi sürücüsü işləyib, həm də falçılıqla məşğul olub:

“İnstaqram sosial şəbəkəsində “Baxıcı ekstrasens Hikmət” adı ilə səhifəm var. Öz evimdə də falçılıqla məşğul olmuşam. 2023-cü il aprel ayının ortalarında səhifəmə sonradan adını bildiyim Fatimə adlı qadın SMS yazaraq falçı olub-olmadığımı soruşdu. Ona özümü Hikmət kimi təqdim etdim və falçı olduğumu bildirdim.

Fatimə ailəsinə baxdırmaq istədiyini bildirdi. Razılaşdım, haqq ödəməsi üçün bank kartımın şəklini ona göndərdim. O da hesabıma 20 manat göndərdi”.

“Problemlərini həll etdim, pul istədim”

M.Nemətullayev bildirib ki, Fatiməgilin ailəsinin falına baxıb, anasının xəstə olduğunu, qardaşının ailəsinin isə boşanma ərəfəsinə çatdığını görüb:

“Söhbət zamanı bildirdim ki, ananı sağaldacam, qardaşının ailəsini geri qaytaracam, mehriban yaşayacaqlar. Lakin bunun üçün pul lazım olacaq. Fatimə də mənimlə razılaşdı.

Onun anasının xəstəlikdən sağalması üçün dualar yazdım, qardaşının ailəsini birləşdirdim, gəlini öz evinə qayıtdı. Bu proses xeyli vaxt apardı. Gördüyüm işin müqabilində Fatimə mənə 4800 manat verdi. Məbləği hissə-hissə göndərdi.

Fatiməgilin məsələsinin həll etdim, məndən razı qaldılar. “Mən sizin işinizi gördüm, zəhməthaqqı olaraq mənə 2400 manat göndərməlisiniz” - dedim. Lakin Fatimə pulu verə bilməyəcəyini bildirdi”.

“Məndən şikayət olunduğunu bildirdilər”

Təqsirləndirilən şəxsin sözlərinə görə, ayyarım keçməsinə baxmayaraq Fatimə 2400 manat borcunu ödəməyib, vatsapda SMS yazıb, pulu tələb edib: “Fatimə nömrəmi bloka atdır. Digər nömrəmdən zəng edib Fatiməyə yalandan dedim ki, işini görmək üçün Səidin mağazasından nisyə mal götürmüşəm, onun borcunu ödəmək lazımdır.

Əlavə etdim ki, mənim pulumu verməsən, qardaşının şəklini İnstaqramda profilə qoyacam, qardaşın mənimlə əlaqə saxlasın.

Fatimə borcunu ödəmədi, qardaşının şəklini səhifəmə yerləşdirdim. Bundan sonra bir nəfər özünü Fatimənin qardaşı kimi təqdim edib SMS yazdı, şəkilin götürlməsini tələb etdi. Mən də olanlar barədə ona məlumat verdikdən sonra şəkili səhifədən sildim. Bir neçə gündən sonra polis əməkdaşları telefonuma zəng edərək barəmdə şikayət olunduğunu bildirdilər”.

Təqsirləndirilən şəxs ibtidai istintaqa bildirib ki, zərərçəkmiş şəxsin ailəsinin problemini həll etmək üçün 4800 manat alıb.

“Pulu verə bilmədim, polisə müraciət etdim”

İş üzrə zərərçəkmiş Fatimənin sözlərinə görə, təqsirləndirilən Mətləb Nemətullayev “İnstagram” sosial şəbəkəsində özünü falçı kimi təqdim edib:

“Mən həmin səhifəyə baxdıqdan sonra aldandım. Mətləbi Hikmət adı ilə tanımışam. Həkimlər anamın dərdinə çarə tapa bilmədiyi üçün Mətləbə müraciət etdim. Qardaşımın ailəsində də problem vardı. Mətləb anamın üç gün ərzində vəfat edəcəyini bildirəndə qorxdum, anamın ölməməsi, həmçinin qardaşımın arvadından boşanmaması üçün hissə-hissə ona pul verdim. İki ay sonra Mətləb 2400 manat borcumun qaldığını bildirdi.

Həmin pul vəsaitini verməyə imkanım çatmadığı üçün polisə müraciət etdim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Mətləb Nemətullayev 5 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, barəsində olan cəza ilə razı olmadığını qeyd edib. Ailə vəziyyətini, himayəsində iki azyaşlı övladının olmasını, uşaq evində böyüməsini və onu böyüdən valideynlərini itirməsini nəzərə alınmasını xahiş edib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. M.Nemətullayevin cəzasının yüngülləşdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.

Məhkum bu qərardan Ali Məhkəməyə müraciət etsə də, daha yuxarı instansiya məhkəməsindən də müsbət cavab ala bilməyib.


Geri qayıt