Əsas Səhifə > Güney Press / Üçüncü sektor / Manşet > Naxçıvan "canişin"liyinin yeni kirli oyunu

Naxçıvan "canişin"liyinin yeni kirli oyunu


Bu gün, 13:16

"Sosyo-psixologiyada “məhəllə basqısı” deyilən bir anlayış var. Bu təlimin təməlləri böyük Türk sosioloqu Şərif Mardin tərəfindən atılmışdı..." "DİA-AZ" xəbər verir ki, bunu jurnalist Heydər Oğuz özünün sosial şəbəkə hesabında qeyd edib.
O daha sonra bunları əlavə edib: "Məhəllə basqısı bir insanın hərəkət və davranışlarının məhəlləsi və ya iç-içə yaşadığı icması tərəfindən davamlı olaraq izlənildiyi və qiymətləndirildiyi, insanları öz məhəllələrinin əxlaq normalarına uyğunlaşdırmağa məcbur edildiyi mövzularını araşdırır. Bu termin bilavasitə sosya-psixologiyanın predmeti olmasa da, qruplar daxilində fərdlərin qarşılıqlı əlaqəsini və bu qarşılıqlı əlaqənin fərdi davranışa necə təsir göstərdiyinı araşdırdığı üçün sosyo-psixologiyanın əhatə dairəsinə girir.
Məhəllə basqısı adətən avtoritar rejimlər tərəfindən söz azadlığına qarşı istifadə edilən ən təsirli silah hesab olunur. Yaxın Şərq ölkələrinin diktatorları məhz bu silah sayəsində 10 illərdir ayaqda durmağı bacarıb və idarə etdikləri məmləkətləri talayıblar, talayırlar. Bəzən İslam dininin ehkamları, bəzən isə məhəlli dəyərlər bu rejimlərin söykəndikləri əsas mübarizə metoduna çevrildiyindən toplumlar müasirləşə bilməyib və getdikcə geriləyərək Qərb ölkələrinin yeminə çevriliblər.
Nə yazıq ki, bu Naxçıvan “canişinliyi”ndə də bu istismarçı metodlardan məharətlə istifadə olunur. Ən pisi isə odur ki, “canişinlik”də məhəllə basqısının söykəndiyi dəyər yerlibazlıqdır. “Canişin” hakimiyyətə gələr-gəlməz JEK müdirindən tutmuş baş nazirə qədər bütün iri məmurları öz anadan olduğu rayondan seçib şahbuzluları susdurdu. Bununla da qalmadı, digər rayonların yerli rəhbərliyinə də əl gəzdirdi. Həmin rayonlardan çıxan icra başçılarının sayəsində onlara da bir növ “sus payı” verərək məsələni nöqtələdi. Beləcə, hazırda dövlət əmlakının necə baş ağrısız xırd olunması ilə uğraşır.
Naxçıvanın "sus payı" ilə kifayətlənən rayonlarının işbacarmaz rəhbərləri hazırda öz ziyalı həmyerlilərini səfərbər edərək narazıları susdurmaqla məşğuldurlar. Əllərindəki silah isə bu məntiqə söykənir: “Sizə Vasif Talıbovun dövründəki hansısa rayonun hansısa kəndindən çıxan Elşad kimi icra başçıları lazımdır. Hansı ki, sizin başınıza kül ələyir, cınqırınızı belə çıxara bilmirdiniz”.
Soruşan yoxdur ki, ay mənim ziyalı həmkəndlilərim, Dırnıslı Rəcəbin Kültəpəli Elşaddan nə fərqi var? Elşadın da vaxtında su tapa bilmirdik, Rəcəbin vaxtında da bir içim suya təşnəyik. Kültəpəli Elşadın vaxtında da rayonumuzun insanları başını götürüb Ordubaddan qaçırdı, Dırnıslı Rəcəbin vaxtında cəlai-vətən oluruq. Bəs nə dəyişib ki, biz Dırnıslı Rəcəbin icra başçısı təyin olunması münasibəti ilə qollarımızı qaldırıb oynayaq, onun sağlığına badələr qaldıraq? Olmaya, sizin və ya qohumlarınızın üzünüzə yaxşı baxıb deyə, bizdən də itaət tələb edirsiniz?
Ordubadın Düylün kənd sakini Elsevər Əliyevin ən fundamental və həyatı problemi dilə gətirdiyi üçün üzərinə edilən hücumları məhəllə basqısı kimi qəbul edir, “canişin”i bu çirkin və təhlükəli idarəetmə metodlarından əl çəkməyə çağırıram. Azərbaycan özünün qarayarasına çevrilən yerlibazlıq sindromundan yaxa qurtarmalıdır, əks halda, biz də Yaxın Şərq qaranlığına gömüləcəyik. Naxçıvan ziyalıları da “canişin”in bu kirli oyunlarında yer almasalar, özlərinin həqiqi möhtəvasına qayıda bilərlər. Lütfən, kiminsə kirli oyunlarının alətinə çevrilməyin..."

Geri qayıt