
Xəbər verdiyimiz kimi, Ağdamda əqli qüsurlu valideynləri tərəfindən döyülən körpənin vəziyyəti ağırdır. Hər iki valideyn körpənin bədəninin bəzi nahiyələrini dişləyərək xəsarət yetiriblər. Ailənin daha bir övladı var və o da valideynləri tərəfindən mütəmadi fiziki şiddətə məruz qalıb.
Artıq valideynlərin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı hüquqi işlər başladılıb. Bu barədə qərarı isə hüquq-mühafizə orqanları verəcək.
Maraqlıdır, əqli qüsurlu ana-atanı hansı cəzalar gözləyir?
Hüquqşünas Aytac Qurbanova Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə sağlamlığa ağır zərər vurmaq — ağır cinayətdir və körpənin xəstəxanaya ağır vəziyyətdə yerləşdirilməsi artıq faktın ciddiliyini təsdiq edir.
“Bu halda söhbət sadəcə ailədaxili münaqişədən yox, qəsdən sağlamlığa ağır zərər vurma cinayətindən gedir. Normal valideyn körpə uşağını ölümcül vəziyyətə gətirməz. Deməli, ortada ya ağır psixoloji pozuntu var, ya narkoloji asılılıq, ya da hər ikisi...”.
Valideynlər əqli qüsurlu olarsa, barələrində hansı məsuliyyətin nəzərdə tutulması məsələsinə gəlincə, hüquqşünas qeyd edib ki, yalnız ekspertiza bunu müəyyən edə bilər.
“Psixiatrik və narkoloji ekspertiza göstərməlidir ki şəxs hərəkətlərinin mahiyyətini dərk edirmi, davranışlarını idarə edə bilirmi və ya narkotik və ya alkoqol asılılığı mövcuddurmu?
Əgər şəxs anlaqsızdırsa, məsuliyyətdən azad edilir, lakin məcburi müalicəyə göndərilir. Əgər anlaqlıdırsa, artıq söhbət sərt cinayət məsuliyyətindən gedir. Ola bilər ki, ekspert müəyyən edir ki, onlar əqli qüsurlu deyil. Mənim praktikamda da belə hallar olub”.
Aytac Qurbanova bildirib ki, valideynlər anlaqlı vəziyyətdədirsə, onların hansı cəzaları alacağı yalnız məhkəmə qərarıyla müəyyən olacaq.
“Bəzən təcrübədə görürük ki, insan cəmiyyət içində sərbəst hərəkət edir, amma rəsmi ekspertiza onun anlaqsız olduğunu üzə çıxarır. Burada təhlükə ondadır ki, belə şəxslər övladlarını və ətrafdakıları hər gün ölüm riski ilə üz-üzə qoyurlar. Cəmiyyətin reaksiyası isə bir olmalıdır: belə valideynlər cəmiyyətdən təcrid olunmalı, ya da müalicə müəssisəsinə yerləşdirilməlidirlər. İstənilən halda ekspertiza müəyyən etsə ki, onlar əqli qüsurludur, birmənalı müalicə müəssinə göndəriləcəklər”.
Bəs uşaqların taleyi necə olacaq?
Hüquqşünas hesab edir ki, cinayət məsuliyyəti ilə yanaşı, uşağın taleyi də həll olunmalıdır:
“Himayədarlıq və qəyyumluq orqanları qərar verməlidir. Uşaqların yaxın qohumlar varsa, onlar iddia qaldıraraq uşağı himayəyə götürə bilər. Əgər yoxdursa, dövlət övladı öz himayəsinə götürür. Burada ən vacib prinsip budur ki, uşağın həyatı və gələcəyi bir daha təhlükəyə atılmamalıdır.
Uşağa qarşı ağır zorakılıq hallarında hüquqi yanaşma yalnız cəza tədbirləri ilə bitmir. Burada həm tibbi, həm psixoloji, həm də sosial aspektlər birlikdə qiymətləndirilməlidir. Ən əsası isə valideynin psixiatrik və narkoloji vəziyyəti hərtərəfli ekspertiza ilə müəyyən edilməli, nəticədən asılı olaraq həm cinayət, həm də mülki-hüquqi tədbirlər görülməlidir. Bu, uşağın müdafiəsi üçün ən etibarlı yoldur”,-deyə müsahibimiz qeyd edib.
Geri qayıt
|