Əsas Səhifə > Güney Press > "İsrail dronları Azərbaycan sərhədindən keçib"
"İsrail dronları Azərbaycan sərhədindən keçib"Bu gün, 00:43 |
İran parlamentindən Azərbaycana qarşı yeni böhtan Musavat.com xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Möctəba Zünnur (Mojtaba Zonnour) Azərbaycanı hədəf alan yeni açıqlama ilə çıxış edib. O, iddia edib ki, guya İsrail İrana qarşı hücumlarda Azərbaycanın sərhədindən istifadə edib və bəzi pilotsuz uçuş aparatları məhz bu marşrutla keçib. Zünnurun sözlərinə görə, “qardaş sərhədçilər” bunu qətiyyətlə təsdiqləyiblər. O, əlavə edib ki, Prezident İlham Əliyev sübutların təqdim edilməsini tələb edib, lakin “faktın özünü inkar etmək mümkün deyil” deyib. Rəsmi Tehranın əlində hər hansı sübut olmadığı halda, bu kimi açıqlamalar sadəcə böhtan xarakteri daşıyır. İran rəsmiləri zaman-zaman bir-birinin sözlərini təkrar edərək Azərbaycana qarşı təzyiq göstərməyə cəhd edirlər. Bu iddiaların əsl hədəfi təkcə Azərbaycan deyil, həm də hazırkı prezident Məsud Pezeşkianın mövqeyini zəiflətməkdir. Çünki Pezeşkian dəfələrlə açıq şəkildə söyləyib ki, Azərbaycan haqqında bu iddialar doğru deyil və heç bir fakta əsaslanmır. Məlumdur ki, İran daxilində siyasi və dini hakimiyyət arasında ciddi fikir ayrılıqları mövcuddur. Pezeşkian komandası Azərbaycanla münasibətlərin normallaşdırılmasına üstünlük versə də, dini hakimiyyətə yaxın molla rejiminin təmsilçiləri bunun əksinə olaraq Azərbaycana qarşı təxribatçı mövqe sərgiləyirlər. Zünnurun açıqlamaları da bu qarşıdurmanın nəticəsi kimi dəyərləndirilir. Komissiya sədrinin sözləri ilə yanaşı, bu bəyanatlar Sepah-a yaxın teleqram kanallarında geniş yayılıb. Məqsəd Azərbaycanın nüfuzunu zədələmək və İran cəmiyyətində anti-Azərbaycan ritorikasını gücləndirməkdir. Möctəba Zünnur 1963-cü ildə anadan olub, əvvəllər İran İslam İnqilabı Keşikçiləri Korpusunda xidmət edib, sonradan siyasətə gələrək parlamentdə müxtəlif mövqelərdə çalışıb. Hazırda Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri kimi çıxış edən Zünnur son aylarda dəfələrlə Azərbaycana qarşı sərt bəyanatlarla gündəmə gəlib. Beləliklə, İran parlamentinin sədri tərəfindən səsləndirilən son açıqlamalar da əvvəlki kimi sübutsuz, əsassız və yalnız daxili siyasi çəkişmələrin məhsulu kimi dəyərləndirilir. Geri qayıt |