Əsas Səhifə > Güney Press > Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundur
Paşinyanın Zəngəzur etirazı, əslində, siyasi oyundurBu gün, 12:14 |
Zəngəzur dəhlizinin Vaşinqton görüşündən sonra "Tramp yolu" adlandırılması yenidən müzakirə mövzusu olub. Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" kanalına müsahibəsində Zəngəzur dəhlizi məsələsinə də toxunaraq, qeyd edib ki, bu dəhliz təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq.
Dövlət başçısı Zəngəzur dəhlizinin "Tramp marşrutu"na necə çevrilməsindən danışıb. Prezidentin sözlərinə görə, təxminən beş il ərzində Ermənistan Azərbaycanın tələbləri və qanuni istəkləri qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən ABŞ Prezidenti Donald Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə rəsmi Bakı onlara mesaj verib ki, Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır. Yəni Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Ancaq Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Azərbaycan lideri vurğulayıb ki, Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) meydana gəldi: "Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq". Daha sonra mətbuata açıqlama verən Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizini "Sülh kəsişməsi", yaxud "Tramp yolu" adlandırıb. Baş nazir bildirib ki, bu yol Ermənistanın yurisdiksiyası daxilində, suverenliyi və ərazi bütövlüyü qorunmaqla fəaliyyət göstərəcək. Qeyd edək ki, Zəngəzur dəhlizinə nəzarət "Tramp marşrutu" adı ilə 99 il müddətinə ABŞ-yə icarəyə verilib.
Politoloq Polad Mehdiyev Sherg.az-a açıqlamasında deyib ki, Nikol Paşinyanın "Zəngəzur dəhlizi" ifadəsinə etirazı, əslində, siyasi oyundur. Siyasi şərhçinin sözlərinə görə, Ermənistan baş naziri çalışır ki, marşrutu "Tramp yolu" adlandırmaqla bu yolu Ermənistanın suverenliyi altında, ABŞ-nin dəstəyi ilə həyata keçirilən layihə kimi təqdim etsin:
"Halbuki, TRIPP elə Azərbaycanın illərdir gündəmə gətirdiyi Zəngəzur dəhlizidir və funksional olaraq tam eyni marşrutdur. Sadəcə, İrəvan hökuməti daxildə revanşist qüvvələrin təzyiqindən yayınmaq və beynəlxalq aləmdə öz mövqeyini qorumaq üçün terminlər üzərində manipulyasiya edir. İrəvanın narahatlığı daha çox daxili siyasətlə bağlıdır. Paşinyan revanşist dairələrin təzyiqini azaltmaq üçün termin üzərində manevr edir. Bunu Ermənistan qanunları çərçivəsində həyata keçirilən layihə kimi qələmə verməyə çalışır. Lakin beynəlxalq sənədlərdə də, praktiki addımlarda da əsas ideya Azərbaycanın irəli sürdüyü konsepsiya ilə üst-üstə düşür".
P. Mehdiyev vurğulayıb ki, Azərbaycan üçün əsas məsələ dəhlizin açılması, regionun yeni nəqliyyat xəritəsinin formalaşdırılması və ölkəmizin geosiyasi rolunun güclənməsidir:
"Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti nəticəsində bu xətt artıq beynəlxalq gündəliyə çıxıb və dünya ölkələrindən dəstək alır. Bu da Azərbaycanın strateji təşəbbüskar rolunu təsdiqləyir, regionda yeni iqtisadi və siyasi reallıq yaradır və milli maraqlarımıza xidmət edir".
Geri qayıt |