Əsas Səhifə > Güney Press > 58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib

58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib


Bu gün, 15:41

Siyəzən rayon sakini Şamil Quliyev 58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib. Hələ sovet dövründən qəsdən adam öldürmə, daha sonra oğurluq kimi cinayətlərə görə cəza çəkmiş Şamil Quliyev indi də 8 aydır ki, qanunsuz silah saxlama ittihamı ilə həbsdədir.

Bizimyol.info xəbər verir ki, o, “Samur-Abşeron” su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində “Kalaşnikov” avtomatını, 9 ədəd patron, 1 ədəd patron darağını torpağa basdırıb gizlətməkdə ittiham olunur.

Şamil Quliyev məhkəmədə ifadəsində bildirib ki, onunla eyni həyətdə yaşayan bəzi qohumları narkomaniya xəstəliyinə düçar olub. Bu səbəbdən onlarla münasibətlərində gərginlik yaranır. Bu cür gərginliklərə görə üstündə bəzən bıçaq gəzdirməli olurdu. Hətta aralarındakı mübahisəyə - qapısının sındırılmasına görə polisə şikayət etmişdi.

Şamil Quliyev məhkəmədə ifadəsində qeyd edib ki, baş verənlərə dözməyib, həbsindən təxminən bir həftə əvvəl polis əməkdaşına həbs olunmaq istədiyini bildirib. Razılaşdıqları formada da, ittiham olunduğu əməli – avtomatın ona məxsus olduğunu bildirib. Onun istintaqdakı ifadəsi isə fərqlidir. Orada göstərib ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 5-10 gün əvvəl yaşadığı Siyəzən şəhərində dəmir yolunun kənarında qutuya zibil atanda avtomata bənzər əşyanın bir hissəsinin kisədən çıxmasını görüb. Silahları tanıyır deyə, kisəni açıb. Orada avtomat, sandıqça və 9 patron görüb. Silahın darağını çıxarıb üzərində saxlasa da, eyni həyətdə yaşadığı qardaşı uşaqları ilə aralarındakı narazılığa görə silahı evə aparmayıb. Onu köhnə “Samur-Abşeron” su kanalının kənarındakı ərazidə basdırıb. Yanvarın 24-də səhər saatlarında polis əməkdaşları ona yaxınlaşıb, qanunsuz silah salamaqda şübhəli bilindiyini deyiblər. O da boynuna alıb.

Məhkəmə onun istintaqdakı ifadəsini inandırıcı hesab edib. Şamil Quliyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsi ilə təqsirli bilinərək, 2 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi dəfələrlə ictimaiyyətə müraciət edərək, silahları könüllü şəkildə təhvil verməyə çağırıb. Silahı könüllü şəkildə təhvil verən şəxs cinayət məsuliyyətindən də azad olunur.


Geri qayıt