Əsas Səhifə > Güney Press > “OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq?

“OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq?


Bu gün, 12:12

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “OPEC+” üzvlərinin neft hasilatını artırmaq barədə qərarının Azərbaycanın neft gəlirlərinin xeyli azalmasına səbəb olacağı kimi şərh edilməsinə aydınlıq gətirib.

İ.Şaban Pravda.az-a açıqlamasında deyib ki, “OPEC+”un oktyabr ayından gündəlik hasilatı 137 min barrel artırmaq qərarı əslində texniki xarakter daşıyır və “təklifin bazar ehtiyacına uyğunlaşdırılması” çərçivəsində qəbul olunub.

“Burada bir neçə məqam var. “OPEC+” mexanizmi - iyulda qəbul olunmuş plan əsasında hər ay hasilat, təxminən, 400 min barrel/gün artırılmalı idi. Amma faktiki olaraq bəzi ölkələr, xüsusilə də Rusiya, Qazaxıstan, Nigeriya və Anqola tam kvotalarını yerinə yetirə bilmirlər. Buna görə də real artım kağız üzərində nəzərdə tutulandan daha az olur. Müzakirələrdə bildirilən 137 min barel/gün rəqəmi məhz texniki düzəlişdir. Yəni ümumi artımın bölgüsündə olan paya uyğunlaşdırma. Hazırda Brent sentyabrın əvvəlində olan 66–68 dollar/barrel səviyyəsindəki qiymət diapazonunda ticarət edilir. Qiymətlərin ciddi şəkildə 60–65 dollar diapazonuna enməsi üçün qlobal bazarda neftə tələb artımı azalmağa meylli olmalıdır. Məsələn, ABŞ və Çində iqtisadi aktivliyin azalması, yüksək faiz dərəcələrinin təsiri və s. Qərarın Azərbaycana təsirlərinə gəldikdə isə, cari ilin I yarısında ixrac neftimizin orta qiyməti Maliyyə Nazirliyinin hesablamalarına əsasən, 73,8 dollar təşkil edib. Bu isə dövlət büdcəsində proqnoz edilən göstəricini 5,6% üstələyib. İlin ikinci yarısında qiymət hazırkı göstəricilər ətrafında olarsa, faktiki olaraq büdcədəki proqnoz və ya ona yaxın qiymətdə bərqərar olacaq. Bu isə o deməkdir ki, dövlət bu il üçün qarşısına qoyduğu məsələləri həll etməklə bağlı hansısa əlavə maliyyə borclanmasına getməyəcək. Bununla belə, qlobal bazarda neft qiymətlərinin büdcəmizə risk dərəcəsini azaltmaq üçün ilk növbədə büdcə vəsaitləri daha rasional xərclənməli və iqtisadiyyatın qeyri-neft sektorlarının inkişaf tempi artırılmalıdır”, o bildirib.


Geri qayıt