Əsas Səhifə > Güney Press > Musiqi ruhun qidasıydı, qatili yox...

Musiqi ruhun qidasıydı, qatili yox...


Bu gün, 01:32

29 iyun idi. Oğlum imtahana böyük həvəslə yola düşmüşdü. Hələ körpəlikdən musiqiyə hədsiz marağı vardı. Özündən sözlər uydurar, həmin sözləri elə gözəl zümzümə edərdi ki, sanki şirin bir nəğmə kimi oxşayardı qəlbimizi.
Musiqi təhsili olmadan, musiqi duyumu çox möhtəşəm idi.
2-ci sinifdə oxuyarkən qaldığımız kirayəyə yaxın musiqi məktəbinə gedərək, oğlumun fortepiano üzrə təhsil alması üçün nə etməli olduğum barədə məlumat öyrənmişdim. Verdikləri ilk sual pianonuz varmı?-olmuşdu.
Bizdə piano yox idi. İllərdir fərqli kirayələrdə yaşayırdıq. Almağa da imkanımız olmadığından, sınmış ümidlərimizi, küskün baxışlarımıza yoldaş edib, evə qayıtmışdıq.
Aradan illər keçsə də oğlumun musiqiyə olan sevgisi sönməmişdi. Ziyarətinə getdiyimiz hansı şəhid evində piano görsə yanında dayanıb həvəslə baxardı. Ev sahibi də onun bu sevgisini görəndə pianonun susqun notlarına toxunar, oğlumu yanında əyləşdirib, musiqinin zövqünü yaşadardı bizə. Piano ifa edən hər kəsin barmaqlarını diqqətlə izləyən balam, yol boyu sanki qarşısında piano varmış kimi barmaqlarını gözündə canlandırdığı notlar üzərində hərəkət etdirərdi.
4-cü sinifi bitirəndə Mədəniyyət Nazirliyinin səhifəsində musiqi və incəsənət məktəblərinə qəbul imtahanı keçirildiyini gördüm. Bir ümidlə iyunun 19-u oğlumla birlikdə imtahanda iştirak etmək üçün yola düşdük. İmtahan qapalı keçirilirdi. Gedişatı valideynlər izləyə bilmirdi. Məktəbin qarşısında bir yandan oğlumun heç bir hazırlığı olmadan imtananı necə verəcəyinin həyacanını yaşayırdım, bir tərəfdən övladını gözləyən valideynlərin ödənişli təhsil haqqında danışdıqları məni narahat edirdi, digər yandan da ona pianonu necə alacağımızın fikrini çəkirdim. Çox keçmədi ki, oğlum üzündə qələbənin sevinci, gözlərində qalibiyyətin həyəcanı ilə məktəbin qapısından çıxdı. İmtahan necə keçdi? - sualını vermədən, özü həyəcanla danışmağa başladı.
Yol boyu verilən suallardan və verdiyi cavablardan danışdı. "Azadlıq marşı" nı ifa etmişdi. Sevincindən evə çatana qədər
"Qalx ayağa millət, boğmasınlar səsimizi,
Bir bayraq altında birləşdir bizi" misraları düşməmişdi dilindən.
Bir müddət sonra imtahan nəticələri elan olundu. Mədəniyyət Nazirliyi tərəfindən gələn mesajda "Abbaszadə Elgün Arif oğlu imtahandan 92 bal toplamısız" yazılmışdı. O gün bizim üçün bayram idi. Sevincimizin həddi-hüdudu yox idi. 100 ballıq sistemdə 92 bal toplamışdı oğlum. Xəbəri eşidən şəhid ailələri, müəllimlər, ətrafımda olan bütün insanlar sevincimizə şərik olurdular. Günlərlə telefonuma təbrik mesajları gəlir, hər kəs oğlumun istedadlı olduğunu vurğulayaraq, bu nəticədən də yüksək nailiyyət gözlədiklərini bildirirdilər. Məktəblərə yerləşdirmə zamanı onlayn sistemdə ödənişsiz təhsili seçmişdik. Çünki həm oğlumun topladığı bal ödənişsiz təhsil alması üçün kifayyət idi, həm də ödənişli təhsilə düşərsə təhsil haqqını heç cürə qarşılaya bilməzdik. Odur ki, seçimləri çox diqqətlə etmişdim. Hər kəs arxayın idi. Elgünümün istedadına bələd olanlar tam əmin idilər ki, mənim balam dövlət musiqi və incəsənət məktəbində ödənişsiz təhsil alacaq.
Hətta pianosunu da Qusarda yaşayan şəhidimizin anası verəcəkdi. Şəhidindən qalan əmanəti mənim övladımın təhsil ala bilməsi üçün bizə əmanət edəcəkdi.
6 sentyabr axşam saat 17:45 də Mədəniyyət Nazirliyi tərəfindən gələn mesajı oxuyarkən arzularımız param-parça olaraq, töküldü gözlərimizdən. Sınmış ümidlərin kəskin ucları ürəyimizin içini oydu. Göz yaşlarımız yanağımızdan cığır açdı.
Mesajda qeyd olunmuşdu ki, "Sizin övladınız ödənişli təhsil ala bilər" Ödənişli.... Axı necə?
Aylığı 150 m tələb olunan ödənişli təhsilin 5 aylıq ödənişi də öncədən edilməlidir. İlahi, mən övladıma necə izah edəcəm bunu?
Bu yaşda qarşılaşdığı haqsızlıq balaca ürəyində dövlətə qarşı olan inamını sarsıtmazmı?
Mən ona necə izah edəcəm ki, azad ölkədə yaşasaq da, dövlət məktəblərində təhsil ala bilmək üçün ödəniş etmək lazımdır.
Hər gün səhər yuxudan gözlərini açan kimi birinci sualı "məktəblər açıldımı? Ana, nə vaxt gedirik musiqi məktəbinə?" olan bir uşağa necə deyim ki, dövlətin yadına 18 yaşına çatanda düşəcəksən. Ödənişli təhsil alanları qorumaq üçün Vətən sərhədlərinə göndərəcəklər səni.
Bu gün səhər oğlum yenə soruşdu ki, musiqi məktəbinə nə zaman gedirik. Qəhər məni boğa-boğa, gözümdən yaş süzülə-süzülə izah etdim ki, musiqi məktəbinə gedə bilməyəcək.Dedi ki:
-Ana, axı mən 92 bal yığmışdım. Müəllimlər "afərin" demişdi....
Daha heç nə deyə bilmədim övladıma. Ruhun qidası olan musiqi, bu dəfə bizim qəlbimizin sızıltısına çevrildi.
Esmira Günəş
09.09.2025 - DİA-AZ 

Geri qayıt