Əsas Səhifə > Güney Press > Ət bahadır...

Ət bahadır...


Bu gün, 11:44

Son aylarda ətin qiymətlərində müşahidə olunan davamlı artım artıq hər kəsin gündəlik söhbət mövzusuna çevrilib.

Bazarlarda qiymətlər hər həftə bir qədər də qalxır, amma buna baxmayaraq, insanların ətə olan marağı və tələbatı azalmır.

Bu vəziyyət həm satıcıların, həm də alıcıların narazılığına səbəb olur.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Xalid Kərimli vurğulayıb ki, qiymətlərin stabilləşməsi üçün tələbatın aşağı düşməsi lazımdır:

“Qiymətlər getdikcə artır. Artan qiymətləri əhali qarşılaya bilir və ya əhalinin alıcılıq qabiliyyətinin artması artan qiymətləri əsaslandırır və yeni bazar tarazlıqları formalaşdırır. Qiymətlərin artmasının digər səbəbi saxlanılan heyvanların sayında kəskin azalmadır.

Əgər 2021-ci ilin yanvarı ilə müqayisədə 2025-ci ilin iyulunun rəqəmlərini götürsək, burada həm iribuynuzlu heyvanların sayında, həm də xırdabuynuzlu heyvanların sayında azalma var. Əgər 2021-ci ilin yanvarında ölkədə iribuynuzlu heyvanların sayı 2 milyon 651 min baş idisə, bu rəqəm 7,4 faiz azalaraq 2 milyon 454 min baş olub.

Əgər 2021-ci ilin yanvarında ölkədə saxlanılan xırdabuynuzlu heyvanların sayı 8 milyon 90 min baş idisə, 2025-ci ildə bu rəqəm 15 faiz azalaraq 6 milyon 887 min baş olub. Ölkədə saxlanılan heyvanların sayının kəskin azalması bazara çıxarılan məhsulun həcminə də təsir edir. Tələbat stabil artdığına görə bazara çıxarılan məhsulların qiyməti avtomatik bazar kon­yunkturası şəraitində bahalaşır. Bu da təbii ki, qiymətlərin tənzimlənməsində idxalda rol oynayır”.

İqtisadçının sözlərinə görə ötən illə müqayisədə bu ilin yanvar-may aylarında ölkəyə idxal edilən ətin həcmində 11 faizə qədər azalma olub:

“Əgər bu ilin beş ayında ölkəyə 19 min 936 ton ət idxal edilibsə, ötən il bu rəqəm 22 min 178 ton olmuşdur və ümumi gələn ətin tonnajında qiymət ucuzlaşması da müşahidə olunur. Bu, əsasən quş ətinin ucuzlaşması hesabınadır. Əgər ötən il ölkəyə idxal edilən ətin ortalama qiyməti (quş və mal əti daxil olmaqla) 2385 dollar idisə, bu rəqəm 2063 dollardır. İdxal olunan mal və quş ətinin strukturuna baxanda görünür ki, mal ətində daha kəskin eniş var. Mal ətinin idxal həcmi 20,1 faiz azalıb. Qiymətdə isə idxal olunan mal ətinin qiymətində bir qədər bahalaşma müşahidə olunur. İdxal olunan mal ətinin tonunun qiyməti 3827 dollar, yəni bir kiloqram təqribən 3,8 dollardan bir qədər yüksəkdir. İdxal olunan quş ətində də azalma müşahidə olunur”.

Xalid Kərimli onu da əlavə edib ki, ötən illə müqayisədə quş ətinin idxalında 8,3 faiz azalma olub.

“Lakin mal ətindən fərqli olaraq, idxal olunan quş ətinin qiymətlərində bir qədər ucuzlaşma var. Saxlanılan heyvanların sayının azalmasının davam etməsi, idxal rəqəmlərinin aşağı düşməsi, tələbatın isə stabil artımla müşahidə olunması bazarda qiymətlərin artmasına səbəb olur.

Burada əlavə etmək lazımdır ki, heyvandarlıqla məşğul olan şəxslərin xərcləri də artır. Pulun alıcılıq qüvvəsi də əvvəlki illərlə müqayisədə daha aşağı düşüb. İnflyasiya nəticəsində bütün bunlar ət bazarında qiymət artımının yaxın gələcəkdə də davam etməsinə səbəb olacaq”-deyə iqtisadçı fikirlərini yekunlaşdırıb.


Geri qayıt