Əsas Səhifə > Güney Press > “Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır”
“Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır”Bu gün, 15:00 |
“Təəssüf ki, bu gün erkən nikahlar Azərbaycanın bütün rayonlarında mövcuddur, istər Cənub bölgəsində, istərsə də digər ərazilərdə. Biz bu mövzunu ictimailəşdirərkən məhz Şamaxı rayonundan başladıq, çünki orada problem xüsusilə aktuallıq təşkil edirdi. Bununla əlaqədar olaraq bütün rayonlarda seminarlar təşkil edilməyə başlandı”. Bu fikirləri hüquq müdafiəçisi Novella Cəfəroğlu Gununsesi.info-ya açıqlamasında bildirib: “Daha sonra erkən nikahların qarşısını almaq məqsədilə qanun qəbul olundu. Onun hazırlanması və qəbulunda erkən nigaha göz yumanlar, polis, bələdiyyələr, icra hakimiyyətinin qadınlarla işləyən şöbəsi və dini qurumlar fəal iştirak edirdi. Nəticədə bu gün erkən ərə vermə hallarının sayı xeyli azalıb, çünki qanun çərçivəsində hər kəs məsuliyyət daşıyır. Belə hallar baş verərsə, qadın komitələri və digər müvafiq qurumlar birgə müdaxilə edir və nəticə əldə olunur. Əvvəllər isə ailələr məsələyə qarışır, qızı evdə saxlamaq və ya qaçırmaq hallarına yol verirdi. Qızın yaşı çatanda isə onu evləndirirdilər. Vaxtilə belə hallarda atalar deyirdilər: “Qız mənimdir, bu oğlana vermirəm” və hətta oğlanı həbsə göndərirdilər. Bu cür hallar rayonların kənd məktəblərində də müşahidə olunurdu. 3-cü sinifdən sonra bir neçə qız oxuyur, valideynlər isə onları tez ərə vermək istəyirdilər”. Novella Cəfəroğlu qeyd edib ki, erkən nikahların qarşısının alınması üçün qanun qəbul edilməli və hər bir qız məktəb attestatı almalıdır. “Bu, erkən nigahların qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir. İslamda, Quranda da qeyd olunur ki, təhsil yalnız insanı ucalara qaldırmaq üçündür. Bu prinsipi Qurandan götürərək əsas mesaj kimi təbliğ etmək vacibdir”-deyə o əlavə edib. Geri qayıt |