Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizi...

Zəngəzur dəhlizi...


Bu gün, 10:59

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brenden Hanrahan ilə görüş keçirib. Görüşdə 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlər əsasında görüləcək işlər, eləcə də ölkələrimiz arasında nəqliyyat, tranzit və başqa sahələr barədə fikir mübadiləsi aparılıb. Tərəflər Orta Dəhlizin potensialının artırılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Brendan Henrehen İrəvanda Ermənistanın baş nazirinin müavini Mger Qriqoryanla da görüşüb. O qeyd edib ki, ABŞ TRİPP (Tramp marşrutu) layihəsinin həyata keçirilməsi üçün Ermənistana 145 milyon dollar yardım ayırmaq niyyətindədir: "Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar verməyi planlaşdırırıq. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu təşəbbüsü və avqustun 8-də əldə olunmuş müvafiq razılaşmalar çərçivəsində maliyyənin ilk tranşıdır". Onun sözlərinə görə, vəsait ticarət, infrastruktur, kritik mineral ehtiyatların tədarük zəncirləri və transsərhəd təhlükəsizliyin təmin edilməsinə investisiyaların dəstəklənməsi üçün istifadə olunacaq. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da deyib ki, Azərbaycanla kommunikasiyaların açılması Ermənistanın iqtisadi inkişafına təkan verəcək. Nazir “Tramp yolu” layihəsi (Zəngəzur dəhlizi) ilə bağlı bildirib ki, yaxın günlərdə Ermənistana müxtəlif nümayəndə heyətlərinin səfəri gözlənilir. Söhbət ABŞ ilə yanaşı, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ankaranın xüsusi nümayəndəsi Sərdar Kılıçın Ermənistana səfərindən gedir: "Əslində, praktiki mərhələdəyik. Mehri və Qafan (Qərbi Zəngəzur - red.) sakinləri hər gün dağların dağıdıldığını, yeni yolun çəkildiyini görürlər". Papoyan əlavə edib ki, amerikalılar da gələrək durumla tanış olacaq, yerdə hesablamalar aparacaq: "Bununla praktiki mərhələyə qədəm qoyacağıq, nəticədə Ermənistan qlobal nəqliyyat qovşağına çevriləcək". Nazir vurğulayıb ki, yolların açılması Ermənistanın “iqtisadi ciyərlər”ini də açacaq: "Ermənistan təkcə dənizə çıxışı olmayan ölkə deyil, həm də mövcud quru sərhədlərinin 75 faizi bağlıdır".
Politoloq İlyas Hüseynov Sherg.az-a bildirib ki, Azərbaycan Orta Dəhlizin ən önəmli seqmentlərindən birinə çeviriləcək Zəngəzur dəhlizinin reallaşması üçün çox mühüm addımlar atıb. Ekspert vurğulayıb ki, Ələt Azad İqtisadi Zonasının tiktintisindən tutmuş Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun və Horadiz-Ağbənd dəmir yol xəttinin çəkilməsi, Naxçıvanda genişmiqayslı infrastruktur layihələrinin həyata keçirilməsi məhz Zəngəzur dəhlizinin səmərəliliyinin artırılmasına hesablanıb:
"Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin imzaladığı mühüm sənəd nəticəsində reallığa çevrilən dəhlizin-TRIPP maşrutunun fəaliyyətə başlaması tarixi hadisədir. Hesab edirəm ki, ABŞ prezidenti Donald Trampın şahidliyi ilə açılması razılaşdırılan Zəngəzur dəhlizi gələcəkdə ölkəmizin iqtisadiyyatına, xalqımızın rifahının yüksəldilməsinə töhfələr verəcək. Ümumilikdə bu dəhliz Cənubi Qafqazda təhlükəsizlik arxekturasının daha da davamlı olmasına xidmət edəcək. Eyni zamanda, ABŞ-nin dəhlizin təhlükəsizliyə zəmanət və dəstək verməsi də çox vacib amildir. Bu baxımdan da dayanıqlı, sürətli və etibarlı nəqliyyat axınları ölkəmizin ərazisindən təhlükəsiz şəkildə keçəcək".
Ekspertin sözlərinə görə, prezident Tramp üçün hakimiyyəti başa çatanadək bütün məqsədlərə çatmaq önəmlidir, proseslərin sürətləndirilməsində bu amil də rol oynayır:
 
Tramp birinci dəfəki prezidentliyinin bitməsinə yaxın başladığı bütün layihələri ikinci prezidentliyi dövründə reallaşdırıb təhvil verməyə çalışır. Hesab edirəm ki, bu dövrdə Zəngəzur dəhlizinin də istifadəyə verilməsi mümkün ola bilər. ABŞ üçün qeyd olunan proseslər arzuolunmaz hesab olunur. Əslində Azərbaycan üçün də yubadılma arzuedilməzdir. Baxmayaraq ki, Ermənistan ərazisində ABŞ-nin şirkəti dəhlizin tikinti və təhlükəsizliyi işlərini icra edəcək, lakin Azərbaycanla da məsləhətləşmələr həyata keçirilir. Çünki Zəngəzur dəhlizi Orta dəhlizin önəmli seqmentidir. Burada ticarət yolları, bağlantıları üzərində böyük geosiyasi savaş getdiyini görürük. Azərbaycan burada həm də tranzit dövlətə çevrilir".

Geri qayıt